İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 15 iyun – Milli Qurtuluş gününə həsr olunun tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.
ADİU-nun rektoru, professor Ədalət Muradov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb. Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Ə. Muradov qeyd edib ki, bu inkişaf əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında Milli Lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Qeyd edib ki,Ulu Öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib.Milli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə bərpa olunan sabitliknəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. Fəttah Heydərov bildirib ki, çox keçmədən ölkə sabitlikdən inkişafa qədəm qoydu və Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb. Onun sözlərinə görə, iqtisadi qüdrətə nail olan ölkə Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs bu gün də onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev və “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Hidayət Cəfərov Milli Lider Heydər Əliyevlə bağlı təəssüratlarından, Ulu Öndərin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.
Tədbirin sonunda Milli Qurtuluş gününə həsr olunmuş film nümayiş etdirilib.