İyunun 24-26-da Bakı Ekspo Mərkəzində “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.
Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.
Sərgidə məhsullarını təqdim etmək istəyən yerli şirkətlər *0555 və ya (+994) 50 254 33 49 nömrələrinə müraciət edə bilərlər.