Sentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan UNEC magistrı Semra Nusalla görüşüb. S.Qəndilova UNEC rektoru, professor Ədalət Muradovun adından magistrı təbrik edib.
Görüşdə iştirak edən UNEC-in Beynəlxalq əlaqələr departamentinin direktoru Anar Kazımov bildirib ki, Türk Dünyası İşlətmə Fakultəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı Semra Nusal alman dilində hazırladığı “Dayanıqlı turizmin dayanıqlı rəqabət baxımından dəyərləndirilməsi” mövzusunda çıxışı ilə Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanaraq, Azad Berlin Universitetində (Freie Universität Berlin) elmi tədqiqat aparmaq hüququnu qazanıb. Bu müddət ərzində o, həm praktiki biliklərini genişləndirəcək, həm də alman dilini inkişaf etdirəcək. Təqaüd proqramına ABŞ, Böyük Britaniya, Fransa və postsovet ölkələrindən müraciət edən namizədlərdən yalniz 15 nəfərin qalib gəldiyini bildirən A.Kazımov UNEC magistrının bu uğurunu müsbət qiymətləndirib.
S.Qəndilova Semranın seçdiyi mövzunu yüksək dəyərləndirərək, turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən olduğunu bildirib. Buna görə də Azərbaycanda bu sahədə təcrübəli kadrlara ehtiyac duyulur. UNEC magistrinın tədqiqat apardığı müddət ərzində Almaniyanın elmi fəaliyyət üsulları ilə yaxından tanış olması, Almaniyanın Nümayəndələr Palatası və Azad Berlin Universitetinin professor və elmi-işçi heyətilə birgə dəyərli elmi təcrübələrə yiyələnməsini gələcəkdə yüksək ixtisaslı kadr kimi Vətənə dönməsinin üstünlüklərindən danışıb. Magistra öz tövsiyələrini verən prorektor ona uğurlar arzulayıb.