“İxrac assosiasiyaları ilk olaraq xarici bazarların tədqiqatının aparılması ilə məşğul olacaq”
Müslüm İbrahimov: “Xarici ölkələrdə iqtisadi vəziyyət normaldırsa, ixracat artıq olacaq və ixracatın strukturunda Azərbaycan məhsulu da iştirak edəcək”
Azərbaycanda ixrac assosiasiyaları yaradılacaq. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin xarici bazarlara çıxış üçün maliyyə, texniki və insan resursları, eləcə də bu sahədə bacarıqları iri şirkətlərə nisbətən daha məhdud olur. Bu çatışmazlığın aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Belə ki, xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasının təşviqi ilə əlaqədar mexanizmlər formalaşdırılıb. Hazırda Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülməkdədir.
“Yol Xəritəsi”ndə bildirilir ki, 2017-2020-ci illərdə ixrac assosiasiyalarının yaradılması üçün KOS subyektlərinin daha çox təmsil olunduğu sektorlar pilot kimi seçiləcək. Müəyyən edilmiş sektorlarda potensial ixrac bazarları və KOS subyektlərinin həmin bazarlarda rəqabət imkanları təhlil ediləcək, KOS subyektlərinin ixrac potensialı qiymətləndiriləcək.
Assosiasiyaların əsas fəaliyyəti ayrı-ayrı sektorların ehtiyaclarından asılı olaraq dəyişəcək. Bu fəaliyyətə KOS subyektləri arasında bir sıra ixracyönümlü əməkdaşlıq, o cümlədən seminar, təlim və kursların təşkili yolu ilə biliklərin artırılması, beynəlxalq ticarətin təşviqi, satış və alış missiyaları, ixrac məhsullarının qeydiyyatı, reklam fəaliyyətləri və brendin yaradılması, yerli və beynəlxalq tədbir və sərgilərdə iştirak, marketlər və anbarlar, hədəf bazarlar və bu bazarlarda mövcud qanunvericilik haqqında bazar araşdırmaları, layihə əsasında tədqiqat və inkişaf dəstəyi, mərkəzləşdirilmiş məlumat bazasının idarə olunması və s. daxildir.
Davamlı maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək məqsədilə assosiasiyalar vasitəsilə satılan ixrac məhsullarının müəyyən faizinin xidmət haqqı kimi ödənilməsi imkanları nəzərdən keçiriləcək. Ayrı-ayrı təşviq layihələrini ixrac assosiasiyaları bilavasitə idarə edəcək. Assosiasiyaların fəaliyyətini, mövcud çətinlikləri və müvafiq təkmilləşdirmə imkanlarını müzakirə etmək üçün ixrac assosiasiyalarının, KOS agentliyinin, AZPROMO-nun və digər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə illik iclaslar təşkil ediləcək.
Azərbaycanda ixrac assosiasiyalarının yaradılması barədə fikir bildirən iqtisad elmləri doktoru Müslüm İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ilk olaraq xarici bazarların tədqiqatının aparılması nəzərdə tutulur: “Azərbaycan məhsullarının xarici bazarda satış imkanları, alıcılıq qabiliyyətinin qiymətləndirilməsi dəyərləndiriləcək. Həmçinin, xarici ölkələrdə mövcud olan nümayəndəliklərlə əlaqə saxlanıb orada olan şirkətlər haqqında məlumatlar toplanmalıdır. Xarici ölkələrdə sərgilər təşkil olunması da nəzərdə tutulur. Orta və kiçik sahibkarlara ixrac məhsulların istehsalı üçün həm parametrlər, həm də standartlar müəyyənləşdirilməli, daha sonra isə ixrac subsidiyalarının ödənməsi istiqamətləri nəzərdə tutulmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ixrac assosiasiyalarının yaradılması logistika məsələlərinin həll olunmasını da nəzərdə tutur.
İqtisadçının sözlərinə görə, xarici bazarda hansı Azərbaycan məhsullarına tələbatın olacağı müəyyən olunmalıdır. Müəyyən olunan məhsullar qablaşdırılaraq “Made in Azerbaijan” adı ilə xarici bazarlara çıxarılmalıdır. Azərbaycan məhsullarının brendləşdirilməsi asan məsələ deyil: “Məhsulların patentləşdirilməsi, lisenziyalaşdırılması və onların dünyaya tanıdılması üçün reklam xarakterli işlər görülməlidir.
Azərbaycan istehsalı olan məhsulların xarici bazarda tanıdılması istiqamətində bu günə kimi fərdi sahibkarlıqla məşğul olanlar müəyyən işlər görüb. Ancaq artıq sistemləşdirilmiş formada yerli məhsullar Azərbaycan brendi olaraq dünyaya tanıdılacaq”.
Həmsöhbətimiz onu da bildirdi ki, ixrac daha çox xarici alıcıdan asılıdır. Xarici ölkələrdə iqtisadi vəziyyət normaldırsa, ixracat artıq olacaq və ixracatın strukturunda Azərbaycan məhsulu da iştirak edəcək.
Günel CƏLİLOVA