“Azərbaycan” qəzeti, 20 oktyabr, 2016
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə keçən dövr ərzində ölkə həyatının müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərin təhlili və gələcəyə istiqamətlənmiş baxışların formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, hər hansı bir xalqın və dövlətin inkişafı, onun gələcəyinin sağlam təməllər üzərində qurulması təhsil sistemində əldə edilmiş nailiyyətlərlə daha çox bağlıdır.
Qloballaşan dünyada təhsil sistemində özünəməxsus həlqəni təşkil edən universitet təhsili hər bir ölkənin sosial-iqtisadi inkişafı, onun rəqabət qabiliyyətinin yüksəldilməsi və qorunmasında mühüm amillərdən birinə çevrilmişdir. Təsadüfi deyil ki, UNESCO qloballaşma dövründə universitetləri sosial inkişaf, iqtisadi artım, rəqabətli mal və xidmət istehsalının dəstəklənməsi, mədəni kimliyin formalaşması və qorunması, cəmiyyətin bütövlüyünün təmin edilməsi, yoxsulluqla mübarizə və sülh mədəniyyətinin dəstəklənməsi işində əvəzedilməz rolu olan qurumlar kimi xarakterizə edir. Bu gün universitet təhsili qlobal bilik iqtisadiyyatında həm milli, həm də fərdi mənada layiqli yer tutmanın və rəqabətli olmanın mühüm şərtinə çevrildiyindən iqtisadi fəaliyyətlərin və iqtisadi siyasətin də əsas elementlərindən biri olmuşdur.
Universitetlər prussiyalı təhsil fəlsəfəçisi Vilhelm Humboldtın yanaşmasına uyğun olaraq 200 ildən artıqdır ki, təkcə iqtisadiyyat üçün kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların, həll yollarının formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlanmışdır.
Tədqiqatlar göstərir ki, təhsilə qoyulan investisiyalarda azalan məhsuldarlıq deyil, artan məhsuldarlıq qanunu fəaliyyət göstərir. Ölkələr üzrə təhsil müddəti artdıqca, işsizlik səviyyəsi azalır, gəlir səviyyəsi isə artır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində aparılan tədqiqatlardan biri göstərmişdir ki, insanların təhsil alma müddətində hər əlavə bir illik artım onların gəlir səviyyəsini təxminən 6 faiz yüksəldir. Təhsilin, xüsusilə də ali təhsilin yüksək insan kapitalı və texnologiyalar vasitəsilə iqtisadi artımın drayverinə çevrilmə xüsusiyyətini nəzərə alaraq inkişaf etmiş ölkələr bu sahəyə çox böyük həcmdə vəsait ayrırırlar. Hazırda Avropa İttifaqı ÜDM-nin 1,2-1,5 faizi, ABŞ isə 2,6-3 faizini ali təhsil qurumlarının inkişafına yönəldir. Dünya İqtisadi Forumunun məlumatları göstərir ki, ali təhsil və peşə təlimi sektorunun yüksək inkişaf etdiyi Sinqapur, Finlandiya, Niderland, İsveçrə, Belçika, Danimarka, Norveç, ABŞ, Avstraliya, Yeni Zellandiya, Almaniya, İsveç, Birləşmiş Krallıq, Yaponiya kimi ölkələr eyni zamanda da rəqabətqabiliyyətli iqtisadiyyatlar arasında ön sıralarda dayanırlar. Bu iqtisadiyyatların hamısı eyni zamanda da yüksək texnologiyalara əsaslanan və innovasiya potensialı güclü iqtisadiyyatlar hesab olunurlar.
Azərbaycan Respublikası universitet təhsili sahəsində keçən dövrdə mühüm potensial əldə etmişdir. Sovet dönəmində Azərbaycanın ali təhsil ocaqları sovet cəmiyyətinin tələbləri əsasında inkişaf etmiş və elmin bir sıra istiqamətləri üzrə mühüm nailiyyətlər qazanmışlar. Lakin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi, iqtisadi sahədə sistem transformasiyası prosesinə başlaması bütün sahələrdə olduğu kimi, ali təhsildə də köklü islahatları zəruri etmiş və onun yeni cəmiyyətin tələblərinə uyğun yenidən qurulmasını qarşıya vəzifə kimi qoymuşdur. Şübhəsiz ki, bu istiqamətdə irəli sürülən ilk sistemli təşəbbüs ümummilli lider Heydər Əliyev tərəfindən 15 iyun 1999-cu ildə “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”nın qəbul edilməsidir. Proqramın icrası nəticəsində ali təhsil sistemində bir sıra struktur dəyişiklikləri aparılmış, ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması istiqamətində addımlar atılmış, ali təhsilli mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə edilmişdir. Bu mərhələdə aparılan islahatların mühüm istiqamətlərindən biri də məhz ali təhsil müəssisələrinin muxtariyyətinin artırılması olmuş, Azərbaycan Dövlət İqtisad Universiteti də daxil olmaqla 6 ali məktəbə daha yüksək muxtariyyət – özünüidarəetmə statusu verilmişdir. 3 sentyabr 2001-ci ildə ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə ümummili lider Heydər Əliyev ölkədə universitet təhsili sahəsində aparılan islahatların bir növ başlıca strateji məqsəd və vəzifəsini ifadə edir: “…biz istəyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər və dünya səviyyəsində olsunlar. İkincisi də universitetlərin varlığı ona görə lazımdır ki, ali təhsil almaq həvəsi və qabiliyyəti olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə bilməz”.
Azərbaycanının 2005-ci ildə Bolonya prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsinə start vermişdir. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunmuşdur ki, proqramın məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Proqramın icrası çərçivəsində ali təhsilin qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması və Bolonya prosesinin əsas prinsipləri istiqamətində yenidən qurulması sahəsində mühüm işlər görülmüşdür. Qeyd olunan mərhələdə atılan mühüm strateji addımlardan biri də Prezident İlham Əliyevin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olmuşdur. Proqramın əsas hədəfləri xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi olmuşdur.
Qlobal səviyyədə təhsil sahəsində ortaya çıxan yeni çağırışlar və Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsinə daxil olması heç şübhəsiz ki, ölkədə təhsilin inkişafı üzrə vahid dövlət strategiyasının formalaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə 24 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun əsasında hazırlanaraq 2015-ci ilin 19 yanvarında təsdiq edilmiş müvafiq Fəaliyyət Planı ölkədə ali təhsil də daxil olmaqla, bütövlükdə təhsil sisteminin qeyd olunan çağırışlar və tələblər istiqamətində qısa, orta və uzunmüddətli inkişafını təmin edəcək vahid dövlət siyasətini özündə əks etdirir. Bu çərçivədə hazırda Azərbaycanda universitet təhsili sahəsində aparılan geniş islahatların aşağıdakı istiqamətləri xüsusi əhəmiyyət kəsb edir:
* Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi: İqtisadi rəqabətin ciddi şəkildə kəskinləşdiyi, bilik və innovasiyaların rəqabətqabiliyyətliliyin əsas faktoruna çevrildiyi müasir iqtisadiyyatlarda ali təhsil artıq elitar təhsil olmaqdan çıxaraq kütləvi xarakter almışdır. UNESCO-nun verdiyi məlumatlara görə, Azərbaycanda ali təhsillə əhatə əmsalı hazırda 23,16 faizdir. Qeyd olunan göstərici son illər artsa da, hələlik tələb olunan səviyyədən bir neçə dəfə aşağıdır. Bu istiqamətdə son illər ölkədə ali təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi və onun ölkə regionlarına istiqamətləndirilməsi, təhsil krediti mexanizmlərinin yaradılması, eləcə də xarici ölkələrdə təhsil imkanlarının artırılması kimi tədbirlər xüsusi qeyd olunmalıdır.
* Ali təhsildə kurikulumların əmək bazarının tələbləri istiqamətində qurulması: Tədqiqatlar göstərir ki, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə ali təhsilin əsas problemlərindən biri kurikulumlar ilə əmək bazarının tələbləri arasında ciddi uyğunsuzluğun olması və tədrisin daha çox nəzəri xarakter daşımasıdır. Bu baxımdan qeyd olunan ölkələrdə universitet məzunlarının mütləq əksəriyyəti bu yetərsizliyi aradan qaldırmaq üçün ya əlavə kurslara müraciət edir, ya da ölkədən kənarda təkrar ali təhsil almağa çalışırlar. Son illər ölkə ali təhsilində təhsilin dövlət standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Burada əsas götürülən yanaşma tədris olunan fənlərin ümumilikdə azaldılması, əmək bazarının tələblərinə cavab verməyən fənlərin yenilərilə əvəz edilməsi və həmin fənlər üzrə tədris edilən mövzuların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Azərbaycan Dövlət İqtisad Universiteti bu prosesdə aktiv iştirak etməklə, bakalavr, magistr və doktorantura təhsili pillələri üzrə kurikulumlarını mühüm dərəcədə yeniləşdirmişdir.
* Universitetlərdə doktorantura təhsilinin və tədqiqat potensialının gücləndirilməsi: Bu gün dünya universitetləri nisbi olaraq kütləvi təhsil universitetləri və tədqiqat universitetləri olmaqla iki yerə ayrılsa da, əslində tədqiqatların aparılmadığı ciddi universitetlərə rast gəlmək çox çətindir. Bütövlükdə inkişaf etmiş ölkələr rəqabətli iqtisadiyyatlarının təməlində dayanan elmi tədqiqatlara, xüsusilə də fundamental elmi tədqiqatlara böyük önəm verirlər. UNESCO-nun hesabatlarına görə, 2013-cü ildə dünyada araşdırma və təkmilləşdirmələrə (R&D) alıcılıq qabiliyyəti pariteti ilə 1,5 trilyon ABŞ dolları həcmində vəsait xərclənmişdir. Bu xərclərin 69,3 faizi yüksək gəlirli iqtisadiyyatların, cəmi 0,3 faizi isə aşağı gəlirli iqtisadiyyatların payına düşür. Hazırda dünya üzrə araşdırma və təkmilləşdirmələrə çəkilən xərclərin 80 faizi yalnız 10 ölkənin – ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya, Fransa, Hindistan, Rusiya, Birləşmiş Krallıq, Braziliya – payına düşür. Ümumi daxili məhsulundan araşdırma və təkmilləşdirmələrə ən çox pay ayıran 10 ölkə isə ardıcıl olaraq Koreya Respublikası (4,3%), İsrail (4,1%), Yaponiya (3,6%), Finlandiya (3,2%), İsveç (3,2%), Danimarka (3,1%), Avstriya (3%), İsveçrə (3%), Almaniya (2,9%) və ABŞ (2,7%)-dır. Bütün bu ölkələrdə xərcləri mənbələr üzrə təhlil etdikdə görünür ki, bu xərclərin əsas hissəsi özəl sektor tərəfindən maliyyələşdirilir. UNESCO-nun məlumatları göstərir ki, Azərbaycan ÜDM-nin təxminən 0,2 faizini araşdırma və təkmilləşdirmələrə xərcləsə də, bu xərclərin əsas hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Hazırda Azərbaycanda universitetlərin tədqiqat potensialını artırmaq məqsədilə ilk olaraq doktorantura pilləsi üzrə dövlət standartlarının hazırlanması işinə başlanılmışdır. Hesab edirik ki, güclü doktorantura təhsilinin təşkili yolu ilə universitetlərin tədqiqat potensialı gücləndikcə özəl sektorla birgə həyata keçirəcəyi tədqiqat layihələrinin sayı da ildən-ilə artacaqdır. Eyni zamanda bu istiqamətdə atılan mühüm addımlardan biri də Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan universitetlərinin “Thomson Reuters”in elmi informasiya bazalarına çıxışının təmin edilməsidir ki, bu da qarşıdakı illərdə ölkə elminin dünyaya inteqrasiyası prosesini gücləndirəcəkdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti professor-müəllim heyəti arasında elmi tədqiqatları stimullaşdırmaq məqsədilə “Thomson Reuters”in müvafiq indekslərinə daxil olan jurnallarda hər məqalə nəşri üçün xüsusi mükafat təsis etmiş, həmçinin də tətbiq etdiyi differensial əməkhaqqı sistemində elmi fəaliyyətlərə böyük pay ayırmışdır. Aparılan tədqiqatlar göstərir ki, bu iki stimullaşdırma mexanizminin tətbiqindən sonra Azərbaycan Dövlət İqtisad Universiteti professor-müəllim heyətinin ölkə daxilində və xaricində nəşr edilən elmi əsərlərinin sayı ciddi şəkildə artmışdır.
* Ali təhsilin qeyri-dövlət maliyyələşdirilməsinin payının artırılması: Qloballaşma şəraitində universitet təhsilində ortaya çıxan əsas tendensiyalardan biri də qeyri-dövlət maliyyələşməsinin payının artmasıdır. Hazırda ali təhsildə qeyri-dövlət maliyyələşməsinin mənbələri rolunda özəl universitetlərin sayının artması, tələbələrdən təhsil haqlarının alınması, təhsil kuponlarının tətbiq edilməsi, universitetlərin gəlir gətirən müəssisələrinin yaradılması, ianələrdən istifadə edilməsi, milli stipendiya proqramlarında iştirak edilməsi, təhsil (tələbə) kreditləri və məzuniyyət vergiləri mexanizmlərindən istifadə edilməsi və s. çıxış edir. Özəl universitetlər ali təhsil bazarının Koreya Respublikasında 80 faizini, Yaponiya, Belçika və Niderlandda 63-76 faizini təşkil edir. Yaponiyada tələbələrin 89 faizi, Braziliya, Kolumbiya, Danimarka, Çili, Əl Salvador, Nikaraqua, Paraqvay və Peruda isə 45-75 faizi özəl universitetlərdə təhsil alır. Anqlo-sakson universitetlərinin əksəriyyətində təhsil proqramları böyük məbləğdə təhsil haqları tələb edir. Qitə Avropası universitetlərində bu məbləğlər aşağı olsa da, son illər yüksəlmə meylində olduğu və əhatə dairəsinin də genişləndiyi müşahidə edilir. Almaniya, İrlandiya, İspaniya, Türkiyə kimi ölkələrdə ali təhsilini normal müddətdə başa vura bilməyən tələbələrə daha yüksək təhsil haqqı tətbiq edilməyə başlanmışdır. ABŞ, İsveç, Avstriya, Portuqaliya, İspaniya, Türkiyə, Tailand kimi ölkələrdə tələbələr nəqliyyat və təhsil xərclərini dövlət təminatı altında götürdükləri təhsil (tələbə) kreditləri ilə ödəyə bilirlər. Bu baxımdan Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondunun yaradılması təqdirəlayiq addım sayıla bilər. Tədqiqatlar göstərir ki, ABŞ-da belə orta gəlirli ailələrə mənsub tələbələr təhsil haqlarının yalnız 34 faizini ödəyə bilirlər. Bütün ölkələrdə orta və aşağı gəlirli ailələrə mənsub tələbələrin təhsil haqlarının müxtəlif mənbələr hesabına maliyyələşdirilməsi zərurətə çevrilir ki, bunlar arasında da ən effektli yollardan biri təhsil kreditləridir. Bu baxımdan Azərbaycanda təhsil kreditlərinin əhatə dairəsinin genişləndirilməsi ölkədə ali təhsilə çıxış imkanlarını da mühüm dərəcədə genişləndirə bilər. Qarşıdakı illərdə nəzərdə tutulan universitetlərdə dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılması da hesab edirik ki, ölkədə universitet təhsilinin maliyyələşdirilməsinin əsas mənbələrindən biri kimi çıxış edə bilər.
* Ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsi: Bu gün dünya ali təhsil bazarında təhsilalanların seçimlərinə təsir göstərən ən mühüm amillərdən biri də məhz reytinq agentliklərinin dünya universitetləri üzrə hazırladıqları reytinq siyahılarıdır. Azərbaycan universitetlərinin bu reytinq siyahılarında son illər müsbət irəliləyişlərinin şahidi olmaq mümkündür. Azərbaycan Dövlət İqtisad Universitetində də son dövrlər bu istiqamətdə ciddi işlər görülmüş və universitet ilk dəfə olaraq, bu il QS beynəlxalq reytinq agentliyinin nəşr etdiyi “İnkişaf edən Avropa və Mərkəzi Asiya” regionunun ən yaxşı 200 universiteti siyahısına daxil olmuşdur. Sevindirici haldır ki, Azərbaycan Dövlət İqtisad Universiteti bu regiondakı iqtisadyönümlü universitetlər arasında 4-cü yerə layiq görülmüşdür. Hesab edirik ki, Azərbaycan universitetlərinin öz fəaliyyətini reytinq agentliklərinin əsas götürdüyü parametrlər üzrə daim yaxşılaşdırması heç şübhəsiz ki, onların bu reytinq siyahılarında daha yaxşı yerləri tutmasına və bütövlükdə ölkənin ali təhsil sektorunun qlobal ali təhsil bazarında mövqeyinin daha da möhkəmlənməsinə yardım edəcəkdir.
* Universitetlərə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətlərin verilməsi: Dünyada universitetlərin təhsil-tədqiqat-innovasiya mərkəzləri kimi cəmiyyətdə rolunun genişlənməsi onların muxtariyyəti məsələsini də gündəliyə gətirmişdir. Bu sahədəki beynəlxalq yanaşmalara nəzər yetirdikdə universitet muxtariyyətinin rəhbər orqanlarını formalaşdırmaqda, tədris proqramlarını hazırlamaqda, araşdırma proqramlarını həyata keçirməkdə, büdcəsini tərtib etməkdə və xərcləməkdə universitetlərə sərbəstliyin verilməsindən ibarət olduğunu görmək mümkündür. Azərbaycanda universitetlərin muxtariyyətinin artırılması istiqamətində atılan addımların onların daha çevik qurumlara çevrilməsinə və bütövlükdə ölkədə ali təhsilin müasir tələbələrə sürətlə uyğunlaşmasına şərait yaradacağını qeyd etmək mümkündür.
* Universitetlərin kampuslarının yaradılması və onların regionlar üzrə paylanması: Dünya təcrübəsi göstərir ki, universitetlərin kampus formasında yerləşdirilməsi onların fəaliyyətinin səmərəliliyini ciddi şəkildə yüksəldir. Eyni zamanda müasir dövrdə universitetlər regional inkişaf siyasətinin də önəmli vasitələrindən birinə çevrilmişdir. İnkişaf etmiş ölkələrin ayrı-ayrı regionlarında yerləşən universitetlər əlavə təhsil mərkəzləri, konsaltinq xidmətləri, tədqiqat laboratoriyaları, inkubator mərkəzləri, elm parkları, texnoparklar və klasterlər vasitəsilə universitet-hökumət-biznes əməkdaşlığının uğurlu nümunələrini ortaya qoyaraq, yerləşdiyi regionun inkişafının başlıca hərəkətverici qüvvələrindən birinə çevrilirlər. Bu sahədə Standford, MIT, San Dieqo Kaliforniya universitetlərinin, eləcə də Çin, Malayziya, Sinqapur və Tayvan universitetlərinin təcrübələri xüsusilə diqqətə layiqdir. Azərbaycanda son dövrlər universitetlərin kampuslarının yaradılması, eyni zamanda da onların regionlarda filiallarının açılması istiqamətində Təhsil Nazirliyi tərəfindən irəli sürülən təşəbbüslər mühüm əhəmiyyət kəsb edir. Bu işlər tamamlandıqdan sonra universitetlərin ölkənin ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafında rolunun ciddi şəkildə artacağını, başqa sözlə, universitetlərin cəmiyyətə tamamilə inteqrasiya olunacağını söyləmək mümkündür.
* Universitetlərdə əlavə təhsil imkanlarının genişləndirilməsi: Bilik iqtisadiyyatında universitetlər bir növ ömürboyu təhsil mərkəzləri kimi fəaliyyət göstərir desək, yanılmarıq. Universitetlər klassik bakalavr, magistr və doktorantura təhsili ilə yanaşı, ömürboyu təhsil, yenidən təhsil və istənilən vaxtda təhsil prinsipləri əsasında bazarın tələbləri istiqamətində müxtəlif əlavə təhsil proqramları təklif edirlər. Distant təhsil formasında da təklif edilən bu proqramlar müasir dövrdə özəl sektor tərəfindən böyük maraqla qarşılandığından universitetlər üçün ciddi gəlir mənbəyi rolunu da oynayırlar. Bu sahədə ən uğurlu nümunələrdən biri Standford Universitetinin Silikon Vadisindəki fəaliyyətidir. Bu universitet özəl sektorun bu istiqamətdə demək olar ki, bütün ehtiyaclarını qarşılayacaq təhsil və sertifikat proqramları təklif edərək böyük miqdarda gəlir əldə edə bilir. Son dövrlər Azərbaycanda universitetlərin əlavə təhsil infrastrukturunun yenidən qurulması istiqamətində atılan addımlar onların qısa müddətdə ölkədə əmək bazarının ehtiyaclarını qarşılama imkanlarını mühüm dərəcədə genişləndirəcəkdir.
* Universitetlərin beynəlmiləlləşməsi prosesinin gücləndirilməsi: Qloballaşma şəraitində beynəlxalq tələbələrin sayının sürətlə artması, tələbə və müəllim mübadiləsi prosesinin genişlənməsi, ingilis dilində təhsilə olan tələbin artması, təhsilin transmilliləşməsi prosesinin sürətlənməsi kimi amillər universitet təhsilinin getdikcə daha çox beynəlmilləşməsini tələb edir. Beynəlxalq tələbələrin sayı 1980-ci ildə 1 milyon, 2000-ci ildə 2 milyon nəfər olmuşdursa, hazırda bu rəqəm 4,1 milyon nəfərdir. Bu isə dünya üzrə ali təhsil alanların 1,8 faizi, başqa sözlə, hər 100 tələbədən 2-nin beynəlxalq tələbə olması deməkdir. Hazırda 4,1 milyon beynəlxalq tələbənin yarısından çoxu 6 ölkənin – ABŞ (19 faiz), Birləşmiş Krallıq (10 faiz), Avstraliya (6 faiz), Fransa (6 faiz), Almaniya (5 faiz), Rusiya (3 faiz) – payına düşür. Ancaq 2000-ci illərlə müqayisədə bu ölkələrin ümumi payında müəyyən qədər azalma, Şərqi Asiya və Okeaniya, eləcə də Ərəb ölkələrinin payında isə artım müşahidə edilir. Beynəlxalq tələbələrin 57 faizi Şimali Amerika və Qərbi Avropa, 19 faizi Şərqi Asiya və Okeaniya, 19 faizi isə Mərkəzi və Şərqi Avropa özünə cəlb edir. Çin, Hindistan, Almaniya, Koreya, Fransa, Səudiyyə Ərəbistanı və ABŞ xaricə ən çox tələbə göndərən ölkələrdir. Beynəlxalq tələbələrin 50 faizə qədəri Çin, Hindistan, Koreya, Yaponiya və Malayziya başda olmaqla Asiya mənşəlidir. Tədqiqatlar göstərir ki, ABŞ, Avstraliya, Kanada, Yeni Zellandiya və İngiltərədə beynəlxalq təhsil sektoru ixrac gəlirləri baxımından ilk 5 sektor arasındadır. Beynəlxalq tələbələr ABŞ iqtisadiyyatına ildə 20 milyard dollara qədər gəlir gətirir. Avstraliya isə təhsil xidmətlərinin ixracından ildə təxminən 15-16 milyard dollar gəlir əldə edir. Azərbaycan universitetlərinin son illər ingilis dilində təhsil proqramlarını genişləndirmələri, ERASMUS, TEMPUS, MEVLANA kimi beynəlxalq mübadilə proqramlarında aktiv iştirak etməyə başlamaları, eləcə də çoxtərəfli və ikitərəfli çərçivələrdə beynəlxalq əlaqələrini genişləndirmələri onların beynəlmiləlləşməsi prosesini də gücləndirmişdir. Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbinin, türk və ingilis dillərində təhsil verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, rus dilində təhsil verən Rus İqtisadiyyat Məktəbinin yaradılması, eyni zamanda London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramlarının açılması və Monpelye Universiteti ilə ikili diplom proqramlarının qurulması onun sürətlə beynəlmiləlləşməsi üçün mühüm imkanlar yaratmışdır. Qeyd olunan çərçivədə MDB məkanında yeganə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyası Dağıstan Respublikasındakı filialına rəsmi lisenziya verilməsi artıq onun ali təhsilin transmilliləşməsi prosesinə də qoşulduğunu göstərir.
Yuxarıda bəzi istiqamətlərinə toxunduğumuz universitet təhsili sahəsindəki islahatların qarşıdakı illərdə daha rəqabətli və innovasiya potensialı yüksək olan Azərbaycan iqtisadiyyatının qurulması prosesinin mühüm həlqəsini təşkil edəcəyi gözlənilir. Bütün bu islahatların son məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanaraq, davamlı inkişaf edən və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasına xidmət etməkdir. Qeyd olunan məqsəd Prezident İlham Əliyevin bu fikirlərində daha mükəmməl şəkildə öz əksini tapmışdır: “Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır”.
Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor