Bakı Biznes Universitetində “Ali məktəblərdə elektron kitabxanaların təşkili və onlardan səmərəli istifadə olunması istiqamətləri” mövzusunda Respublika Elmi-praktiki konfransı keçirilib. Konfransda ADİU İKT Mərkəzinin direktoru Zöhrə Həsənova və həmin şöbənin əməkdaşları Ofeliya Mazanova, Həsən İsmayılov, həmçinin Əsaslı Kitabxananın direktoru Nəzifə Bəxtiyarova, kitabxananın 2 saylı tədris binasının filial müdiri Rəsmiyyə Mustafayeva və baş biblioqraf Arzu Məmmədova iştirak edib.
Konfransda ali məktəb kitabxanaları arasında vahid elektronlaşdırma sisteminin yaradılmasının əhəmiyyəti, informasiya mübadiləsinə imkan verən vahid informasiya məkanının olması və ondan təhsil müəssisələri tərəfindən istifadənin əhəmiyyəti və digər mövzular müzakirə edilib. Respublikamızın qabaqcıl kitabxanalarının iş təcrübələri haqda məruzələr dinlənilib.
ADİU-nun Əsaslı Kitabxanasının köklü təmirdən sonra bütün şöbələri üzrə fəaliyyətinin mütəşəkkil şəkildə bərpa edilməsi və 2014-cü ildən isə kitabxananin elektronlaşmasında daha ciddi addımlar atılması, yeni layihənin həyata keçirilməsi haqda və yeni kitabxana saytı barədə məlumat verilib. Həsən İsmayılovun R.Mustafayeva və A.Məmmədova ilə birgə hazırladıqları “Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı Kitabxanasının texniki proqram təminatı və xidmətin keyfiyyətinin yüksəldilməsi” məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.