Fərdi tədris planı (FTP) nədir və o, necə tərtib olunur? 

Hər tədris ili üçün tələbələrin fərdi tədris planları (FTP) hazırlanır. Tələbələrin FTP-ləri müəyyən olunmuş forma üzrə onların özləri tərəfindən tərtib olunur. Bu zaman tyutorların köməyindən də istifadə oluna bilər. Tələbə FTP-ləri tərtib edilərkən onlara həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin seçilməsi imkanı yaradılır. FTP-lər iki nüsxədə tərtib edilir, bir nüsxəsi tələbədə, digəri isə  fakültədə saxlanılır.

Universitetə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən FTP hazırlanır və sentyabrın 10-na qədər tələbələrə təqdim edilir.

*

Növbəti tədris ilində tələbələr ixtisasın (ixtisaslaşmalar) tədris planı əsasında öz FTP-ni hazırlayır, zəruri hallarda tyutor ilə bu barədə məsləhətləşmələr aparır, onu imzalayır, tarixi qeyd edir (yay semestrində iştirak edib-etməməsindən asılı olmayaraq) və iyul ayının 5-dən 15- nə qədər fakültəyə təqdim edir. Növbəti tədris ili üçün tələbənin FTP-si tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.

Tələbə sentyabrın 10-na qədər FTP-nə öz düzəlişini edə bilər. Sonradan FTP-də heç bir dəyişiklik aparılmasına icazə verilmir. Yalnız payız semestrində akademik borcu yaranan tələbələr qış tətilinin ilk həftəsində FTP-də müvafiq düzəliş edə bilərlər.