Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri Prof. Dr. Muhittin Şimşek, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Rektor Ədalət Muradov Türkiyənin Ahmet Yesevi Universiteti tərəfindən hazırlanmış kitabın təqdimatının Qarabağın suverenliyinin bərpa olunduğu, eləcə də Türk Dünyası üçün mühüm əhəmiyyət kəsb edən layihələrin əsasının qoyulduğu vaxta təsadüf etdiyindən qürur duyduğunu bildirib. Ensiklopedik lüğətdə Türk dünyasının 14700-ə yaxın şair və yazıçısı haqda məlumatların təqdim olunduğunu, 20 cilddən ibarət olan lüğətin ərsəyə gəlməsində 1500 tədqiqatçı-alimin iştirak etdiyini diqqətə çatdırıb. Ədalət Muradov Türk dünyasının mədəni əlaqələrinin inkişafında kitabın böyük töhfə olacağını deyib.
Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri, layihənin rəhbəri Prof. Dr. Muhittin Şimşek 1932-ci il 26 sentyabrda Türkiyədə ilk dəfə Türk Dil Qurultayının keçirildiyini diqqətə çatdıraraq, təqdimatın məhz həmin gündə keçirilməsinin qürurverici olduğunu deyib. Professor çıxışını qurultayın açılışında Mustafa Kamal Atatürkün “Türk dili ən zəngin dillərdən biridir, yetər ki, bu dil şüurla işlənsin” ifadəsi ilə davam edib.
Türk mədəniyyətinin nəsildən-nəslə ötürülməsində kitabların önəminə diqqət çəkən M.Şimşek kitabda türk ədəbiyyatının XIII-XXI əsrlərdə yazıb-yaratmış şair və yazarları haqqında 15 min məqalənin yer aldığını deyib. Türkiyəli professor çıxışını Türk dünyasının mədəni dəyərlərindən bəhs edən maraqlı fikirləri ilə davam edib.
Tədbirdə iştirak edən millət vəkilləri Fazil Mustafa, Fatma Yıldırım, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov kitabın əhəmiyyətindən söz açıblar. Qonaqlar xalqların inkişafında mədəniyyətin böyük roluna diqqət çəkərək, Türk dünyası ilə əməkdaşlığın bütün sahələrdə olduğu kimi, ədəbiyyata da bağlılığının vacibliyini vurğulayıblar. Azərbaycanda kitaba, dilə qayıdışın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən natiqlər, bu ənənənin hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyini bildiriblər. Ensiklopedik lüğətin türk dilinin zənginliyinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
*
https://news.unec.edu.az/xeber/100-elm/10573-kitab