Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ailəsi birlikdə Bakı şəhərinə köçüb.
2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb və yüksək göstəricilərlə universitetdən məzun olub.
Sərhəd qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qulluq edib. Ordu hissəsində zabit kimi xidmət edib, baş leytenant rütbəsinə qədər yüksəlib. II Qarabağ müharibəsi başlayanda doğulduğu Füzuli rayonunun Gecəgözlü kəndinə yollanıb. Teymur Məcidzadə ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi biliklərini inamla tətbiq etməsi nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyini tutmasına nail olub.
2020-ci il 9 noyabrda Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
III Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.