Əsəd Əsədli 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib.
2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə (UNEC) daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb, Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.
Tovuz hadisələri zamanı Səfərbərlik Xidmətinə müraciət edərək, orduya könüllü getmək üçün qeydiyyatdan keçib. Sentyabr ayının 29-da isə onu orduya çağırılıb. Şəmkir rayonunda formalaşdırılmış könüllülərdən ibarət dəstəyə qatılıb. Qısa müddət çəkən təlimlərdən sonra isə həmin dəstə ön cəbhəyə göndərilib. Vətən müharibəsi dövründə Əsədin keçdiyi şanlı döyüş yolu bir çox qəhrəmanlıqlarla əlamətdar olub. Həm qorxu bilməz, igid döyüşçü kimi, həm də sadiq dost kimi yoldaşlarının rəğbət və hörmətini qazana bilib. Əsədin ən böyük qəhrəmanlıqlarından biri 21 nəfər yaralı əsgərin mühasirədən çıxarılması ilə bağlı olub. Belə ki, Xocavənd uğrunda gedən döyüşlər zamanı əsl qəhrəmanlıq nümunəsi göstərən Əsəd düşmənin tankını və onlarla əsgərini məhv edərək, mühasirəyə düşmüş əsgər yoldaşlarını mühasirədən və ölümdən xilas edib. Vətən müharibəsinin ilk günlərindən Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Ə.Əsədli döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub.
II Fəxri Xiyabanda dəfn edilib.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı var.
Şəhid Əsəd Əsədlinin təltifləri