Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, təhsil millətin gələcəyidir və bu gələcək yalnız savadlı, intellektual və vətənpərvər gənclərin yetişdirilməsi ilə təmin oluna bilər. Onun “Təhsil hər bir dövlətin, hər bir millətin həyatının, fəaliyyətinin vacib sahəsidir” fikri, bu sahəyə verilən strateji əhəmiyyətin bariz göstəricisidir.
Heydər Əliyevin rəhbərliyi altında formalaşan təhsil siyasəti yalnız texniki və inzibati tədbirlərdən ibarət deyildi. Bu siyasət dərin düşünülmüş, milli dəyərlərlə beynəlxalq təcrübəni sintez edən və uzunmüddətli inkişaf perspektivlərinə hesablanmış kompleks bir strateji baxışdan ibarət idi. Onun fikrincə, təhsil milli dövlətin inkişafını təmin edən başlıca təməl sütunlardan biridir. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, xalqın rifahı, dövlətin gücü və millətin gələcəyi savadlı və bilikli vətəndaşlardan asılıdır. XX əsrin sonlarında dünyada baş verən sürətli elmi-texniki inqilab şəraitində Heydər Əliyev Azərbaycanın təhsil sisteminin bu çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayırdı. Bu məqsədlə təhsilin məzmunu yenilənmiş, təhsildə müasir informasiya texnologiyalarından istifadə genişləndirilmiş və bu, gənclərin müasir tələblərə cavab verən peşə və bacarıqlara yiyələnməsinə yönəlmişdi.
Ulu Öndərin təhsil strategiyası və islahatları iki əsas dövrü əhatə edir. Birinci dövr onun sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illər, ikinci dövr isə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi 1993-2003-cü illərdir. Hər iki dövrün özünəməxsus xüsusiyyətləri və çətinlikləri olsa da, onun təhsilə verdiyi önəm dəyişməz qalmışdır.
Sovet dövründə (1969-1982) Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə təhsili əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. Onun təşəbbüsü ilə:
* Respublika üzrə yüzlərlə yeni məktəb binası inşa edildi, mövcud məktəblər əsaslı təmir olundu. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
* Ali və orta ixtisas təhsili sistemində yeni ixtisaslar yaradıldı, kadr hazırlığı genişləndirildi. Həmin illər ərzində 5 yeni ali təhsil müəssisəsi yaradıldı və ali təhsil alanların sayı 70000 nəfərdən 100000 nəfərə çatdırıldı.
* Azərbaycan gənclərinin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi üçün xüsusi kvotalar ayrıldı. Həmin illərdə SSRİ-nin ən nüfuzlu ali məktəblərində respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15000 nəfər ali təhsil alırdı. Qeyd etmək lazımdır ki, məhz həmin mütəxəssislər ölkəmizdə 3-cü sənaye inqilabında müstəsna rol oynadılar.
* İqtisadiyyatın müxtəlif sahələri üçün yüksəkixtisaslı kadr hazırlığı gücləndirildi, peşə təhsili inkişaf etdirildi. Sənaye cəmiyyətinin təşəkkül tapdığı həmin illərdə peşə təhsilinin inkişafı olduqca vacib idi. Azərbaycanda 1970-ci ilə qədər 76 texniki peşə məktəbi fəaliyyət göstərirdisə, 1982-ci ildə bu rəqəm 184 oldu. 1970-1980-ci illərdə texniki peşə məktəblərində təhsil alanların sayı 2,3 dəfədən çox artdı. Bu illər 5276 yerlik texniki peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik laboratoriya – təcrübə kursları, 194 tədris-istehsalat emalatxanası, 786 tədris kabineti, 22 təlim təsərrüfatı yaradıldı.
Təhsilin keyfiyyətində coğrafi faktor, demək olar ki, aradan qaldırıldı. Ən ucqar dağ kəndinin məzunları şəhər məktəblərinin məzunlarından bilik səviyyələrinə görə çox fərqlənmirdilər. Sovetlər vaxtı digər sahələr kimi, təhsil də vahid qanunvericilik bazasına malik idi. Buna baxmayaraq, Azərbaycan dilində təhsilin miqyasının genişlənməsi, milli kadr hazırlığı məhz Ulu Öndərin sayəsində baş vermişdi. Onun Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi isə doğma dilimizə yeni nəfəs vermişdi. Ulu Öndər Azərbaycan dili ilə yanaşı, milli dəyərləri ilk dəfə təsbit edərək iqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapıları Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə açıldı, azərbaycançılıq məfkurəsi dirçəlməyə başladı. Bu dövrdə həmçinin həyata keçirilən tədbirlər nəticəsində təhsil sistemi daha planlı və strukturlaşdırılmış xarakter aldı. Ali təhsilə maraq artdı, müəllim peşəsi nüfuz qazandı.
Heydər Əliyevin insan kapitalının inkişafına xüsusi diqqəti hakimiyyətə qayıdışı dövründə də əsas prioritetə çevrildi. 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycan ağır iqtisadi, sosial və siyasi böhran içində idi. Təhsil sahəsi də bu böhrandan ciddi zərər görmüşdü. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə təhsilin dirçəlişi üçün ardıcıl tədbirlər həyata keçirildi. Bu dövrdə təhsil sistemi müstəqil dövlətin tələblərinə uyğun yenidən qurulmağa başlandı, Azərbaycan dilində təhsilin bütün pillələrdə tətbiqi genişləndirildi, milli kurikulum və dərslik islahatlarına başlanıldı, beynəlxalq təhsil layihələri ilə əməkdaşlıq genişləndirildi, təhsil müəssisələrinin maddi-texniki bazasının bərpasına və yenilənməsinə dövlət səviyyəsində dəstək verildi, müəllimlərin sosial statusunun və əməkhaqlarının tədricən yaxşılaşdırılmasına yönəlik tədbirlər görüldü. Heydər Əliyevin rəhbərliyi dövründə təhsil sahəsində həyata keçirilən islahatlar yalnız konseptual yanaşmalarla məhdudlaşmırdı. Onun təhsil strategiyası konkret və praktik tədbirlərlə müşayiət olunur, ölkə miqyasında real nəticələr verirdi.
Təhsil sisteminin keyfiyyəti müəllimlərin savad və hazırlıq səviyyəsindən birbaşa asılıdır. Heydər Əliyev müəllim peşəsinin nüfuzunun artırılmasına və onların peşəkar inkişafına ciddi önəm verirdi. Müəllimlərin ixtisasartırma kursları genişləndirildi, pedaqoji universitet və kolleclərə qəbul planları təkmilləşdirildi, gənc müəllimlərin bölgələrə göndərilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradıldı, tədris proqramları yenilənərək müasir tələblərə uyğunlaşdırıldı.
Heydər Əliyev Azərbaycanın beynəlxalq inteqrasiyasına təhsil vasitəsilə töhfə vermək üçün gənclərin xarici ölkələrdə təhsil almasını təşviq edirdi. Bu məqsədlə gənclərin xarici ölkələrdə ali təhsil alması üçün imkanlar yaradıldı, diplomların tanınması və qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar imzalandı, xaricdə təhsil almış gənclərin ölkəyə qayıdaraq inkişaf prosesinə töhfə vermələri üçün müvafiq mühit formalaşdırıldı. Müstəqillik dövründə Ulu Öndər həmçinin təhsilin inkişafı üçün beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdi, təhsildə gender bərabərliyi və inklüzivlik təşviq edildi, Avropa İttifaqı ilə təhsil proqramlarının uyğunlaşdırılması istiqamətində addımlar atıldı.
Heydər Əliyevin təhsil strategiyasının ən mühüm tərkib hissələrindən biri bu sahənin hüquqi və normativ əsaslarının yaradılması olmuşdur. Müstəqil dövlətin təhsil sisteminin idarə olunması, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və şəffaf mexanizmlərlə təmin edilməsi üçün güclü hüquqi baza vacib idi. Bu baxımdan 1993-2003-cü illər arasında təhsil sahəsində mühüm qanunvericilik və normativ sənədlər hazırlanaraq qəbul edildi. Həmin sənədlər təhsilin məqsəd və prinsiplərini müəyyənləşdirdi, təhsil pillələrinin və formalarının təsnifatını verdi, təhsil müəssisələrinin statusu, idarə olunması və maliyyələşməsi ilə bağlı müddəaları tənzimlədi, müəllimlərin hüquqları, vəzifələri və sosial təminatı ilə bağlı əsas prinsipləri formalaşdırdı.
Eyni zamanda təhsildə dövlət və özəl sektorun rolu, valideyn hüquqları, şagirdlərin və tələbələrin sosial müdafiəsi kimi vacib məsələlərə də aydınlıq gətirildi. Təhsil sahəsində sistemli islahatların həyata keçirilməsi üçün yalnız qanunvericilik kifayət etmirdi. Bu səbəbdən Heydər Əliyev dövründə bir sıra strateji sənədlər və dövlət proqramları hazırlanaraq icraya yönəldildi. Bunlardan ən mühümü kimi Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qeyd edilməlidir. Bu Strategiyada təhsilin məzmunu, idarəetməsi və keyfiyyətinin artırılması əsas hədəflər kimi göstərilmişdi. İnformasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, İKT infrastrukturu yaradılmış, təhsil müəssisələrinin kompüterləşmə prosesinə başlanılmışdı.
Bütövlükdə təhsil sistemi ilə yanaşı, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın yaradılması da Heydər Əliyev dövrünün mühüm addımlarındandır. Bu müddətdə ali məktəblərə muxtariyyət verilməsi mexanizmləri formalaşdırıldı, yeni ixtisaslar təsdiqləndi və təhsil proqramları təkmilləşdirildi, diplomların beynəlxalq tanınması üçün normativ-hüquqi baza yaradıldı. Bütün bu tədbirlər nəticəsində təhsil sistemi hüquqi və institusional baxımdan müstəqil dövlətin tələblərinə uyğun formalaşmağa başladı.
Ümumiyyətlə, təhsilin cəmiyyətin tərəqqisi üçün əsas amil olduğunu dəfələrlə vurğulayan Ümummilli Lider bu sahənin inkişafını Azərbaycanın gələcəyi ilə birbaşa əlaqələndirirdi. Ulu Öndər təhsili sadəcə mədəniyyət və sosial rifah məsələsi kimi deyil, həm də milli təhlükəsizlik və dövlətin sabit inkişafı üçün əsas amil kimi qiymətləndirirdi. Onun fikrincə, yalnız savadlı və vətənpərvər vətəndaşlar dövlətin müstəqilliyini qoruyub inkişaf etdirə bilərlər. Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan dövlətinin gələcəyini ancaq yüksək təhsilli gənclərlə təmin edə bilərik.” Bu yanaşma təhsil sisteminin formalaşdırılmasında strateji və vətənpərvərlik prinsiplərinin birləşdirilməsini şərtləndirmişdi”.
Heydər Əliyevin nitqlərində gənclərə dair xüsusi vurğular vardı. O hesab edirdi ki, təhsilli gənclər həm ölkənin daxili inkişafına, həm də beynəlxalq arenadakı nüfuzuna töhfə verə bilərlər: “Gənclərin intellektual səviyyəsi nə qədər yüksək olsa, Azərbaycanın gələcəyi bir o qədər parlaq olacaqdır”. O həmçinin daim təhsilin keyfiyyəti, müəllim əməyinin dəyəri və gənclərin elmə marağının artırılması məsələlərini gündəmə gətirirdi.
Heydər Əliyev müəllim peşəsini cəmiyyətin ən şərəfli və məsuliyyətli peşələrindən biri kimi qiymətləndirirdi. Deyirdi: “Müəllim – cəmiyyətin mənəvi dayağıdır. Gənc nəslin formalaşmasında müəllimin rolu əvəzsizdir”. Bu fikirlər Ulu Öndərin dövründə müəllimlərin sosial statusunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin ideoloji əsasını təşkil edirdi.
Ümummilli Lider ana dilində təhsilin qorunub saxlanmasını və inkişaf etdirilməsini milli ideologiyanın əsas tərkib hissəsi kimi qiymətləndirirdi. O, ana dilində təhsil alan gənclərin həm milli kimliyini, həm də vətənpərvərlik ruhunu qoruyacağını vurğulayırdı: “Azərbaycan dili bizim milli varlığımızdır. Təhsil də bu dil üzərində qurulmalıdır”. Bu fikirlər müstəqil Azərbaycan Respublikasında təhsilin milli əsaslara söykənərək inkişafına yönəlik strateji kursun ideoloji dayaqlarını müəyyən etmişdir.
Beləliklə, Heydər Əliyev üçün ali təhsil yalnız akademik biliklərin verilməsi sahəsi deyildi. Ulu Öndər ali təhsili ölkənin intellektual potensialının formalaşdığı və gələcək nəsillərin təhsil və inkişafına xidmət edən mühüm bir amil kimi qiymətləndirirdi. Bu səbəbdən onun rəhbərliyi altında ali təhsil, millətin inkişafı və müstəqilliyinin qorunması üçün kritik bir sahə kimi qəbul edilmişdir.
Ulu Öndər ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini gücləndirməyi, Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq aləmdə tanınmasını vacib hesab edirdi. Bu məqsədlə müxtəlif beynəlxalq təhsil proqramlarında iştirak etmiş, Azərbaycanın ali təhsil müəssisələrinin xarici ölkələrlə mübadilə və təcrübə mübadiləsi həyata keçirməsini dəstəkləmişdir. Heydər Əliyev eyni zamanda ali təhsilin keyfiyyətinin yalnız tədris proqramlarının müasirliyinə bağlı olmadığını, həm də təhsil müəssisələrinin əsas dayağı olan müəllimlərin peşəkar hazırlığının vacib olduğunu vurğulamışdır. Bu məqsədlə müəllimlərin ixtisasartırma kursları təşkil olunmuş və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin sosial təminatları yaxşılaşdırılmışdır.
Ulu Öndər universitetləri necə görmək istəyirdi? Onun universitetlərə baxışı çoxşaxəli və strateji idi. Qeyd edilənləri nəzərə alaraq Ulu Öndərin universitetə strateji baxışını belə ümumiləşdirmək olar:
Heydər Əliyevin universitetlərə dair tövsiyələri təkcə nəyi etmək lazım olduğu ilə məhdudlaşmırdı. O, eyni zamanda universitetlərin hansı yanlış yollara düşməməsi, hansı prinsiplərdən yayınmaması barədə də aydın mövqe sərgiləyirdi. Onun çıxışlarında və təhsil siyasətində dolayı və ya birbaşa şəkildə “etməmək” tövsiyələri də öz əksini tapır:
Heydər Əliyev bu sahədə elə bir strategiya formalaşdırdı ki, bu gün də Azərbaycanın təhsil siyasətində həmin strategiyanın prinsipləri əsas rol oynayır. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən təhsil islahatları, texnoloji modernləşmə, müəllimlərin peşəkarlığının artırılması və beynəlxalq əməkdaşlıq xətti də məhz Ümummilli Liderin təməlini qoyduğu istiqamətlər üzərində qurulmuşdur. Təhsildə keyfiyyətin yüksəldilməsi, gənclərin inkişafına yönəlik dövlət proqramlarının həyata keçirilməsi və regionlarda təhsilin əlçatanlığının artırılması bu siyasətin davamıdır.
Beləliklə, Heydər Əliyevin təməlini qoyduğu təhsil strategiyası yalnız onun dövrü ilə məhdudlaşmayıb, bu gün də Azərbaycanın təhsil siyasətinin əsasını təşkil edir. Ulu Öndərin irsini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən ardıcıl islahatlar, dövlət proqramları və institusional dəyişikliklər vasitəsilə aydın şəkildə izləmək mümkündür. Əsas addımlar kimi minlərlə yeni məktəb binasının tikilməsi və təmir olunması, müasir tədris avadanlıqları və texnologiyalarla təchizat, kurikulum islahatlarının həyata keçirilməsi, elektron təhsil platformalarının tətbiqi, təhsil sistemində şəffaflığın artırılması və beynəlxalq qiymətləndirmələrə qoşulma qeyd edilməlidir. Bu islahatlar Heydər Əliyevin ideyalarının müasir tələblərə uyğun şəkildə reallaşmasının göstəricisidir.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi də məhz Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə əsaslanır: keyfiyyətli və inklüziv təhsil, müasir təlim metodlarının tətbiqi, müəllim hazırlığının təkmilləşdirilməsi, təhsilin idarə olunmasında şəffaflıq və hesabatlılıq, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması. Bu strategiya həmçinin əmək bazarının tələblərinə cavab verən peşə və ali təhsilin inkişafını da hədəf götürür. Əminəm ki, Ulu Öndərin təhsilə strateji baxışının bundan sonra da reallaşdırılması üçün atılacaq addımlar ölkəmizdə təhsilin inkişafına ən böyük zəmanətdir.
Ədalət MURADOV,
UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor