Bəhruz Məmmədov 1991-ci il sentyabrın 7-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. Kiçik yaşlarında valideynlərini itirən B.Məmmədov nənə-babasının, onlar vəfat etdikdən sonra isə bibisinin himayəsində böyüyüb. Orta təhsilini Xaldan kənd kompleks tam orta məktəbində alıb. Təhsil aldığı dövrdə yüksək nəticələr göstərdiyinə görə imtahan verərək 2-ci sinifdən 4-cü sinfə keçib. Respublika üzrə gənc rəssamların müsabiqəsində 1-ci yerə layiq görülüb, fənn üzrə olimpiadalarda iştirak edib. 2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 571 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olub. 2013-cü ildə bakalavriat təhsilini bitirdikdən sonra, təhsilini magistraturada davam etdirib. İngilis, alman, rus və polyak dillərini, eləcə də informasiya texnologiyaları sahəsini mükəmməl bilirdi.
2013-2014-cü illər ərzində həqiqi hərbi xidmətdə olarkən hərbi hissənin komandiri tərəfindən “Təşəkkür” məktubu ilə təltif edilib.
Bəhruz Məmmədov 2020-ci il sentyabrın 28-də Yevlax rayon hərbi komissarlıqdan qismən səfərbərliyə çağırılıb, 5 oktyabrda isə döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olub. Bəhruz Məmmədov Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.
Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.*