Aprelin 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Azərbaycan dili kafedrasında “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinə həsr olunan tədbirlərə start verilib. İlk tədbir Maliyyə fakültəsində keçirilib.
Tədbirdə çıxış edən kafedra müdiri, filologiya elmləri doktoru Tofiq Əbdülhəsənli “Kitabi-Dədə Qorqud” eposunu təkcə türk xalqlarının deyil, dünya mədəniyyətinin qədim irsi kimi dəyərləndirib, eposun yazılı Drezden və Vatikan variantlarının olduğunu bildirib. O, əsərin xalqların öz azadlığı uğrunda mübarizəsinin tarixiliyı baxımından çox dəyərli olduğunu, türkdilli ölkələrin əksəriyyətində Dədə Qorqudla bağlı abidələrin yaradıldığını diqqətə çatdırıb.
Kafedranın dosenti Gülbəniz İsmayılzadə “Kitabi-Dədə Qorqud” tariximizin, dilimizin yaradıcısı kimi” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə “Kitabi-Dədə Qorqud”da Azərbaycan qadınlarının qəhrəmanlıq salnaməsi, dastanın ayrı-ayrı boylarında oğuz tayfalarına xas olan müsbət keyfiyyətlərin müasir gənclərə aşılanması, “Kitabi-Dədə Qorqud”la bağlı aparılan araşdırmalar və ona həsr olunan film və tamaşalar müzakirə olunub.