“Respublika” qəzeti: Azərbaycanın beynəlmiləlləşən ali təhsili

09 AVQUST 2016 | VIEWS:

“Respublika” qəzeti, 09 avqust

Danılmaz həqiqətdir ki, ali təhsil son beş onillik ərzində dünyanın siyasi, iqtisadi, ictimai, ideoloji və mədəni həyatını əhəmiyyətli dərəcədə dəyişmiş qloballaşmanın daha çox təsir göstərdiyi sahələrdən biridir. Bu baxımdan, ali təhsildə qloballaşma və beynəlmiləlləşmə bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan kateqoriyalar kimi xarakterizə olunurlar.

Nəticə etibarilə, hazırda beynəlmiləlləşmə konsepsiyası ali təhsil sahəsində fəaliyyətin ayrılmaz tərkib elementinə və mühüm inkişaf amillərindən birinə çevrilib. Təbii ki, dünyanın bir çox aparıcı universitetlərinin missiyasında və ya inkişaf strategiyasında“beynəlxalq fokus”həmişə olmuşdur. Sözügedən “fokus”un miqyası və səviyyəsi hər bir ali təhsil müəssisəsinin xaricdə akademik xidmətlər göstərmək, beynəlxalq tələbələri cəlb etmək və dünya ali təhsil bazarında davamlı mövqeyə malik olmaq kriteriyaları ilə ölçülən imkanlarından və hədəflərindən asılıdır.

Ən geniş mənada, ali təhsilin beynəlmiləlləşməsi universitetlərin milli təhsil məkanından kənara çıxan xarici fəaliyyətinin genişlənməsini və dərinləşməsini ifadə edir. Bu sahədə çoxsaylı araşdırmaları ilə məhşur olan görkəmli alim J.Knight (2004) beynəlmiləlləşməni beynəlxalq, mədəniyyətlərarası və qlobal meyarların ali təhsilin məqsəd, funksiya və reallaşdırılması kateqoriyalarına inteqrasiyasını həyata keçirən proses kimi qiymətləndirir. Başqa sözlə, ali təhsilin beynəlmiləlləşməsi bir tərəfdən kurrikulumlara qlobal və müqayisəli perspektivlərin daxil edilməsini, digər tərəfdən isə tədris prosesinə daha çox beynəlxalq tələbə və müəllim cəlbini nəzərdə tutur.

Digər bir alim V.Damme (2001) hesab edir ki, ali təhsilin məzmununda beynəlxalq komponentlərin çoxalması göstərilən ali təhsil xidmətlərinin keyfiyyətinin artmasına birbaşa təsir edir və bu, qlobal əmək bazarına daxil olan universitet məzunlarının rəqabətqabiliyyətinin yüksəlməsini şərtləndirir. Qeyd olunan ideyaları bir az da inkişaf etdirən P.Altbach (2006) ali təhsilin beynəlmiləlləşməsini tələbələrin başqa mədəniyyətlərlə tanış olmasına şərait yaradan ənənəvi xaricdə təhsil proqramlarının reallaşdırılması və yerli universitetlərin artan tələblərə cavab vermədiyi ölkələr üçün ali təhsilə çıxış imkanlarının təqdim edilməsi kimi xarakterizə edir. Eyni zamanda, tələbələrin qlobal düşüncə tərzinin və beynəlxalq qabiliyyətlərinininkişaf etdirilməsi, tədris kurrikulumunda xarici dil proqramlarının artırılması, eləcə də mədəniyyətlərarası dialoq və anlaşmanın gücləndirilməsi mühüm aktuallıq kəsb edir.

Bu sahənin aparıcı tədqiqatçılarından olan J.Filden (2008) hesab edir ki, təhsilalan və təhsilverənlərin başqa ölkələrə miqrasiya etməsi ilə yanaşı,müxtəlif ölkələrdə yerləşən universitetlər arasında qarşılıqlı tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi və birgə proqramların reallaşdırılması ali təhsilin beynəlmiləlləşməsinin əsasını təşkil edir.

Bir qədər fərqli düşünən U.Teichler (2004) beynəlmiləlləşmənin əsas ideyası olaraq ali təhsildə tərəfdaşlığın yaradılmasını qeyd edir. Başqa sözlə, ali təhsildə beynəlmiləlləşmə tərəfdaşlığın inkişafına əsaslanmaqla risklərin azaldılmasını, rəqabətqabiliyyətinin artırılmasını və ən əsası təhsil, elm və istehsalatın vəhdətinə xidmət edən biliklərin genişləndirilməsini hədəfləyir. Bu ideyanı gücləndirən S.Goddard (2006) sahibkarlıq və idarəetmə spektrlərini önə çəkməklə beynəlmiləlləşməni rəqabətədavamlı universitet biznes modelinin həlledici amili hesab edir.

Qeyd olunan yanaşma və konsepsiyaları ümumiləşdirməklə, ali təhsildə beynəlmiləlləşməni universitetlər və hökumətlər tərəfindən qloballaşma proseslərinə cavab olaraq tətbiq edilən proqram və strategiyalar kimi izah etmək olar. Sadə desək, ali təhsildə beynəlmiləlləşmə tələbələrin təhsil üçün xaricə göndərilməsini, ali təhsil müəssisələrinin ölkədən kənarda filialların yaradılmasını və universitetlər arasında çoxşaxəli əməkdaşlıq tiplərinin reallaşdırılmasını ehtiva edir.

Ali təhsilin beynəlmiləlləşməsi institusional səviyyədə özünü dünyanın əksəriyyət universitetlərinin öz missiyalarında müvafiq dəyişiklər və uyğunlaşdırmalar aparması ilə göstərir. Burada əsas prioritet qismindəuniversitetlərin “qlobal səriştə”yə malik olan “qlobal vətəndaş”lar hazırlaması çıxış edir.

Ali təhsil sahəsində qlobal trendlərə və regional çağırışlara uyğun fəaliyyət göstərə bilmək məqsədilə hər bir universitet özünün beynəlmiləlləşmə strategiyasını hazırlayır. Bu strategiya həmin universitetlərin qloballaşmış və daha da liberallaşmış beynəlxalq ali təhsil bazarı tərəfindən təqdim olunan imkanlardan faydalanmaları üçün dəqiq mexanizm təklif edir. Başqa sözlə, beynəlmiləlləşmə strategiyası ali təhsil müəssisəsinin əsas beynəlxalq hədəflərinə çatması üçün həyata keçirilməsi nəzərdə tutulan müvafiq tədbirləri özündə əks etdirən “yol xəritəsi”dir.

Beynəlmiləlləşmə strategiyası əsasən aşağıdakı istiqamətlər üzrə tədbirlərin reallaşdırılmasını nəzərdə tutur:

  • kurrikulumun beynəlxalq məzmununun artırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması;
  • müxtəlif mədəni perspektivlərin nəzərə alınması və beynəlxalq müəllim heyətinin cəlb edilməsi ilə tədris və təlim prosesinin beynəlmiləlləşdirilməsi;
  • beynəlxalq tələbələrin mədəni və praktiki ehtiyaclarına cavab verən tələbə xidmətlərinin təqdim olunması;
  • tədris proqramının tərkib hissəsi olaraq tələbələrin xarici universitetlərə qısamüddətli (iki aya qədər) və uzunmüddətli (bir və ya iki semester) təhsil səfərinə getmələrinin stimullaşdırılması;
  • müəllimlərin xarici universitetlərdəki tərəfdaşlarla ortaq tədqiqat işlərinə cəlb olunmasının təşviq edilməsi;
  • xarici ali təhsil müəssisələri ilə birgə tədris modulları və ortaq diplom proqramlarının həyata keçirilməsi;
  • başqa ölkələrdə ali təhsil xidmətləri göstərməyə imkan verən filialların yaradılması və s.

Şübhəsiz ki, qlobalallaşmanın dünyanı “qlobal kənd”ə çevirməsi ideyası tələbə və məzunların beynəlxalq məzmunlu bilik və bacarıqlara malik olması zərurətini daha da artırır. Bu kontekstdə, artıq qeyd etdiyimiz kimi, “qlobal səriştə” amilinin aparıcı ali təhsil müəssisələri üçün əhəmiyyəti daha da artır. Ali təhsilin beynəlmiləlləşməsinə verilən əsas reaksiya hesab edilən “qlobal səriştə”nin hədəflənməsi istənilən mühitdə və şərtlər daxilində uğurla fəaliyyət göstərə biləcək qlobal mütəxəssis hazırlanması ideyasınının reallaşması ilə nəticələnir. Burada əsas prioritetlər qismində kurrikulumun beynəlxalq xarakterinin dərinləşməsi, tədrisin məzmununda müxtəlif mədəniyyətləri nəzərə alan akademik komponentlərin artması, tələbələrdə qlobal düşüncə tərzini inkişaf etdirən tədris və təlim metodlarından istifadənin genişlənməsi və bütün bunların məntiqi davamı olaraq, universitetlərin fəaliyyət strategiyasında qlobal vizionun həlledici amilə çevrilməsi çıxış edir.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesi uğurla davam edir və cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursu Azərbaycanın milli maraqlarına və potensial qlobal çağırışlara əsaslanmaqla, ölkəmizin beynəlxalq münasibətlər sistemində daha aktiv iştirakına və həmin sistemin təklif etdiyi imkanlardan daha çox fayda əldə etməsinə yönəlib. Bu baxımdan, qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan milli ali təhsilimizin dünya ali təhsilinə səmərəli inteqrasiya olunması, dünyanın qabaqcıl universitetlərinin müsbət təcrübəsinin ölkəmizə gətirilməsi və ali təhsil müəssisələrimizin beynəlxalq miqyasda tanıdılması xüsusi əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, hazırda ölkəmizdə həyata keçirilən təhsil siyasəti innovasiyaları, ömür boyu və fasiləsiz təhsili, ədalətli və rəqabətli təhsil mühitini, keyfiyyətə zəmanəti, səmərəli idarəetməni və beynəlxalq əməkdaşlığın inkişafını təşviq etməklə Azərbaycanda dünya səviyyəli ali təhsil xidmətləri göstərə bilən universitetlərin formalaşmasını və ölkəmizin ən cəlbedici regional ali təhsil məkanlarından birinə çevrilməsinı hədəfləyir. Ölkə başçısının “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının uğurla icra olunması ali təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı şəkildə artmasını şərtləndirir.

Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxiş” İnkişaf Konsepsiyası təhsili insan kapitalının inkişafı sahəsində ən mühüm iki amildən (digəri səhiyyədir) biri kimi vurğulamaqla, ali təhsilin strateji inkişaf hədəfləri arasında beynəlxalq komponentləri xüsusi vurğulayır. Belə ki, beynəlxalq təcrübədən istifadənin artırılması, Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunması sözügedən Konsepsiyanın əsas müddəaları kimi qeyd oluna bilər.

Konsepsiyanın məntiqi nəticələrindən biri kimi meydana çıxmış vəAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə ali təhsilin inkişaf hədəflərini daha da konkretləşdirir. Azərbaycan ali təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ali təhsilin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi Strategiyanın ana xəttini təşkil edən yanaşmalar sırasındadır. Müəyyən edilmiş beş strateji istiqamətdə ali təhsilin müxtəlif məsələləri (ali təhsil müəssisələrinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsi, hər bir ixtisas üzrə müasir standartların hazırlanması, innovativ təlim metodları və texnologiyaları, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyət standartları, akkreditasiya, maliyyələşdirmə mexanizmi, idarəetmə, kampusların yaradılması və s.) üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zamanı dünyanın aparıcı təhsil sistemlərinin və qabaqcıl universitetlərinin müsbət təcrübəsindən istifadə xüsusi vurğulanır. Strategiyanın “təhsil sahəsində beynəlxalq təcrübə və meyllər” adlanan ikinci bölməsi qloballaşmanın müxtəlif dövlətlərin təhsil sistemlərinin inteqrasiyasını şərtləndirməsi ideyasına əsaslanmaqla milli ali təhsilimizin inkişafında qlobal çağırışların nəzərə alınmasının vacibliyini önə çəkir. Qeyd olunan yanaşma və prinsiplər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında daha konkret formada əks olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil alması imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu vaxta qədər 3500-dən çox Azərbaycan gəncinin Proqram çərçivəsində dünyanın qabaqcıl universitetlərində ümumbəşəri dəyərlər əsasında təhsil almaq imkanı qazanması ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsinə əvəzsiz töhvə olmaqla yanaşı, həmin universitetlərin ali təhsil sahəsində müsbət təcrübəsinin və innovativ təlim-tədris metodlarının Azərbaycana gətirilməsi baxımından da faydalı olub. Sevindirici haldır ki, Proqram çərçivəsində məzun olmuş gənclərin təxminən 40 faizi dövlət strukturlarında, o cümlədən ali təhsilin idarəedilməsi və universitet sistemində çalışır.Hazırlanmaqda olan növbəti Proqramda bir neçə yeni komponentin nəzərdə tutulması (xüsusilə də, dünyanın aparıcı universitetlərinin professor-müəllim və inzibati heyət üzvlərinin Azərbaycana gətirilməsi) ali təhsil müəssisələrimizin müasir beynəlxalq təcrübədən faydalanması və dünya universitetləri ilə beynəlxalq əlaqələrinin inkişafı baxımından yeni imkanlar yaradacaq.

Bütün bunlar göstərir ki, Azərbaycanda universitetlərin ali təhsilin beynəlmiləlləşməsi prosesinə daha aktiv qoşulması və qlobal ali təhsil məkanının üzvi tərkib hissəsinə çevrilməsi üçün lazımi hüquqi təminat və yetərli dövlət dəstəyi vardır. Bu imkanlardan səmərəli istifadə olunması məqsədilə ali təhsil müəssisələrinin öz missiya və məqsədlərinə müvafiq beynəlmiləlləşmə strategiyalarının hazırlanması və reallaşdırılması zəruridir. Həmin strategiyalarda əcnəbi tələbələrin cəlb olunması, beynəlxalq akademik mobilliyin genişləndirilməsi və dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsinin strateji məsələlər kimi nəzərdə tutulması və müvafiq fəaliyyət mexanizminintəqdim olunması məqsədəuyğundur.

Qeyd olunan istiqamətlərdə son illər ərzində ölkəmizdə əldə olunan nəticələr təqdirəlayiqdir. Azərbaycan ali təhsilinin beynəlmiləlləşməsinin və xarici ölkələrlə ali təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunəsi olaraq, zəngin tarixi ənənələri olan və dünyanın yüksək reytinqli ali təhsil müəssisələri arasında yer alan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialınıqeyd etmək lazımdır. Fəaliyyət göstərdiyi səkkiz il ərzində Azərbaycan ali təhsil sistemində layiqli yer tutmağı bacaran bu filial bütövlükdə ali təhsilimizin məzmununda keyfiyyət inkişafına və rəqabət mühitinin güclənməsinə əhəmiyyətli tövhə verib.Hər iki ölkənin dövlət başçılarının təşəbbüsü və dəstəyi ilə yaradılan MDU-nun Bakı filialı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsində əvəzsiz rol oynayır.

Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı milli ali təhsilimizin beynəlxalq ali təhsil məkanına inteqrasiyasının səciyyəvi nümunəsi kimi dəyərləndirilə bilər. Belə ki, milli ali təhsilimizin Azərbaycandan kənarda yeganə təmsilçisi olan UNEC-in Dərbənd filialı ölkəmizin beynəlxalq ali təhsil xidmətləri bazarında təchizatçı qismində iştirakını təmin edir. Filialın fəaliyyəti Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin müvafiq lisenziyası əsasında həyata keçirilir və məzunlar UNEC-in vahid nümunəli diplomlarını əldə edirlər. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında Dərbənd filialı üçün ən müasir standartlara cavab verən kampus tikilib və lazımi tədris infrastrukturu yaradılıb.

Aparılan siyasətin davamı olaraq, 2015/2016-cı tədris ili İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətə başlaması ilə əlamətdar olub. Azərbaycanın Birinci xanımı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan filialın əsas məqsədi Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsindən, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

Ali təhsilimizin beynəlmiləlləşməsinin başqa nümunəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli Sərəncamı ilə ölkəmizdə Fransız-Azərbaycan Universitetinin (UFAZ) təsis olunması Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədi daşıyır. UFAZ iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməklə bərabər, ali təhsilimizin Avropa ali təhsil məkanına daha da yaxınlaşmasını sürətləndirəcəkdir.

Qeyd olunanlardan əlavə, son illər ərzində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması, Azərbaycan Respublikası ilə bir çox ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaların iclaslarında təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafına dair müzakirələrin davam etdirilməsi, “Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təsis olunması barədə Niyyət Memorandumu”nun imzalanması, Azərbaycan Respublikası təhsil nazirinin YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşündə iştirak etməsi, ali təhsil müəssisələrimizin Londonda və Koreyada keçirilən Dünya Təhsil Forumlarunda təmsil olunması, Azərbaycan-İtaliya və Azərbaycan-Fransa Universitetlərarası Forumlarının keçirilməsi, Təhsil Nazirliyi ilə THOMSON REUTERS şirkəti arasında imzalanmış əməkdaşlıq Sazişinə əsasən, ali təhsil müəssisələrimizin “Thomson Reuters Web of Science” platformasına çıxış əldə etməsi, Fransanın Yuxarı Elzas Müluz Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılması, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq olunması və həyata keçirilmiş digər tədbirlər ali təhsilimizin beynəlmiləlləşməsi və ali təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafına xidmət edir.

Cari ilin iyun ayında QS reytinq agentliyinin açıqladığı hesabata əsasən İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sırf iqtisadyönümlü universitetlərin reytinq sıralamasında dördüncü olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də ali təhsilin beynəlmiləlləşməsi sahəsində ölkədə aparılan siyasətə adekvat addımlar atır.Bu sıradan,UNEC-in dünya universitetlərinin reytinq sıyahılarında bir qayda olaraq, ilk sıralarda yer alan London Universitetinin London İqtisadiyyat Məktəbi ilə (LSE) ikili diplom proqramını xüsusi qeyd etmək olar. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramı uğurla başa vuran tələbələr iki diplom – UNEC-in və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edirlər. 2015/2016-cı tədris ilində ilk qəbulu həyata keçirilən proqram hazırda uğurla icra olunur. Tamamilə ingilis dilində olan tədris prosesinə əsasən, LSE-dən göndərilən professorlar cəlb olunur və tələbələrin biliyinin qiymətləndirilməsi Britaniya Şurasının (British Council) vasitəçiliyilə Londonda həyata keçirilir.Son bir ildə uğurla həyata keçirilən proqram LSE-nin tədris modelinin ölkəmizə gətirilməsi, Azərbaycanda ali təhsilin məzmununun müasir dünya standartlarına uyğunlaşdırılması, eləcə də milli təhsilimizin beynəlxalq imicinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bundan başqa, Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə ikitərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində cari ilin aprel ayında UNEC Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına dair razılaşma imzalayıb. Proqrama qoşulan UNEC tələbələri üçüncü kursu Fransada təhsil almaq imkanı qazanırlar. Proqramı uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu ədə edəcəklər. Artıq proqramın icrasına başlanılıb və Montpellier Universiteti tərəfindən seçilmiş beş UNEC tələbəsi 2016/2017-ci tədris ilində Fransda təhsil alacaqlar.

Hesab edirik ki, Avropa ilə Asiya arasında strateji coğrafi məkanda yerləşən, ali təhsil sahəsində zəngin ənənələri olan və ali təhsilin modernləşməsinə yüksək dövlət qayğısının olduğu Azərbaycanın regional və beynəlxalq ali təhsil bazarının aparıcı iştirakçısına çevrilməsi potensialı kifayət qədər yüksəkdir. Ölkə başçısı cənab İlham Əliyevin “postneft dövründə qeyri-enerji ixracının artırılması” konsepti yaxın perspektivdə Azərbaycanın ali təhsil xidmətləri ixracı (əcnəbilərin ölkəmizdə ali təhsil alması, professorlarımızın xarici universitetlərdə dərs deməsi və s.) sahəsində də mühüm nailiyyətlər əldə edəcəyinə əminlik yaradır.

 

Şahin Bayramov,

iqtisad üzrə fəlsəfə doktoru,

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru,

Fulbright təqaüdü çərçivəsində həyata keçirilən Hubert H. Humphrey

Proqramının “Ali təhsilin idarə edilməsi” ixtisası üzrə 2016-cı il məzunu.

http://www.respublica-news.az/index.php/elm-v-t-hsil/item/12060-azaerbaydzan-n-beynaelmilaellaeshaen-ali-taehsili

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - vozol - Betosfer - instagram video downloader - aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle - marsbahis -

Venusbet

-

marsbahis giriş

-

Loodgieter Den Haag

-

sahabet güncel giriş

- onwin güncel giriş - tiktok takipçi satın al