Keyfiyyət elçilərindən təklif: kompleks tədbirlər nəticə verəcək

15 MART 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rektor, professor Ədalət Muradovun iştirakı ilə keyfiyyət elçiləri ilə görüş keçirilib. Görüşdə keyfiyyət elçilərinin “Maliyyə və mühasibat” fakültəsi üzrə keçirdikləri monitorinqin nəticələri açıqlanıb. Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru Raqif Qasımov hesabat çıxışında müşahidə edilən problemlər barədə məlumat verib, xüsusilə, EDUMAN sistemindən istifadə ilə bağlı müəllimlərin çətinlikləri vurğulanıb. Üç həftə ərzində aparılan monitorinqlər nəticəsində tədris prosesində üzə çıxan mənfi və müsbət məqamlar müzakirə edilib və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib. Təkliflər sırasında “Yay məktəbi” formatında müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi də yer alıb.

Rektor Ə.Muradov hesabata münasibət bildirərkən qeyd edb ki, keyfiyyətin yüksəldilməsi UNEC qarşısında davamlı və uzunmüddətli strategiya olaraq qalır. Bu baxımdan monitorinq prosesində əldə olunan nəticələr gələcək fəaliyyət istiqamətinin təyin olunması üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra UNEC-ə cəlb ediləcək əməkdaşların İKT sahəsində biliklərə sahib olmasının diqqətə alınacağı rektor tərəfindən qeyd edilmiş, bildirilmişdir ki, tədris prosesində innovasiyaların tətbiqi və İKT bacarıqlarını aşılanması üçün silsilə addımların bundan sonra da atılması zəruridir.

Monitorinq nəticəsində özünü daha çox büruzə verən məsələlərdən biri kimi ortaya çıxan tələbə-müəllim münasibətlərinin yeni, səmərəli əsasda qurulması üçün tədbirlər planının hazırlanması təklifi irəli sürülüb. Tədrisin əmək bazarının bugünki tələbələrinə uyğunlaşdırılması üçün iş adamlarının tədris prosesinə cəlb edilməsi, mövcud dərs proqramlarının və sillabusların hazırlanmasında onların iştirakı da nəzərdə tutulub.

Rektor yekunda keyfiyyət elçilərinə göstərilən fəaliyyətə görə təşəkkürünü bildirib və qeyd edib ki, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəuyğundur.