Tədbirdə bildirilib ki, Zəngilan erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalan sonuncu rayonumuzdur. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
Tələbələrə məlumat verilib ki, Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İşğaldan sonra ermənilər ağacları doğrayaraq xarici ölkələrə satıblar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.
Tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirlib, videoçarx nümayiş olunub.