UNEC rektoru professor Ədalət Muradov şura üzvləri ilə görüşərək, öncə şəhid olmuş məzun və tələbələrin xatirəsinə ucaldılan memorial-abidə kompleksini ziyarət ediblər. Sonra 24/7 kitabxana, Ekstern mərkəzi, Karyera mərkəzi, Bloomberg Maliyyə laboratoriyası, hibrid auditoriyanın iş fəaliyyəti ilə tanış olublar. Şura üzvlərinə UNEC-in Eduman sistemi üzərindən tələbə və müəllim kabinetlərinin iş prinsipi əyani şəkildə nümayiş olunub.
Universitetlə tanışlıqdan sonra şura üzvlərinin rektor və müvafiq struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə rektor Ədalət Muradov UNEC-də təhsilin və elmin rəqəmsallaşdırılması, tədris prosesi, məzunların məşğulluğu, dünya reytinqlərindəki mövqeyi, elmi fəaliyyəti ilə bağlı görülmüş işlərdən və universitetin davamlı inkişafı istiqamətində atılacaq addımlardan bəhs edib.
İctimai Şuranın sədri professor Hikmət Əlizadə UNEC-də həyata keçirilən yenilikləri yaxından izlədiyini diqqətə çatdıraraq, bu ali təhsil müəssisəsinin təhsilin rəqəmsallaşdırılması istiqamətində tətbiq etdiyi yenilikləri ölkə elminin və təhslinin inkişafına müsbət təsir etdiyini vurğulayıb.
Şura üzvləri UNEC-in beynəlxalq standartlara uyğun təhsil modelini, eləcə də davamlı inkişafa yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirərək, tətbiq olunan yenilikçi yanaşmalarının ölkə təhsilinə töhfələr verəcəyini bildiriblər.