Azərbaycan regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər açır-“Azərbaycan” qəzeti

12 İYUN 2021 | VIEWS:
111

“Azərbaycan” qəzeti PDF

“Azərbaycan” qəzeti

Magistr və doktorantların III Beynəlxalq Elmi Konfransı Nizami Gəncəvinuin  880 illiyinə həsr olunmuşdur 

Xəbər verildiyi kimi, iyunun 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, PAŞA Holdinqin baş sponsorluğu ilə iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq Elmi konfransı keçirilmişdir.

Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda keçirilən konfransda dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu maliyyə təşkilatlarının mütəxəssisləri, ictimaiyyət və özəl sektorun nümayəndələri, alimlər iştirak etmişlər.

Konfransı açan UNEC-in rektoru, professor Ədalət Muradov builki konfransın coğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını qeyd edərək onu əvvəlkilərdən fərqləndirən məqamlara diqqət çəkmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edildiyini və konfransın ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirildiyini xüsusi vurğulamış, qazanılan möhtəşəm zəfərin regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər açdığını diqqətə çatdırmışdır.

Ədalət Muradov konfransda iki təkliflə çıxış etmişdir. O, Ağdamda yaradılacaq Qarabağ Universitetinin IV sənaye inqilabı tələblərini nəzərə alaraq Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək, insan kapitalı formalaşdıracaq universitet olmasını, magistr və doktorantların növbəti IV beynəlxalq konfransının Ağdamda “Smart universitet”, rəqəmsal təhsil mövzularında keçirilməsini təklif etmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi və dahi şairin 880 illik yubileyi münasibətilə Gəncədə silsilə tədbirlərin keçirildiyini söyləmişdir. O, bu konfransın Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılması baxımından böyük rol oynayacağını diqqətə çatdırmış, dinlənilən məruzələrin Gəncədə kiçik və orta biznesin inkişafına, postmüharibə dövründə əhalinin məşğulluğunun artırılmasına və yeni iş yerlərinin açılmasına təkan olacağını vurğulamışdır.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkərək UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu demişdir. Dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açan nazir IV sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını bildirmişdir. Mikayıl Cabbarov Nizami Gəncəvi yaradıcılığının dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan tədqiqatlar sahəsində tükənməz xəzinə olduğunu da qeyd etmişdir.

Təhsil naziri Emin Əmrullayev konfransda elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışaraq demişdir: “Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”. Nazir son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da qeyd etmişdir: “Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”.

PAŞA Holdinq Şirkətlər Qrupunun baş icraçı direktoru Cəlal Qasımov çıxış edərək holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açmışdır. Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirləri, təcrübə proqramlarını, əmək fəaliyyətinə cəlb olunmalarını xüsusi vurğulamış, holdinqin bundan sonra da təhsil layihələrini dəstəkləməyə davam edəcəyini demişdir.

Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi irsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və iqtisadiyyat” mövzusunda videoməruzələri dinlənilmişdir. Sonda konfransın təşkilatçılarına göstərdikləri dəstəyə görə UNEC tərəfindən təşəkkür plaketləri təqdim olunmuşdur. Eyni zamanda qərara alınmışdır ki, konfransın məruzələr kitabının Harvard, Oxford, Yale, Stanford, Princeton, Columbia, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də Royal Danish Library, British Library, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdirilsin.

Onlayn qaydada keçirilən konfrans iyunun 7-də başa çatmışdır. Konfransdan sonra Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) rektoru, professor Ədalət Muradov keçirilən beynəlxalq konfransın məqsəd və vəzifələri ilə bağlı “Azərbaycan” qəzetinin əməkdaşına müsahibə vermişdir. Rektor demişdir ki, konfransda ABŞ, Rusiya, Çin, Cənubi Koreya, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avstraliya, Norveç, Niderland, Belçika, Polşa, Macarıstan, Türkiyə, İndoneziya, Yaponiya, Misir, Cənubi Afrika və ümumilikdə, 34 ölkədən alim-tədqiqatçılar iştirak etmişlər. Bu isə konfransın beynəlxalq nüfuzunun daha da artdığının göstəricisidir. Ə.Muradov daha sonra bildirmişdir ki, III Beynəlxalq Elmi Konfransı əvvəlkilərdən fərqləndirən ən vacib məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dövrünə düşür: “Xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə regionumuzda tamamilə yeni reallıqları yaratmaqla yanaşı, Azərbaycanın və bütövlükdə regionumuzun dayanıqlı iqtisadi inkişafı üçün yeni perspektivlər açır. İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı” şəhər, “ağıllı” kənd layihələrinin işlənməsi və reallaşdırılması, yaşıl enerji və müasir enerjiyə qənaət texnologiyalarından istifadə, təbii resursların istehsal proseslərinə cəlb olunmasında yüksək ekoloji standartların tətbiqi, yeni nəqliyyat dəhlizlərinin açılması kimi strateji məsələlərin elmi cəhətləri bu gün Azərbaycan iqtisadçılarının gündəmində olan əsas mövzulardandır. Bütün bu məsələlər müzakirələrdə özünə geniş yer almışdır”.

Rektor qeyd etmişdir ki, bu beynəlxalq konfransın “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusuna həsr edilməsi təsadüfi deyil: “Cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşma Nizami yaradıcılığında xüsusi yer tutur. Nizami Gəncəvi əsərlərinin məhz bu cəhəti onun əbədi müasirliyini, böyük elmi və mənəvi əhəmiyyətini daha yaxşı əks etdirir. Şairin cəmiyyətdə tutduğu mövqeyinə, həyata baxışlarına görə bir-birindən kəskin fərqlənən insanların mənəvi dünyasına baxışları xalqımızın multikultural dəyərlərinin nə qədər qədim və dərin köklərə malik olmasının parlaq nümunəsidir. Odur ki, Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqi iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və  eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətlərində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə bilər. Elə bu məqsədlə növbəti 3-cü konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuşdur”

Sonda qeyd edək ki, 4 gün davam edən konfransda 16 seminar və 66 bölmədə müzakirələr aparılmışdır. Təxminən 600-ə yaxın məruzə dinlənilmiş, xarici ölkələrdən olan tədqiqatçılar özlərinin apardıqları araşdırmalarla bağlı məlumatlar vermişlər. Bundan başqa, Prezident İlham Əliyevin Qarabağın azad olunmasından sonra verdiyi tövsiyələri əsas tutaraq ən aktual mövzuların müzakirəsi aparılmışdır. Seminarlarda “ağıllı” şəhər, “ağıllı” kənd konsepsiyası ilə bağlı sənaye inqilabı və s. bu kimi məsələlər müzakirə olunmuşdur. Prezidentin Ağdamın Baş Planının təsdiqi zamanı bəyan etdiyi Ağdamda yaradılacaq Qarabağ Universiteti də  konfransda müzakirə mövzusu olmuş, bununla bağlı müxtəlik təkliflər irəli sürülmüşdür.

Sabir ƏLİYEV,
“Azərbaycan”

*

https://news.unec.edu.az/xeber/104-unec-kiv-de/7570-bold-red-azerbaycan-regionun-dayanigli-inkishafi-uchun-yeni-perspektivler-achir-azerbaycan-gezeti-bold-red

112 1