Eldar Əliyev 1994-cü il fevralın 13-də Bakıda anadan olub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə Fakültəsinə daxil olub.
Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutub. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayıb. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb. Şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı. 2015-ci ildə məzun olduqdan sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində motoatıcı pulemyot atıcı olaraq xidmət edib.
2016-cı il hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olub. 18 oktyabrda Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Nyu-York Tayms” qəzetində İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs olunub.