Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor
Bu gün bizim hər birimiz üçün doğma olan Azərbaycan Dövlət İqtisad Universitetinin 85 yaşı tamam olur. Bu şərəfli illərin səhifələrinin yazılmasında bu və ya digər dərəcədə rolu, əməyi olan hər birimizin bayramıdır.
İllərin sınağından keçən universitetimiz bu gün Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsidir. İqtisad elmi sahəsində intellektual kadrların, zəngin bilik mənbələrinin, tədris təcrübəsinin cəmləşdiyi təhsil ocağıdır. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. İqtisad Universitetində Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlar çalışır. Ölkəmizdəki iqtisadçı alimlərin böyük hissəsi məhz bu universitetdə fəaliyyət göstərir. Biz həyatının böyük hissəsini Azərbaycan Dövlət İqtisad Universitetinə həsr edən və universitetin bu səviyyəyə çatmasında böyük rolu olan iqtisadçılarımız, qocaman professorlarımızla fəxr edirik.
Təhsilin güzgüsü müəllimlərdir. Tədrisin keyfiyyəti müəllimin keyfiyyətinə bağlıdır. Ona görə də UNEC-də müəllim potensialının artırılması universitetin strateji hədəfidir. Bunu nəzərə alaraq UNEC-də mövcud müəllim potensialının reallaşdırılmasının maksimallaşdırılması, eləcə də təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Ali məktəbimizdə “Gənc müəllimlər” layihəsinə start verilib. Son iki ildə 147 gənc müəllim universitetimizə cəlb olunub. Eləcə də “Gənc professorlar” layihəsini reallaşdırırıq. Keçən il 6, bu il isə 2 gənc fəlsəfə doktoru bu layihəyə daxil edilib. Əldə etdiyimiz razılaşmaya görə, təcrübəli müəllimlərimizdən 15 nəfəri qış tətilində Türkiyənin müxtəlif universitetlərində təcrübə mübadiləsi keçəcək. Həmçinin 30 müəllimimizə qış tətilində Harvard Universitetinin professoru, eləcə də 100 müəllimimizə Abu Dabinin Paris-Sorbona Universitetinin professorları təlim keçəcək.
Son iki ildə universitetimizdə əməkhaqqı 3 mərhələdə artırılıb və ali təhsil müəssisələri arasında universitetimizin pedaqoji heyətinin orta əməkhaqqı ən yüksək göstəriciyə malikdir. Təbii ki, bu son hədd deyil. Əməkdaşların maaşlarının artırılması istiqamətində də işlər gedir.
Qeyd edim ki, artıq UNEC-in intellektual məhsulu olan diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu sistem universitetlər arasında ilk dəfədir ki, tətbiq olunur. Əməkhaqlarına diferensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən müəllimlərin əməkhaqlarına əlavələr olunacaq. Əlavələr mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulub.
UNEC-də elektron universitet modelini reallaşdırırıq. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr müəllimlərin tədris materiallarına çıxış imkanı əldə edəcəklər. Yeni tədris ilindən əcnəbi tələbələrin yenidən hazırlıq və ali təhsil üzrə qəbulu da elektron formada həyata keçirilib.
UNEC Fransanın ən nüfuzlu tarixi universiteti olan Monpelye Universiteti ilə ikili diploma dair razılıq əldə edib. Yaxın vaxtlarda müqavilənin imzalanması tamamlanacaq. Həmçinin Azərbaycan təhsilinin xaricə inteqrasiya edilməsi istiqamətində nailiyyətlər əldə etmişik. MDB məkanında ilk dəfə olaraq məhz UNEC-ə Rusiya Federasiyasının ərazisində təhsil xidmətlərinin göstərilməsi hüququ verilib. Cari ilin noyabr ayından etibarən RF-nin Təhsil və Elm Nazirliyi tərəfindən UNEC-in Dərbənd filialına lisenziya verilib.
Azərbaycan tarixində ilk dəfə olaraq, universitimiz Avropa İttifaqına üzv ölkədə – Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr hazırlığını həyata keçirir və birlikdə magistr hazırlığı proqramını reallaşdırmağa başlayıb.
“Azərbaycan müəllimi” qəzeti