Azərbaycan ali təhsilində yenilik: Keyfiyyət təminatında beynəlxalq təcrübə mübadiləsi

19 NOYABR 2021 | VIEWS:
154

UNEC Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq hibrid formada keçirilən vebinara ev sahibliyi edib.

Tədbirdə Türkiyənin Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Teknik universitetləri ilə yanaşı, Azərbaycanın 21 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Vebinarın açılışında UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd keyfiyyət təminatı istiqamətində beynəlxalq və yerli təcrübənin paylaşılmasıdır. UNEC-də keyfiyyət təminatı modelinin 2015-ci ildən tətbiq olunduğunu diqqətə çatdıran prorektor, vebinarda paylaşılacaq təcrübənin ali təhsil müəssisələrində keyfiyyət təminatı modelinin qurulması və təkmilləşdirilməsi istiqamətində faydalı olacağını diqqətə çatdırıb.

Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. A.İlyasov təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktları – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı məlumat verərək, standartları təhlil edib.

Vebinara onlayn olaraq qatılan Hacəttəpə Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışıb və bu istiqamətdə Hacəttəpə Universitetinin təcrübəsini paylaşıb.

Yıldız Teknik Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional Daxili Qiymətləndirmə Hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib.

Vebinar Ankara Universitetinin Akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət kondinatoru Prof.Dr.Alı Sınağın “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin Keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam edib. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan problemlər və onların aradan qaldırılması yollarını açıqlayıb.

Vebinarın ikinci hissəsində Boğaziçi Universitetindən Dr. Gözde Erhan Ünal “Ali Təhsildə Keyfiyyət Təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşıb.

Sonra tədbirin təşkilatçısı, UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova “UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə edib. O, UNEC-in daxili keyfiyyət təminatı, tərtibi, tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib.

Türkiyənin İstanbul Universitetindən Prof.Dr. Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” və  təmsil etdiyi universitetin keyfiyyət təminatı sistemi ilə bağlı fəaliyyət planı barədə danışıb.

Vebinarda mövzu ilə bağlı suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Beynəlxalq vebinar UNEC-in rəsmi Facebook səhifəsində canlı yayımlanıb.

*

https://news.unec.edu.az/xeber/100-elm/8097-azerbaycan-ali-tehsilinde-yenilik-keyfiyyet-teminatinda-beynelxalg-tecrube-mubadilesi

155 1