Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş konfrans iki gün davam edəcək. Kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edəcəklər.
Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov konfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Rektor ali məktəblərlə elmi tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanda istedadlı uşaq və gənclərə göstərilən qayğıdan bəhs edərək bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir bildirib ki, qlobal rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır.
Mikayıl Cabbarov gənc tədqiqatçıların inkişafı üçün bütün resurslardan istifadənin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə müvafiq işlərin görüldüyünü vurğulayan nazir bildirib ki, ölkə alimlərinin 50 faizə qədəri Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali məktəb və elmi-tədqiqat müəssisəsində çalışır: “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Ənənəvi maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə keçidin vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsi üsullarının axtarışında olmalıyıq”.
Hazırda təhsil sistemində fəaliyyət göstərən gənc müəllimlərin sayının az olmasına toxunan nazir bildirib ki, qarşıda duran vəzifələrdən biri onların sayının artırılması və keyfiyyətin yüksəldilməsidir.
Mikayıl Cabbarov ali təhsil müəssisələrində gənc alimlərin və tədqiqatçıların sayının artırılması, eyni zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın hazırlanacağını qeyd edib. Bu proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməlidir. Nazir bildirib ki, universitetlərdə gənc kadrların elmə cəlbi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir.
Mikayıl Cabbarov çıxışında qeyd edib ki, xaricdə tədqiqatlarını başa vuran gənc alimlərin ölkəmizin ali məktəblərində tədrislə məşğul olması mühüm və zəruridir.
Çıxışının sonunda nazir ölkəmizdə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verən 10 mindən artıq tələbə könüllüyə təşəkkürünü bildirib və bu əlamətdar hadisənin uğurlu təqdimatında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
AMEA-nın prezidenti Akif Əlizadə elm sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayıb, elmi tədqiqat mərkəzlərinin təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişləndiriləcəyini qeyd edib. Azərbaycanda kifayət qədər güclü elmi potensialın olduğunu deyən AMEA rəhbəri növbəti illərdə bu potensialın gənclərin hesabına daha da güclənəcəyini bildirib: “Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita Azərbaycan elmini növbəti onilliklərdə uğurla idarə edəcək”.
Sonra konfransın işində iştirak edəcək doktorantların çıxışları dinlənilib. Tədbir bölmələrdə davam etdirib.