Aprelin 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan növbəti tədbir keçirilib.Tədbir Biznes İnzibatçılığı fakültəsində baş tutub.
Azərbaycan dili kafedrasının dosenti Aynur Qədimalıyeva Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı – “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü olduğunu vurğulayıb. Bildirib ki, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının ildönümü ilə əlaqədar ilboyu təbliğatının aparılması məqsədilə ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dastanın elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün istər ölkə daxilində, istərsə də dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir.
Tədbirdə tələbələrin mövzu ilə bağlı hazırladığı slaydlar əsasında “Kitabi-Dədə Qorqud”un tədqiq tarixi”, “Kitabi-Dədə Qorqud”un iqtisadi fikirləri”, “Dədə Qorqud”da qadın obrazı” məruzələri dinlənilib, dastanın ayrı-ayrı boylarından gətirilən nümunələr əsasında müzakirələr aparılıb.