Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə seçilmiş hər bir sahə vacib əhəmiyyətə malikdir. Baxmayaraq ki bu sahələrin heç də hamısı ümumi daxili məhsulda əlavə dəyərin payına görə yüksək faizə malik deyil, bu sektorlar həm formalaşmış istehsal strukturunun mövcudluğuna (ağır sənaye, maşınqayırma və s.), həm məşğulluq səviyyəsinin yüksəldilməsinə (kənd təsərrüfatı və s.) həm də sahibkarlıq ənənəsi yaratmaq və pul ötürücülüyünün artırılmasına (logistika, turizm, ticarət, KOS istehlak malları istehsalı və s.) təsir imkanları baxımından həlledici rola malikdir.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin direktor müavini Fariz Quliyev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Strateji Yol Xəritəsinin başlıca istiqamətlərinə baxdıqda Azərbaycanın milli iqtisadiyyatının potensialı nəzərə alınmaqla 8 prioritet sektorun seçildiyini görürük. Bu sektorların hər biri üçün təfsilatlı Strateji Yol Xəritəsinin ilkin versiyasının hazırlanması göz önündədir. Bunlardan 4-ü istehsal sektorunun (neft-qaz, kənd təsərrüfatı məhsullarının istehsal və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma), 2-si xidmət sektorunun (ixtisaslaşmış turizm, logistika və ticarət) və nəhayət, digər 2-si sosial sektorun (uyğun qiymətə mənzillər və kompleks məsələ kimi peşə təlimləri) davamlı inkişafını nəzərdə tutub.
Həmçinin Strateji Yol Xəritəsi iterasiya yolu ilə, yəni, təkrar hesablamalar aparmaqla, həm makro səviyyədə, həm də mövcud reallıqlar nəzərə alınmaqla seçilmiş 8 sektor üzrə təhlil edilməkdədir. Təhlillər əsasında dövri hesabatlar hazırlanmaqla Strateji Yol Xəritəsinin makroiqtisadi kəmiyyət və keyfiyyət göstəricilərinə təsiri Strateji Yol Xəritəsi üzrə fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini həyata keçirən idarəetmə sisteminə həvalə olunacaq. Bunun üçün təklif olunan yanaşma və vaxt planının həyata keçirilməsi üçün idarəetmə strukturu həm dövlət orqan və komissiyaları səviyyəsində, həm də sektorların inkişafı üzrə idarəetmə heyəti, qrupu və alətləri ilə müəyyən olunmaqdadır.
Yuxarıda qeyd edilmiş strateji və administrativ tədbirlər planının həyata keçirilməsi milli iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Burada ən populyar termin rəqabətqabilliyətli və rəqabətədavamlı istehsal və xidmət məhsullarının formalaşdırılmasıdır ki, bu da azad ticarət siyasəti həyata keçirməklə inkişaf etmək istəyən ölkəmizin ümumi məhsul buraxılışında qeyri-neft sektorunun payını haqlı olaraq artırmağa meyil etməsi, xarici valyuta ehtiyatının saxlanması və artırılması, cari xərclərin bütünlüklə və kapital xərclərinin əsasən qeyri-neft gəlirləri ilə qarşılanması, büdcə gəlirlərinin imkan verdiyi həcmdə pro-tsiklik və kontr-tsiklik fiskal siyasətin həyata keçirilməsi ilə balanslaşdırılmış büdcənin təmin edilməsi, sosial ədalət və cəmiyyətin inklüziv inkişafına nail olunması ehtiyaclarını açıqlıqla ortaya qoyub.
“Rəqabətqabiliyyətli” sözünün klassik mənası nəzərə alınmaqla onu demək lazımdır ki, Strateji Yol Xəritəsi ilə cızılmış inkişaf strategiyası istehsal və xidmət məhsulunun rəqabətədavamlılığını o zaman təmin edə bilər ki, məhsul və xidmətin geniş təkrar istehsalı özəl təsərrüfat subyektləri tərəfindən arzu edilən olsun. Yəni, rəqabətqabiliyyətli məhsul və xidmət istehsalını ortaya qoyan təsərrüfat subyekti növbəti maliyyə ilində də bu istehsalı bir daha həyata keçirməyə razı olsun. Təsdiq edilmiş milli iqtisadiyyat və sektorlar üzrə yol xəritələri həmin sektorlar üzrə iqtisadi və sosial dəyərin formalaşdırılmasına və boşluqların doldurulmasına xidmət edir. Lakin bu strateji xəritələr yenicə təsdiq edilib və onların fəaliyyət tarixçəsi mövcud deyil. Bu məqsədlə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf üzrə yol xəritələrinə nəzər yetirmək və ümdə məsələlər üzərində köklənmək lazımdır. Burada elmi-iqtisadi əsaslandırma vacib olsa da, mövcud reallıqları respublikamızdan fərqlənən müxtəlif cəmiyyətlərdə təsdiq edilmiş iqtisadi inkişaf siyasəti üzrə yol xəritələrinin fəaliyyəti nəticəsində üzə çıxmış boşluqlara nəzər yetirməyə ehtiyac var. Müxtəlif cəmiyyət və sosial birliklərdə çatışmazlıq halında ortaya çıxan ümumi amillərə diqqət yetirmək və onları müəyyən etmək əsas məqsəd hesab edilir. Bu məqsədlə ABŞ-ın Kolumbiya əyaləti, Merilənd və Virginia ştatlarındakı iqtisadi inkişaf siyasətində boşluqların təhlilinə nəzər salsaq görərik ki, bu təhlil heç bir halda yol xəritəsinin iqtisadi artımın stimullaşdırmasında səmərəliliyinə və təsirinə şamil edilmir. Əksinə, bu təhlil strateji siyasət sahələrini dəqiqləşdirmək məqsədi daşıyır.
Görmək olar ki, 2000-ci illərdə iqtisadi güc mərkəzi hesab olunmasına baxmayaraq, Vaşinqton regionu və Kolumbiya əyalətində 2010-cu ildən bu günə kimi iqtisadi geriləmə müşahidə olunur. Bir neçə əsas iqtisadi göstəricilərdə, o cümlədən iş yerlərinin artımına görə Kolumbiya əyaləti digər metropolitan ərazilərdən geridə qalıb. Bu geriləmənin əsas səbəbi dövlət xərclərinin bu əyalətdə əhəmiyyətli dərəcədə azalmasındadır. 2010-2013-cü illər ərzində dövlət xərcləri adıçəkilən əyalətdə 13 milyard ABŞ dolları həcmində azalıb.
Beləliklə, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, belə nəticəyə gəlmək olar ki, məşğulluğa mənfi təsir etməmək üçün dövlət xərclərinin azaldılması zamanı yol xəritəsinin həyata keçirilməsi prosesində məşğulluq ənənəsinin və əmək fəaliyyətinin ixtisaslaşmasının rəqabətqabiliyyətli məhsul və xidmət istehsalında əsas rol oynamasına diqqət edilməsi tövsiyə olunur.
Elvira Məmmədova