Aprelin 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Kommersiya fakültəsində türk tələbələrin və Türkiyənin Ortadoğu Texnik Universitetinin və Böyük Britaniya “Essex” Universitetinin məzunu Tural Əmirovun iştirakı ilə Çanaqqala zəfərinə hərs olunan “Çanaqqala zəfəri – 100” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Mirağa Əhmədov öz çıxışında 1915-ci il hadisələrini şərh edərək bildirib ki, Çanaqqala zəfəri təkcə Osmanlı dövlətinin deyil, bütün Türk dünyasının qələbəsi idi. Bugünki güclü, dünyada söz sahibi olan Türkiyə Cümhuriyyətinin mövcudluğunun əsası məhz Çanaqqala zəfərindən sonra qoyulub.
ADİU-nun “Azərbaycan tarixi” kafedrasının professoru Abbas Seyidov Birinci Dünya müharibəsinin başlanma səbəbləri, Osmanlı dövləti ərazisində gedən döyüşlər və Çanaqqala zəfəri haqqında geniş məlumat verib.
T.Əmirov Çanaqqala zəfərində azərbaycanlıların da türkiyəli qardaşları ilə birlikdə döyüşlərindən və bu dostluğun iki dövlət arasında bu gün daha da möhkəmlənməsindən danışıb.
Sonra türk tələbələr çıxış edərək Çanaqqala zəfəri ilə bağlı öz fikirlərini bölüşüblər.