Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.
Ali təhsilin hər iki səviyyəsində (bakalavr/magistratura) əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistr dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit, magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla, hər semestrdə cəmi 10 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda 30-dan artıq kreditə görə təhsil haqqının ödənilməsi müfaviq qaydalara uyğun olaraq həyata keçirilir.
*
*
Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə, ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.
Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu yaranır. Akademik borcu yaranan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri tədrisin təşkili haqqında qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.