Polşanın Krınisa-Zdruy şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə XVII İqtisadi forum keçirilib.
60-dan çox ölkənin dövlət nümayəndələri, alim, iş adamı və ekspertlərinin təmsil olunduğu forumda dünyada baş verən mövcud iqtisadi durum barədə müzakirələr aparılıb.
UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov iqtisadi forumda “Azərbaycanda “Şərq tərəfdaşlığı” proqramı: Uğurlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. İştirakçıların marağına səbəb olun məruzədə professor Z.Məmmədov Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin yeni mərhələdə uğurla inkişaf etdiyindən danışıb, “Şərq tərəfdaşlığı”na daxil edilən ölkələr arasında Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında əsas rol oynayan ölkə olduğunu qeyd edib.
Professor çıxışında elm və təhsil sahəsində, o cümlədən ali təhsil müəssisələri ilə alimlər arasında qurulan əməkdaşlığın, ölkələrarası əlaqələrin inkişafına mühüm təsir göstərən məqamlardan olduğunu da xüsusi vurğulayıb. UNEC-də bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran professor universitetin beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə aparılan ikili diplom proqramları, müəllim-tələbə mübadiləsindən danışıb. Z.Məmmədov UNEC-də mütəmadi olaraq dünyanın tanınmış iqtisadçı almlərini bir araya gətirən beynəlxalq elmi konfransların keçirildiyini forum iştirakçılarının diqqətinə çatdırıb.