“Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda həsr olunan seminarda İstanbul Universitetinin prorektoru, professor Sedat Murat bilik cəmiyyətinin formalaşmasında akademik etikanın önəmindən söz açıb. Müasir dövrdə elmi tədqiqat sahəsində vüsət alan plagiatçılığın dünya elmini narahat edən qlobal problemə çevrildiyini diqqətə çatdıran professor, Türkiyənin plagiatçılıqla mübarizə metodlarından nümunələr çəkərək, bu prosesdə universitetlərin əhəmiyyətli rol oynadığını bildirib. UNEC-də elmi etikanın qorunmasına yönəlik atılan addımları müsbət qiymətləndirən S.Murat bu təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı ali məktəblərin tədqiqatyönümlü universitetlərə çevrilməsinin əhəmiyyətindən danışıb, tədqiqatların beynəlxalq standartlara cavab verməsində akademik sərbəstlik və elmi mühit yaradılmasının vacibliyini vurğulayıb. Universitetləri beyin mərkəzləri adlandıran H.İsaxanlı tədrisə güclü tədqiqatçıların cəlb edilməsinin önəmindən danışıb. Azərbaycan Universitetinin prorektoru, professor Yusif Qasımov isə saxta tədqiqat bazarı və “yırtıcı” jurnalların təyin olunması meyarlarını açıqlayaraq, onlara qarşı mübarizə tədbirlərindən danışıb. İnternet üzərindən əksər elmi jurnalların əlçatan olması, qlobal elmi baza və kitabxanaların təqdim etdiyi xidmətlərin elmi fəaliyyətə təkan verdiyini qeyd edən professor, bunun plagiat üçün də münbit zəmin yaratdığına diqqət çəkərək, elmi müəssisələrin plagiatla mübarizəyə kompleks yanaşmasının zəruriliyini vurğulayıb. BDU-nun professoru Kamil Səlimov elmi nəşrlərdə etik prinsiplərin qorunmasında Avropa təcrübəsindən danışıb, bu istiqamətdə akademik etik məcəllənin qəbul edilməsinin vacibliyini qeyd edib. UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də bu istiqamətdə atılan addımlardan bəhs edib. O, müasir elmin inkişafında bibliometriya və elmmetriyanın artırılmasına diqqət çəkərək, İndeks Hirş artırma texnologiyası və imitasiya elminin inkişafından söz açıb.
Elmi seminarda “yırtıcı” jurnallara qarşı mübarizə metodları səsləndirilib. Biliklə yanaşı, bilik istehsal edən bütün subyektlərin qiymətləndirilməsi, dövlətlərin və beynəlxalq qurumların bu sahədə qəbul etdiyi siyasətin perspektivləri, elmi fəaliyyətin kompleks qiymətləndirilməsi, qorunması və bilik cəmiyyətinin formalaşmasında elmi etikanın əhəmiyyəti müzakirə edilib. Professorlar akademik etika mövzusunda kitabın hazırlanmasını təklif ediblər. Kitabın ən qısa zamanda nəşr edilməsi məqsədilə işçi qrupu yaradılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.