Təxminən 2 ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri və magistrantları iş təcrübəsini elə ali məktəbin özündə əldə edirlər. Buna 2013-cü ildən universitetin nəzdində fəaliyyət göstərən virtual müəssisə imkan verir.
Virtual müəssisə universitetin əsas korpusunda 3-cü mərtəbədə 307-ci otaqda yerləşir. Müəssisənin adı da təyinatına uyğundur – yalnız kompüter proqramlarında mövcud olan «Numberoid» şirkətində 20 tələbə çalışır. Virtual şirkətin ofisi ofis avadanlıqları ilə təchiz edilib və burada əsl korporativ mühit hökm sürür.
Əslində virtual müəssisələr dünyada geniş yayılıb. Belə müəssisələri birləşdirən “Pen İnternational” təşkilatının şəbəkəsinə 42 ölkədən 7500 virtual müəssisə daxildir və onlar əsasən, ABŞ, Kanada kimi ölkələrdə, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya regionlarında yayılıb. Məsələn, Rumıniyada 1017, Slovakiyada 779, Çexiyada 759, Sloveniyada 252, Serbiyada 151, Monteneqroda 95, Kosovoda 80, Makedoniyada 56, Moldovada 35, Bosniya və Hersoqovinada isə 16 belə müəssisə var. Müəssisənin rəhbəri Fuad Əliyev deyir ki, Azərbaycanda isə virtual müəssisələrin sayı 2-dir. Bunlardan biri Xəzər universitetində, digəri isə UNEC-də yaradılıb. Məqsəd tələbə və magistrantların işgüzar bacarıqlar əldə etməsi və onları inkişaf etdirməsi, əmək bazarının reallıqları və korporativ dəyərlərlə tanış olmasıdır.
“Numberoid” maliyyə-mühasibat xidmətləri göstərən virtual müəssisədir. Burada işçilər Avropadakı virtual müəssisələrlə elektron poçt və yaxud skayp vasitəsilə əlaqə yaradır, onlara virtual olaraq mal və xidmətlər satır, eləcə də onlardan lazımi məhsulları alır, “Xəzər” universitetindəki virtual bankın köməyi ilə hesablaşmaları həyata keçirirlər.
Müəssisədə virtual olaraq əmək haqqları hesablanır və ödənilir, eləcə də vergi və sosial sığorta ödənişləri yerinə yetirilir. Bütün bunlar üçün şirkətdə baş mühasib, maliyyə-vergi məsləhətçisi, biznesin inkişafı üzrə menecer, auditor, hüquqşünas kimi ştatlar yaradılıb.
Virtual müəssisəyə işə qəbul adi iş yerlərində olduğu kimi, müsahibə yolu ilədir. Bunun üçün universitetin rəsmi internet səhifəsində elan verilir, tələbə və magistrantlardan CV-lər toplanılır. Seçim zamanı adətən sonuncu kurslarda təhsil alan bakalavrlara (təcrübə keçməli olanlara) və magistrantralara üstünlük verilir. Amma istənilən halda potensiallı şəxslər müəssisəyə işə qəbul edilir. Azərbaycandakı başqa iş yerlərində olduğu kimi burada da iingilis dili bilənlər tələb olunur, amma dil tələbi hamı üçün deyil: “İngilis dilini o adamlar bilməlidir ki, onların işi xarici tərəfdaşlarla ticarət sövdələşməsi aparmaq olacaq. Hər vəzifə üçün ingilis dili tələbi yoxdur” – deyə Fuad Əliyev bildirir. Hazırda “Numberoid” şirkətində 20 nəfər işləsə də, tezliklə bu rəqəmin 10 dəfə artırılması nəzərdə tutulub. Belə ki, tezliklə iki növbəli tədris əsasında gün ərzində müəssisədə 40 nəfər işləyəcək ki, bu da öz növbəsində eyni vaxtda 200 nəfərin bu layihədən faydalanması deməkdir.
«Numberoid» virtual müəssisə olsa da, onun əsas səqsədi tələbələri real iş həyatına uyğunlaşdırmaqdır. Reallıqda isə hər şey qaydasında olmur, ofis həyatı iş gəiginlikləri, stresslər, rəhbərliyin tələbləri, işin vaxtında icrası ilə bağlı məsuliyyətlər deməkdir.
Fuad Əliyev deyir ki, tələbələrin burada özlərini əsl biznes mühitində hiss etməsi üçün bütün bunlar nəzərə alınır. Belə ki, müəssisədə görülən işlər təhlil edilir, səhvlər göstərilir, işçilərə tövsiyyələrini bildirir. İşçilərə qarşı tələbkar davranılır, yol vedikləri nöqsanlara görə tədbirlər görülür. Məsələn, işə gecikənlərin virtual əmək haqqından pul tutulur. İşlərini yaxşı icra etməyənlərə isə iradlar bildirilir. Başqa cür ola bilməz – tələbələr işin məsuliyyətini indidən dərk etməli və iş həyatına indidən uyğunlaşmalıdır.
«Numberoid»də iş stajı cəmi 3 aydır. Hər bir tələbə və magistrant virtual müəssisədə bu qədər işləyir, sonra onları başqaları əvəz edir. Fuad Əliyev deyir ki, bu müddətdə onlara iqtisadi qanunvericilik, kommersiya hüququ, bank işi, mühasibat uçotunun beynəlxalq standartları və müxtəlif mövzularda təlimlər keçirilir, onlar əmək bazarının tələblərinə uyğun hazırlanırlar.
Yaxşı işləyən, yəni əməliyyatlarının sayı çox olan, xarici virtual müəssisələrlə sıx əlaqələr yaratmağı bacarmış iştirakçılara beynəlxalq sertifikat verilir. Məsələn, indiyə qədər 127 nəfər bu müəssisədə işləyib ki, onlardan da 9-u “Pen İnternational” təşkilatının sertifikatına layiq görülüb. Bu isə gələcək iş həyatı, uğurlu karyera qurmaq üçün çox əhəmiyyətlidir. Məsələn, bu virtual müəssisədə uğurlu təcrübə qazanmışlar arasında hazırda “PAŞA Bank”da işləyənlər, “Holcim Azerbaijan” şirkətində ödənişli təcrübə keçənlər var.