Məmməd İlqar. “QARATEL” – Dastan-poema (azyb.net)

Qarabağ: ağrılarımız, acılarımız…
Sizlər üçün yazıram bu dastanı,
Məndən sonra doğulacaq dostlarım.
Yolçuya bir neçə söz
Sən ey yolçu, yoldasansa-yol – ərkana borclusan!
“Bir cana borcluyam” demə -min bir cana borclusan!
Oğrusanmı, doğrusanmı -yetər Haqqın Divanı,
Şahənşah ol – axıtdığın qətrə qana borclusan!
Bir ANA var – adı VƏTƏN, soyadı da VƏTƏNdi!Çevrəsində gül adı da, göy adı da VƏTƏNdi!
Bayrağından bəhs eyləyən bayatı da VƏTƏNdi –
Bəşər sənə borcludusa – sən bir ONA borclusan!!
Qulluğuna bir ərzim var, ərşi-gürşü bilən kəs –
Bivəfadan nə götürər, bivəfaya gələn kəs?
Bu dastanı varaqlayıb ağlayan kəs, gülən kəs.
Unutma ki, Qarateltək
Qəhrəmana borclusan!!!* * *Yolçu, nə hallar üstəsən?-
Qəzalar, qallar üstəsən…
Müqəddəs yollar üstəsən –
Yollar köməyin olsun!Səkkiz ümidtək sayrışır –
Başın üstə işıl-işıl
Dalğalanan mavi, yaşıl,
Allar köməyin olsun!Düz deyib əyri getmə sən,
Gedirsə qeyri – getmə sən.
Allahdan ayrı getmə sən –
Allah köməyin olsun!!

Ürəyinin qəfil sancmasından yolçunun gözlərinə qaranlıq çökdü. Çətinliklə də olsa, maşını yolun kənarına çəkib saxlaya bildi. Oturduğu vəziyyətdə bir müddət hərəkətsiz qaldı. Sonra böyründən sürətlə keçən təkəm-seyrək maşınların qıyıltısını eşitdikcə, sağ-salamat olduğunu anladı və zülmət qaranlıqda zəif işartıya bənzər bir sevinc hissi də duydu deyəsən…
Birtəhər maşından düşüb yaylığını çıxartdı. Axşamdan qalan yağış gölməçəsində isladıb, soyuq tər basmış alnına, sinəsinə çəkdi. Bir neçə an içində qollarının, dizlərinin bu cür heydən düşməsinə heyrətlənib: – “beləmi olurmuş, ə, bu…” pıçıldadı.
O “bu” deyilən şeyin üzünü indicə görmüşdü və elə bu səbəbdən də canından ani bir üşütmə keçdi…
Qərarlarının, məramlarının, məqsədlərinin təkcə öz iradəsindən asılı olmadığına tam inanıb, üzünü çox vaxt inanmadığı göylərə tutdu: “-İlahi, mənə vaxt ver, İlahi, mənə imkan ver, İlahi, məni Qaratelin ruhu qarşısında üzüqara eləmə”- dedi.
Özünə gəldikcə beyni də işıqlanmağa başlayırdı. Oturacaqdan döşəkcəni götürüb, yolun bir az aşağısına, ulğun kollarının arasına düşüb oturdu. Yolboyu düşündüklərinin, fikirlərinin harda qırıldığını xatırlamağa çalışdı… Hə, Qaratelin ömürlüyündə…
“-Hacımahmudova Qaratel Şəmi qızı. Qazaxın Aşağı Əskipara kəndində doğulub. Azərbaycan Xalq Təsərrüfatı (indiki İqtisad Universiteti) İnstitutunu bitirdikdən sonra yenə də Qazağa qayıdıb. Bir müddət şəhərin mərkəzində yerləşən ən böyük və yeganə univermağın direktoru işləyib.
Qapılarına gələn elçilərin hamısını ümidsiz qaytarıb. Gəncliyini, bir sərxoş bıçağının qurbanı olmuş qardaşı Məhəmmədin körpə balalarını böyütməyə həsr edib və hamısını böyüdüb ərsəyə çatdırıb. Sonra da…
Sonra da müharibə başlayıb və…”
Saata baxdı, bir saata yaxındı ki, dayanmıışdı. Özünü gümrah hiss edirdi. Hətta əlini yelləyərək düz gözlərinə düşən günəşi də salamlamağı unutmadı və bu hərəkətindən özü də xoşhallandı. Çünki, əvvəllər heç belə şeylər eləməzdi. Göyün bu cür ləkəsiz, tər-təmiz olmasını da ömründə ilk dəfə görürdü sanki… Beləcə, işıqlı bir ovqatla mühərriki işə salıb yolun davamına başladı. Qazaxa hələ çox qalırdı. Yolboyu onu indiyə qədər bir dəfə də incitməyən, bü günkü qədər qorxutmayan ürəyilə zarafatlaşır, oxuyur, ona oxşamalar deyirdi…

Allahın adıyla qələm götürdüm
Dastan yazım- Qaratellər eşqinə.
Mən səni özümə “lələ” götürdüm,
Yola gəl-çıxdığım yollar eşqinə,
Tələsmə sən belə, tələsmə ürək…
Aman ver sən mənə, aman ver görək…

Bu xalqın dünənki tarixi saxta,
Yalanlar yazılıb qızıl- qırmızı…
İndi mənim könlüm ayrı soraqda-
Yurdu yağmalanmış yosma bir qızın
Nə yazmış alnına, bu kəmtər fələk?
Aman ver ürəyim, aman ver görək…

Gör bu nə müqəddəs məhəbbətdi ki,
Nə şöhrət güdürük, nə baxt umuruq.
Bircə sən bilirsən-nə müddətdi ki,
hissimə hakimdi bu baxtıburuq,
Ömrümə qənimdi bu ömrügödək,
Aman ver ürəyim, aman ver görək…

Səngidib sinədə odu- ocağı,
Dəli duyğuları damlamaq olar.
Nə vaxtsa-Bir ömrün çək- çevir çağı
Baba danlağına tablamaq olar-
Oba danlağına tablamaq gərək!
Aman ver ürəyim, aman ver görək…

Aşanlar az deyil zaman səddini,
Zaman öldürəni zaman dirildir…

Kim ona göylərdən əmr verirdi,
Kor olmuş göylərin əmri nəydi ki?..
Nə sirrin namına ömür verirdi,
Ölmüşün özünün ömrü nəydi ki?-
Qəzalar qəhrində çırpınan lələk!
Aman ver ürəyim, aman ver görək…
“Ocaq sevgisinə, Torpaq adına,
Öləmməz hər yoldan ötən!”- deyirdi
Necə can qıyırdı Torpaq andına
Niyə son nəfəsdə-“Vətən” deyirdi,
Gülləni köksünə boşaldan mələk?-
Tələsmə ürəyim, aman ver görək…

Dörd gün ərzindəki qeydlərini təzədən vərəqlədikcə gəldiyi qənaət yolçunu heç təəccübləndirmirdi də. Ayrı-ayrı vaxtlarda, ayrı-ayrı həmsöhbətlərinin Qaratel haqda fikirləri tam üst-üstə düşürdü. Sanki, bircə adamın fikriydi: – Ana kimi, bacı kimi qayğıkeşdi, yetərincə sərtdi, məğrur və qorxmazdı, nə edəcəyi haqda qərarı özü verirdi və o qərar yerinə yetməliydi, qorxaqlara qarşı amansızdı. Bütün bunları söylərkən döyüş dostlarının hamısı kövrəlirdi. Hətta onlardan biri dodaqları səyriyərək sərtlənmişdi də: -Qız xeylağıydı, nə işi vardı onun səngərlərdə, lazım idimi ona belə şan-şöhrət, qarayığval özünü də yazıq elədi, bizi də.
– Sizi niyə?
– El nə deyər adama? Bir belə kişi bir qızı qoruya bilmədik, hələ də qocaların gözlərinə baxammırıq…
– Gərək əvvəldən razı olmayaydınız sizə qoşulmağa.
– Siz ONU tanıyırdınız?..
Yolçu həmsöhbətinin bir az ironiyalı baxışından, sualı bu cür məxsusi vurğuyla uzatmağından mətləbi anlamış və susmağa üstünlük vermişdi.
– Əlli dəfə demişdik: bacı, sən qayıt kəndə, bu müharibədi, vurula bilərsən, əsir düşə bilərsən Allah eləməmiş. Hər dəfə də özüylə gəzdirdiyi əl mərmisini çıxarıb göstərər, “ölərəm, əsir düşmərəm” – deyərdi. Hayıf ondan, qardaş, o, fədaiydi! Hələ xeyli əvvəl Bağanis yandırılanda görmüşdüm onun inadkarlığını.

1990-cı ilin 21 mart gecəsi Qazağın Bağanıs Ayrım kəndi ermənilər tərəfindən yandırıldı

Od içində qovrulurdu Bağanis Ayrım,
Bir hay verib, harayına gələn yoxuydu.
Öz içində qıvrılırdı Bağanis Ayrım –
Burda VƏTƏN basılırdı – bilən yoxuydu?!.

Başı elə qarışmışdı başdakıların…
Amma nəyə qarışmışdı? – açılmayacaq…
Dərd odu ki, bu insafı daştəkilərin
Birciyi də vicdanından asılmayacaq…

Tanrı bizdən bir bəlanı yan ötürmədi,
Bu haqdı ki, təklənəni haqlar ölüm də!
Bəs o kimdi?- gözlərini qan örtüb nədi –
Təkbaşına dayanıbdı tanklar önündə!..
Kim olacaq – Qarateldi,
Şəminin qızı!
-“Başkəsənlər, qaniçənlər, dayanın”-deyir!
Gözlərindən yaş yerinə qızıl qan sızır,
-“Torpaq yanır, ay camaat, oyanın”-deyir!

Sevgi varsa – möhnət də var, məşəqqət də var,
Çözələmək müşkül olur dərdi düyünlü.
Qaratelin qarasınca məzəmmət də var
– “Sənin orda nə ölümün, ay qaragünlü…”

Qıymalayır Qarateli qeyrət içindən –
Sümüyünə nə şübhələr damıb görəsən?..
Rus komandir donquldanır heyrət içində:
– “Bu qara qız şir südümü əmib görəsən?..”
Kürən zabit görkəminə bir kədər qatıb
Cəhd eləyir Qarateli inandırmağa:
– “İnanın ki, eşidəndə hər işi atıb
Tələsmişik bu qarəti dayandırmağa”.

Qaratelin rəngi qaçır: –  “Yalan deyirsiz!
Sizlər bizim qayğımıza qalan deyilsiz!
Əzəl gündən siz qurursuz bu qurğuları,
Yüz illərdi bağrımızda qart yarasınız!
Gəlmisiz ki, evlər yıxan bu quldurları
Evlərinə sağ-salamat qaytarasınız…”

Yanağına səpələnmir gözündən daşan,
Düz bağrının başınaca axır, göynəyir…
Tanklar üstə sırtıq-sırtıq zarafatlaşan
Sarısaqqal əsgərlərə baxır, göynəyir…

– Əcəmoğlu, qılıncını sıyır qınından
Baş aparır kəsilməli başlar, hoydu gəl!
Fələklərin gözü doymur şəhid qanından
Torpaqlar da, canımız da, cana doydu gəl!

– Əcəmoğlu, yuxuların nə çox uzandı?
Dədələrdən heç duşuna gələn yoxdumu?..
Sənin adın Tüpdağıdan, Halaypozandı,
Nədən halın pozulmur bəs, bilən yoxdumu?..

– Əcəmoğlu, atamoğlu, yatmısan, ayıl!
Sən uyduğun fani ki var – fil qulağıdı…
Sınaqların sındırmağı xəcalət deyil
Qınaqların ən ağırı el qınağıdı!..

Qıymalayır Qarateli qeyrət içindən,
Sümüyünə nə şübhələr damır görəsən?..
Rus komandir donquldanır heyrət içində:
– “Bu qara qız şir südümü əmib görəsən?..”

Qaratel haqda söhbətləri dinlədikcə yolçuya elə gəlirdi ki, onu tanıyır. Amma indi, Qazağın mərkəzində düzəldilmiş “Qaratel bulağı”nın daşına həkk olunmuş şəkli görəndə, onu nəinki tanımadığını, hətta şəklini də ilk dəfə gördüyünü anladı. Susamasa da gözlərini şəkildən çəkmədən iki qoşa ovuc su içməyi özünə borc bildi. Sanki Qaratelin xəcalətindən çıxmaq üçün hökmən belə lazım idi…
Bu, Qaratellə yolçunun birinci görüşüydü və birinci görüşdən də yolçunun Qaratel haqda indiyə qədərki təsəvvürləri çilik- çilik olmuşdu. Eşitdiyi söhbətlərdən, öz aləmində zəhmli baxışları, sərt sifət cizgiləri olan bir obraz yaratdığı halda, şəkildən ona qara gözlü, qıvrım telli, məsumca bir xanım baxırdı… Elə bu məsumluq da yolçunu çaşdırırdı. Əslində, təkcə çaşdırmaq yox, həm də utandırırdı. Ona elə gəlirdi ki, bu səhərdən MƏZƏMƏ1 qədərki səfərində hansı təşviş və təlaş hissləri keçirdiyindən Qaratelin xəbəri var və bu cür qorxaqlığını özünə bağışlaya bilmirdi.
– Ay qardaş, bir az o yana dur, su götürək. Sonra bir neçə vedrə dınqıltısı…
Sonra yenə o qadının səsi: – Nə çox baxersən, Qarateldi dana… Onun qadası gəlsin indiki bəzi kişilərin canına!..
– “Vallah məni də nəzərdə tutur… Və düz eləyir tutur”- fikirləşrdi. Amma acığı da tutmuşdu deyəsən… O qadınamı, özüqarışıq bütün kişilərəmi, anışdıra bilmirdi…
Maşındakı boş şüşəni su ilə doldurub arxa oturacağın üstünə atdı. Bakıya yola düşürdü və nikbin əhvala kökləmək istəyirdi özünü…
Şəhidlər Xiyabanının girəcəyində gül növbəsinə dayandı. Bir neçə qərənfil alıb pulunu verəndə gülsatan oğlanın uca boyuna, iri əllərinə baxdı:-“Əcəb dolanma yeri tapıb…”. Bu anda ona elə gəldi ki, gördüyü burum- burum tüstü dalğası bu gülsatan yekəpərin damağındakı siqaretdən yox, özcə təpəsindən çıxır, qanı bir az da qaraldı. İrəli gedib, eyni boyda, eyni biçimdə daş cərgələri görəndə duruxdu: – “Görəsən hansı cərgədədi Qaratel?”. Qulağını deşən hıçqırıq səsləri çoxalırdı get- gedə. Bir neçə addımlıqda qara daşdakı şəklin qara bığlarını sığallayıb hıçqıran qara paltarlı gəlini gördü:-“Yəqin sevgilisidi”.
Hıçqırıqlar yavaş-yavaş çoxalır və açıq-aşkar ağlaşma sədalarına çevrilirdi. Deyilən bayatılar, oxunan ağılar sümüklərini sızıldadır, iliyini üşüdürdü yolçunun. Və bu məqamlarda da çoxdan yəqinlədiyi bir qənaətini təsdiqləyirdi ki, özünü və ətrafındakıları ağlatmaqda tayı- bərabəri yoxdu bu millətin…Artıq fərqinə varmışdı ki, hər qara daş önündə bir neçə qara paltarlı qadın ağlayır və bu qara paltarlıların hönkürtülərindən başında müdhiş bir uğultu yaranmışdı. Bütün bu gördüklərinə bir də nəzər yetirib, özünün eşidə biləcəyi bir səslə: – Siz nə çoxmuşsunuz, qardaşlarım, – dedi və Qaratelin qəbrini axtarmaq üçün bu qapqara “daş meşəsinin” dərinliklərinə tərəf addımladı. Addımladıqca da beynindəki uğultular seyrəlməyə, əvəzində sözlər, misralar puçurlamağa başlayırdı:

Bura- Məmləkətin ağlağan yeri,
Bura- Qədd əyilən, bel bükülən yer…
Bura-Sinələrin dağlanan yeri,
Bakının başına daş tökülən yer…

Daşlar eyni boyda, eyni biçimdə,
Şoxundan gözlərim alacalandı.
Bir az da böyüdü dərdim içimdə
Bu dünya bir az da balacalandı…

İlahi! Budurmu sonu varlığın?
Kərəm qıl-xiyaban olmaz bu boyda…
Qapısı bağlansın bu məzarlığın-
Qapılar bağladı gör neçə sayda…

Şahlar ki beş əllə yapışdı taxtdan,
Düşman qarşısına güllə yeridi,-
Bu qara xiyaban elə o vaxtdan
Paytaxtın üzündə şillə yeridi!!..

Buludlar böyüdü ahlarımızdan,
Yağdı başımıza qəfil bəlalar…
Duman dağılmadı dağlarımızdan-
Daşlara dağıldı şəkil balalar…

Haqqın Divanından qaçılırmı heç-
Gül- çiçək gətirir-gələnlərə bax.
Gör o gül-çiçəkdən seçilirmi heç,
Gül-çiçək namına ölənlərə bax.

Vaxtında kəlləni kölgəyə verdik,
Vurmadıq həyəcan təbillərini…
Gültək körpələri gülləyə verdik-
Güllərə tuturuq qəbirlərini…

Hamı qannı- qannı baxır göylərə,
Bir bəndə, günahı özündə bilmir.
Qarğışlar, nifrinlər yağır göylərə,
Nə desin?-Tanrının özü də bilmir…

El keçir-yanağı yaş altındadı,
Dərdimiz birdimi, beşdimi, fələk?..
Hər oğul bir qara daş altındadı,
Dinmirsən-ürəyin daşdımı, fələk?!..

Xeyir güdən günü şər tapasıyıq,
Hələ xeyri- şəri düz bilmiriksə…
Ərzin yaxasında sirr bafasıyıq-
Bizi kim biləcək-biz bilmiriksə??..
Aşıqlar, mollalar və şairlərik,
Gah fala baxırıq, gah deyişirik…
Nə bilim -və sair… və sairlərik…
Hər işdən bezəndə, şah dəyişirik!

Daşır şöhrətimiz, tutur dünyanı-
Kim belə bəzəyər gorxanaları?..
Bizəmi daş kəsir bütün dünyanın
Mərmər mədənləri, karxanaları??..

Dön bax təzə əsrin astanasından,
Bizdən nələr qaldı?-viranələrdi!
Bizim qismətimiz aslan ağzında,
Bizim qüdrətimiz-əfsanələrdi!

Yerlə – Göy arası sədamız olub,
Göydənmi gəlmişik, Yer oğluyuqmu?..
Düzdü,Koroğlular babamız olub-
Amma gör birimiz Koroğluyuqmu?..

İtirib başını çadır şəhərcik,
Kim görüb-başsız da bədən olarmı?
Səni andıra qal, andır şəhərcik!-
Səndən balalara VƏTƏN olarmı??..

Bu ilki yaz elə gəlmişdi, elə bil bir də gəlməyəcəkdi. Amma insafən, dili vardısa, dilçəyi də vardı bu yazın. Hər kəsin eşitdiyi, duyduğu- könül açır, gördüyü- göz oxşayırdı. Hər günün, hətta hər saatın yaşantısı adamı bayıldacaq qədər bir zövq, bir məmnunluq hissi doğururdu. Təbiətin yaşıl və mavidən qeyri bir rəngi yoxudu sanki…
Yolçu da yolboyu bənövşə və yovşan qoxulu bu günləri yaşadığına şükr edir, alatoranda hara getdiyini anlasa da, niyə getdiyinin fərqinə varmırdı. Qaratelin, Alının, Mərdanın və şəhid olmuş daha neçə- neçə Əskiparalının bu zövqü artıq duymadıqlarını düşünəndəsə dilxor olurdu. Dilxorçuluğa səbəblərdən biri də buydu ki, heç vəchlə özünü onların yerinə qoya bilmirdi. Özünün özünə verdiyi: “kişi kimi de, sən də onlar kimi ölə bilərdinmi?” sualı da cavabsız qalırdı. Əslində, ürəyinin, heç kəs bilmədiyi, heç kəs duymadığı yerində bu sualın cavabı verilmişdi. Amma o cavabı dilinə gətirməyə xəcalət çəkirdi… Üstəlik də, dünən axşam radiodan eşitdiyi xəbərdən əsəbləri gərilməyə başlamışdı: – “düşmən Qazax – Əskipara yolunu toplardan və iri çaplı pulemyotlardan atəşə tutmuş, nəticədə Məzəmlə Aşağı Əskipara kəndləri arasında yerləşən sərhəd məntəqəsinin bir zabiti həlak olmuşdur”. Bu yolu iki dəfə getmişdi artıq. Hər ikisində də həmin məntəqədən geri qaytarmışdılar onu. Bəlkə də onu geri qaytaranlar arasında həmin bədbəxt zabit də olmuşdu…

Əşşi, bu xəbər hardan düşdü yadına…
Gecə can üstədi, Yolçu yol üstə.
Fikri, Xəyalı da alatorandı…
Bayaqdan danlayır, söyür özünü,
Çatdadır başını bir sual üstə-
Axı nə gündü bu, nə güzərandı?..

Yenə nə düşmüşəm yolun ağına,
Niyə öz ağlımla barışmıram ki?
Yaxın- uzaq qarşısında üzü ağ,
Oğul- uşaq qarşısında üzü ağ,
Həmişə xatadan, bəladan uzaq
Bəxtəvər dostlara qarışmıram ki?..

Bu qalan ömrüsə yelə verməyim,
Heç nə eşitməyim heç nə görməyim,
Bəla gətirməsin dilim başıma.
Mənimmi bəxtimə yazılıb elə
Gözümdə- könlümdə kədər böyüdəm,
zülüm daşıyam…

Mənəmsə bu yazdıqlarım-
Bu nə hönkürtüdü bəs,
bu nə səsdi?..
O kimdi- sinəmin altını oyur?..
O kimdi,
o kimdi- köksümü döyür?..

Dəhşətli şaqqıltıyla maşın silkələnib yönünü dəyişdi. Yolun sağ tərəfindəki boş su arxına düşüb söndü. Ağlına gələn ani fikir bu oldu: – “vurdular!”
Özünə bir şey olmadığını yəqin etdikdən sonra, alatoranda maşının izini tutub bir qədər ehtiyatla arxaya qayıtdı. Baxımsızlıqdan yolun ortasında sel- suyun eşib əmələ gətirdiyi iri çuxuru görüb bir az toxdadı. Dilindən çıxan qatmaqarışıq söyüşü özündən və açılmaqda olan göyüzündəki adda-budda işaran ulduzlardan başqa heç kəs eşitmədi. Hətta ona elə gəldi ki, ulduzlar onu bu vəziyyətdə görüb gülümsəyir, sonra göz vurub gözdən itirlər.
Birdən bu miskin vəziyyətini anlayıb əllərilə başını bərk-bərk sıxaraq silkələdi və ətrafındakı təpələrin, qayaların, daşların, (başqa heç kəs yox idi) eşidə biləcəyi səslə xırıldadı: – “bağışla məni bacım, bağışla mən qorxaq, mən alçaq qardaşını…”.
Və elə oradaca qərara aldı ki, sabah bu yolu təzədən gələcək, Qaratelin döyüşdüyü səngəri görməmiş, özünü qanına qəltan etdiyi torpağı öpüb ziyarət etməmiş geri qayıtmayacaq.
Yolçu yolun ortasında tək- tənha dayanıb Qazançıya sarı baxırdı. Özü də elə qürürla, elə şəstlə dayanmışdı, sanki o dağın başından düşmən onu görür və qorxusundan güllə ata bilmirdi. Artıq hiss edirdi ki, canında zərrə qədər də qorxu hissi yoxdu. Və niyə həmişə belə cəsarətli olmadığına məəttəl qalmışdı. Eşitdiyi bu məşhur sözü indi təsdiqləyirdi ki:-qəhramanlıq hadisəsi bircə an içində baş verə bilir.

Yolçu yola çıxır neçənci kərə,
Təki uzaqdanca Obanı görsün,
Əsir torpağına, daşına baxsın.
Gedir-
Arzuları talanan yerə,
Qaratel qanına bələnən yerə-
Gedir-
Fələməzin Döşünə1 baxsın…

Mühərrik qızdıqca töyşüyür maşın
Elə bil onun da köksü dağlıdı…
Bir sarsaq fikirdən çatlayır başı:-
Məzəmdən o yana yollar bağlıdı…
Yenə gözlərində donub arzusu
Yenə çöhrəsində hüzn qayıdır…
Haqqın ətəyinə əlləri çatmır-
Əli ətəyindən uzun qayıdır…

Dönür Göyəzənə yolçu yolüstü,
Amma ki, böyründən peşiman keçir.
-“Nədi başındakı, duman ya tüstü,
Bu dağın könlündən nə güman keçir?..”

Min illər şahidi, bir tənha dağdı
Qəfil nələr gəlir başa-görübdü!
Sanki Yer bətnindən püskürən ahdı
Bizim dərdimizdən daşa dönübdü!

Ağır iztirablar üzür yolçunu-
“Bu dağ nələr çəkir, bu səngərdə tək?”
Göyəzən qəzəblə süzür yolçunu,
Qoşunu qırılmış bir sərkərdətək.

Donub hüzurunda fağır-daş kimi,
Suallar başına yağır daş kimi:
-Hanı daş dövründən qalan el, hanı?..
Sən ki ölməmisən vətandaş kimi,
Yüz oğul əvəzi Qaratel hanı??..

Neyləsin, Nə desin,
Sözü varmı ki, Düz söz
zəhərdən də betərdi bəzən.
Üzünə baxmağa üzü varmı ki,
Yersiz yalvarmaq da hədərdi bəzən…

Qorxur ki,
Baş açar bəhanələrdən,
Zəhmi neştər kimi dəlib keçəndi.
Bir az da ləngisə, bu tənələrdən
Elə yerindəcə ölüb keçəndi…

Yol boyu qəlbində qəmlər hönkürür,
Yasdadı-Yurdunu yaslı görəndən…
Açır radionu-simlər hönkürür-
Aşıq nalə çəkir Əsli- Kərəmdən…

Yox aşıq, aldada bilməzsən məni,
Aldadıb-ağlada bilməzsən məni,
Mən daha dünənki adam deyiləm!
Oturub nə qədər ağlamaq olar,
Umudu Allaha bağlamaq olar-
Nə qədər aldanar adam deyilən?!..

Oğulsansa bir “cəngi” çal-oyat dağları,
Dağlar çoxdan eşitməyib cəngi səsini
Laylaları “cəngi” üstə çalınanların
“Cəngi” ilə yad eləyək xatirəsini.
Dumanında azdırmasın xəyallar bizi,
Bir çal görək, ömrümüzü harda bitirdik?..
Hara belə sürüyürlər bu yollar bizi
Bu yollarda nə tapmışdıq, niyə itirdik?..

Bir çal görək ayılırmı günahlarımız,
Zaman hələ çox dərdlərin sirrini bilmir.
Sayaq görək sayılırmı günahlarımız,-
Sayaq şəhid çiçəklərin qəbrini bir-bir.

Duman deyil-kədər çökür yurd yerlərinə,
Qüssəmizdən qaralıblar ocaq daşları,
Gedək açaq sinəmizi yurd yellərinə-
Vətən deyə, Qardaş deyə qucaq daşları!

Elə çal ki, şimşəklərin səsi titrəsin,
Dalğaları dağa dönsün dağ sellərinin.
Görək yenə qartal zəhmi, çaqqal fitnəsi
Hürküdürmü dağ başında dağ kəllərini…

“Elim!”- deyib ölə bilən havalı igid,
Dizlərində hey qalıbmı – sınaya bilsin?
Oğulsansa elə dindir bu havanı ki,
Oğul- uşaq torpağını tanıya bilsin.

Tanısın ki, gözləməkdən gözü göynəyən
Bayatıtək axıb gedən çeşmə kimindi?..
İştahası barmağında-məqam gözləyən
Gözü qanlı, dişi qanlı düşmən kimindi?..

İnadımız təpərlənsin ürəyimizdə,
Yorğa- yorğa havalardan bezdik,
yorulduq…
Çox şallaqlar şaqqıldadı kürəyimizdə-
Çox dözülməz havalara dözdük,
yorulduq…

Bu havadan od içəcək elim- elatım,
Közərəcək sinələrdə sönən ocaqlar.
Bu havanı kişnərtisi bilib Qıratın
Qoca dağlar gədiklərə boylanacaqlar.

Ovxalanıb töküləcək qayalar xınc- xınc,
Əriyəcək zirvələrin minillik qarı.
Bir “Cəngi” çal-bu havaya siyirməqılınc
Oynayacaq Babəklərin kəsik qolları!
Canım aşıq, ağı deyib ağlama Yurda,
“Cəngi”yə çək-çilənincə qanı tellərin!
Hansı qəlbə qətrə düşsə bu qannan- orda,
Cəsarəti cücərəcək Qaratellərin!

Bakı şəhəri, şəhidlər məzarlığı.

Pərişansan bilirəm,
Gözlərin yollardadı.
Torpaqdan nigaransan-
Torpaq hələ dardadı…
Sən gələli xeyli var,
İllər keçib o vaxtdan.
Danmağın nə xeyri var,
Dünən döndüm Qazaxdan…
Nələr duydum qoy deyim,
Qoy deyim nələr gördüm-
Dağlar əli qoynunda,
Göyləri mələr gördüm.
Üzlərə kədər çöküb,
Gözlərə kədər çöküb,
Qəm toxuyur qələmlər,
Sözlərə kədər çöküb
Zəmilər zərdən qalıb,
Baxçalar bardan düşüb.
Əllər təpərdən qalıb
Tellər tumardan düşüb…
Sonalar o gedəndi-
Göllər köksünə gəlmir,
Durnalar o gedəndi-
Güllə səsinə gəlmir.

Yurdu qaramat basıb-
Ürəkdən qah- qah çəkib
Güləmmir adamları.
Orda zaman dolaşıb-
Bilinmir gündüzləri,
Bilinmir axşamları…
Elə bil ki, canından
Oysanıb o boyda el.
Qarşı duran qara dağlar,
Sən bu işlərə nə dersən….
Gedən yazlara dinmədin,
Gələn qışlara nə dersən…

Orda yolların qarıyır,
Qulac qolların qarıyır,
Yerdə güllərin qarıyır –
Göydə quşlara nə dersən…

Arılar şana yeridi,
Ağrılar cana yeridi,
Qaratel qana yeridi –
Biz qardaşlara nə dersən…

* * *

Nə dersən fani pəncərə,
Ki hər sənnən baxan gedir.
Axşam gələn bilmir səni,-
Səhər sənnən baxan gedir…

Günahların sığmaz saya,
Çətin ki, dəryalar yuya.
Bir üz göstərirsən – guya,
Dərd əlində yaxan gedir…

Al dilidi – bal dadırsa,
Uyma sanım, aldanırsan.
Qançırğadan qan damırsa –
Qara baş ərmağan gedir!..

Fikrini toplayıb, bu günlə 8 il əvvəlki “bu günü” müqayisə etməyə çalışdı, heç bir fərq görmədi… Hətta ona elə gəldi ki, bu gün də 8 il əvvəlki “bu gün”dü və elə bu dəqiqələrdə o görükən dağların o üzündə neçə- neçə Qaratellər döyüşə-döyüşə şəhid olurlar, – özünə də, bütün bu çayxanadakılara da bir ikrah hissi oyandı qəlbində…

Qazax şəhəri, mərkəzi park. 14 iyun – 1992-ci il

Günorta yeridi günün,
Zəhlətökən vədələridi bürkünün…
Hər gələn -kölgəyə verir özünü,
Dolub çayxanalar mərkəzi parkda.
O, bunun,
Bu, onun kəsir sözünü –
Millətin,
Torpağın taleyi haqda…
Yüz fikir ayrılır, bir müşgül üstə,
Bir fikir -yüz yerə yozulur yenə…
Diqqətdən yayınan bir vergül üstə,
“Möhtəşəm planlar” pozulur yenə…

Kimi -nigarandı sabahlar üçün:
– “Dünənki arxivlər araşdırılsın,
DTK sirləri açılsın!” – deyir.
Kimi də:
– “Bugünəqədərki günahlar üçün
Edam kürsüləri quraşdırılsın,
Bütün kommunistlər asılsın!” – deyir…

Biri – iqtidara töhmət yağdırır,
Millətdən MÜQƏDDƏS CİHAD gözləyir…
Biri – Moskvaya lənət yağdırır,
Biri – Moskvadan nicat gözləyir?!.

Millət bəxtəvərdi tətiklər altda –
Mədhlər söylənir rəzilliklərə…
Tarixlər tapdanır təpiklər altda,
Yumruqlar yellənir yüzilliklərə?!

Hamı haqlı çıxır mübahisədə,
Sinələr qabarır, çənələr qızır.
Elə bu andaca, bu saatdaca –
Dağın o üzündə, mühasirədə
Döyüşür millətin Qaratel qızı!!

Kişilər göstəriş verir çayçıya,
-Çalış, gül çayının ətri xoş olsun.
Elə bu saatda, elə bu anda
Dağın o üzündə, mühasirədə
Qaratel son dəfə günəşə baxıb,
Əlində mərmini köksünə sıxıb,
Ölür ki,- namusu ələ keçməsin,
Ölür ki,-Vətənin xətri xoş olsun!..

İldırımtək şaqqıldayır bu xəbər –
– Ay camaat,
Qarateli vurdular!
Dizlər tutur, bellər bükür qəfilcə,
Beyinlərə zülmət çökür qəfilcə,
Ürəkləri şaqqalayır bu xəbər,-
Qazax boyda ağır eli vurdular!!

Kişilər -girməyə yer gəzirdilər,
Yersə yarılmırdı –düz eləyirdi!
Belə ki göylərə şər atırdılar,
Dünyanı beş asıb, bir kəsirdilər –
O da çox astarı üz eləyirdi!..

Of…
Qara yığvallı
Qaratel bacım!
Of!..
Zalım fələyin zulum bəndəsi!
Bir dərdli tapmadım -dərdimi açım,
Bir baxtsız bulmadım -sənə bənzəsin…

Sən nə töhmət götürərdin, nə də ki minnət,
Torpaq əgər basılırsa, qan düşməlidi!
Qeyrətinə qıymadığın bu boyda millət
İndi SƏNİN qeyrətinə and içməlidi!!

Aylarınan qara telin şana görmədi,
Qu yastığın, Qu döşəyin gədiklər oldu.
Gözün sürmə, barmaqların xına görmədi,
Altunqaşlı şan üzüyün tətiklər oldu!..

Sirrin-sehrin sinəndəcə qara daş kimi.
Qardaşlara qulluqçuydun qaravaş kimi.
-Su qabında su qalmayıb-dözün, gedirəm.
-Güllə üçün kim gedəcək?-özüm gedirəm.

Sən dedinsə, qanunuydu, ta nə qaranlıq!
Sözün üstə söz qaytaran “düşmən” kimiydi.
Sən sarıdan nigaranlıq, canıyananlıq
Sənin “qara dəftər”inə düşmək kimiydi…

Günlər boyu göynəyərdin hey için-için.
Viran olmuş Xocalıydı, Şuşaydı qəlbin…
Güllə dəymiş yaralıya içirtmək üçün,
Çantandakı şərbət dolu şüşəydi qəlbin…

Böyük bir mağar qurulmuşdu Qazaxda, Qaratelin yas mağarı…
Hər tərəfdən axışıb ora gəlirdi millət. Çox tanınmış, adlı-sanlı adamların məclisinə necə axışırdılarsa eləcə… O gün Qazaxda elə bir adam tapılmazdı ki, “Qaratel” adını çəkməmiş olsun.
O gün Qazaxda, Tanrının bütün yaratdıqları- yerdə qarışqalarından tutmuş, göydə quşlarınacan – bircə ad eşidirdilər: – Qaratel, Qaratel, Qaratel…
Bircə özü eşitmirdi Qaratel… Neçə gündən bəriydi ki, ölkənin bütün televiziya kanalları, radio dalğalarında Qaratel deyib – Qaratel eşidirdilər… Bircə özü eşitmirdi Qaratel…
Bircə günün içində qəhraman olmuşdu Qaratel. Amma, qəhraman adı almaq üçün ölməmişdi. Ölmüşdü ki,- öyrətsin necə sevmək gərəkdi torpağı, milləti, məmləkəti! Ölmüşdü ki, – qalanlar qorxmasın YURD üçün ölməkdən!
Camaatsa aramsız axışırdı Qaratelin görüşünə. Mağarın bir tərəfində ağlaşan arvadların sayı get- gedə çoxalır, çoxaldıqca da tükürpədici hönkürtü səsləri gurlaşırdı. Kişilər canlarını dişlərinə sıxıb ağlamamağa çalışırdılar. Kişi ağlamaz axı?!.. Buna görə də günahkar- günahkar susur, danışmırdılar. Bilirdilər ki, danışsalar səsləri titrəyəcək, sözləri qırılacaq və göz yaşlarını saxlaya bilməyəcəklər. Ara- sıra, güclə eşidilən sözlər çox qısa bir cümlədən ibarət olurdu:- bir siqaret ver… Amma bu hal da uzun sürmədi.
Əskipara qaziləri heç cür özlərini saxlaya bilmirdilər. Qaratel,- kimlərin ki, başını dizlərinin üstünə qoyub yaralarını sarmışdı, çantasında gəzdirdiyi şüşədən şərbət içirtmişdi- ağlayırdılar…
-“Niyə sən, bacı, niyə sən?”- deyib, hərdən xısın- xısın, hərdən də bərkdən hönkürürdülər. Onları görüb eşidən kişilər də ixtiyarsız, üzlərini yana çevirir, yaylıqlarını gözlərinə sıxırdılar.
Axundun səsini eşidib, hamı asta-asta mağarın qapısına tərəf yaxınlaşmağa başladı. Bir azdan axund da sözünü yarımçıq kəsib arvadlar ağlaşan səmtə baxmağa məcbur oldu. Teybə ananın yaylığı yellənirdi havada… Çox adam gözlərini Teybə ana yönünü tutduğu səmtə çevirmişdi. Özləri heç kəsi görməsələr də, onlara elə gəlirdi ki Teybə ana orda kimisə görür və onunla danışırdı:
Fələk,
Sənə qarğamayım neyləyim-
Sona gölsüz,
Şana telsiz qaldı hey…
Laylasıyla boy atdığı dağların
Laylaları
Qaratelsiz qaldı hey…

Sən uçurdun bərələri, bənddəri,
Əyilməsin ərənnərin qəddəri!..
Səngər yurdun sərhəddəri, səddəri,
Qalaları Qaratelsiz qaldı hey…

Qarasına uçunurdu çəmənlər,
Öpülürdü, quculurdu çəmənlər,
Ondan ötrü açılırdı çəmənlər-
Lalaları Qaratelsiz qaldı hey…

Dərd bir olsa-yaxşı pisnən barışmaz…
Yanaq yaşnan, dirsək diznən barışmaz…
Məhəmmədin ruhu biznən barışmaz-
Balaları Qaratelsiz qaldı hey…

Qaratelin allı- yaşıllı kəcavəsi qurulub mağarın qarşısına qoyulmuşdu. Yuxarıdan göstərişə görə, bir azdan Bakı sarı qalxmalıydı. Kəcavənin başına dolanıb, əməlli- başlı oynayırdı Teybə ana. Tez- tez əllərini və üzünü göylərə tutub oxuyur, sonra da, kənd qarıları toylarda necə oynayırlarsa o cür- qəribə şəkildə dingildəyə- dingildəyə oynayırdı. Göydəki danışdığı kimdisə- onun acığına oynayırdı elə bil… Qaratelin toyunda oynamaq arzusu gözündə qalmışdı neçə illərdi. İndi o arzusuna qovuşmuş kimi oynayır, o həsrətin, o nisginin əvəzini çıxırdı sanki…
Teybə ana oynadıqca əlindəki yaylıq da oynayırdı havada. Teybə anaya qoşulub o biri arvadlar da oxuyub- oynamağa başlamışdılar, yaylıqları da Teybə ananın yaylığına qoşulub oynayırdılar yuxarıda. Kişilər bir az kənara çəkilərək çox böyük bir dövrə yaratmışdılar. Sakitcə, ürək parçalayan bir kədərlə rəngbərəng yaylıqların rəqsinə tamaşa edirdilər.
Kəcavə qalxanda ANA QAZAX da oynamağa başlamışdı artıq. Eynən Teybə ana kimi…
Amma, bircə fərq ondaydı ki, ANA QAZAX üzünü göylərə yox, ANA BAKIYA tutub oynayır və oynaya- oynaya da oxuyurdu:

Ömrü-günü oda verdi, başı- qallara
Bürünüb də, can qıydığı yaşıl- allara,
Sən sarıya bir kəcavəm qalxdı yollara-
Bakı şəhri, dur yer eylə gözlərin üstə!

“Bayraq!” dedi, “Torpaq!” dedi-torpaq olunca,
Əzabından usanmadı qətrə qalınca…
Bir həmlədə yeddi başı bircə qılınca
Vuran qollar bağlı qaldı dizlərin üstə…

Əllərinə fürsət keçir, məqamlar düşür-
Boynumuza xanlar minir, xaqanlar düşür.
Heç xəbərin olurmu ki, nə qanlar düşür-
Vətən adlı bu dağların, düzlərin üstə?!

Şəfqət dolu duyğuların-özgələrədi!
Qılıqların, qayğıların-özgələrədi!
Sevgilərin, sayğıların-özgələrədi!-
Axıt gəlsin nə dərdin var-bizlərin üstə!..

Heç dərdlilər dərd görməyib hələ bir belə,
Bizdən ötrü üyüdülür, ələnir belə…
Mələklərin göz yaşıdı-çilənir belə,
Yurd yerində kösöylərin, közlərin üstə.

Qurdlarhəngi göz- gözəyik əcəlimizlə,
Axırımız uyğun gəlmir əzəlimizlə…
Zaman- zaman duz basırıq öz əlimizlə-
Yaramıza yadlar basan duzların üstə…
Bir kədərli dastan qoşub qoca dünyaya,
Gündüzləri-Günə söylər, axşamlar- Aya.
Qaratellər tuş gələnnən qara sevdaya-
Sarı tellər sızıldaşır sazların üstə.

Bundan belə-yanaqları qurutmaq çətin…
Anda tutub anaları kiritmək çətin…
Arzuları don vurdusa-əritmək çətin-
Od qalamaq müşgül işdi buzların üstə.

Sirr dediyin çözüldümü- düyülməliydi!
Batman qılınc vədəsində döyülməliydi!
Dediklərim-əvvəl- axır deyilməliydi-
Öldür məni-demədiyim sözlərin üstə!..

Bakı şəhəri, yenə Şəhidlər məzarlığı

Qəfil pırıltı səsinə, yazdığı cümləni yarımçıq qoyub pəncərə tərəfə baxdı. Başı və qanadları dümağ, bədəni qapqara, gözəl bir göyərçin, bir neçə saniyə qanadlarını çırparaq havada dayanandan sonra, düz açıq pəncərəyə qoyulmuş səməni qabının böyrünə qondu. Başını qəribə tərzdə o tərəf- bu tərəfə əyərək hərdən quruldayır, qəşəng gözlərini gah səməniyə, gah da yolçuya zilləyirdi. Ürəyi uçunmağa başladı:- bu quş nəsə demək istəyir… Ayağa durdu. O andaca göyərçin pırıltıyla uçub, bayaqkı kimi qanadlarını çırparaq bir neçə saniyə havada dayanıb yolçuya baxdı və birdən də çox böyük sürətlə göyə tərəf millənib gözdən itdi. Belə şey görməmişdi yolçu… Başqalarından eşitsəydi də inanmazdı. Bir yerdə qərar tuta bilmirdi:- axı nə deyirdi bu quş?.. Nə istəyirdi məndən?.. Birdən nəsə tapmış kimi yazı- pozusunu yığışdırıb, tələm- tələsik əynini geyinməyə başladı. Düşündüklərini dilinə gətirməsə də beynindən keçirirdi: – Qaratelin ruhuydu… Məni çağırırdı, gedib görüşməliyəm…
Şəhidlər Məzarlığına daxil olanda nədənsə gözləri həmin gülsatan oğlanı axtardı. Bu dəfə başqasıydı gülsatan. Diz üstə çöküb gətirdiyi gülləri bircə- bircə Qaratelin sinədaşı üstünə düzə- düzə:- gəldim bacı, sən çağırdın- mən də gəldim- dedi. Cavab almayacağını bilə- bilə əlavə etdi:- Nəsə bir sözünmü vardı mənə? Köynəyinin yaxasından bədəninə düşən damcıdan üşüyən kimi oldu. Ayağa durub Qaratelin başdaşındakı şəklinə baxa- baxa şəklin aşağısındakı yazını artıq neçənci dəfə oxudu: Hacımahmudova Qaratel Şəmi qızı. Azərbaycan Bayrağı Ordenli. Anadan olub – , şəhid olub- 14 iyun, 1992- ci il. Niyə axı- Azərbaycan Bayrağı ordenli?.. Niyə axı- Azərbaycanın Milli Qəhramanı yox?.. Bu Milli Qəhramanlığın şərtləri, ölçüləri nədi axı?..
Arxa cərgədə dayanmış, bu qara daşlardan seçilməyən, başdan- ayağa qara geymiş gəlini görən kimi o göyərçin düşdü yadına. Dümağ başlı, dümağ qanadlı, qapqara bədənli gözəl göyərçin…

Tanrının qara qəzəbini geymiş mələk!
Nə dönürsən başına
Bu qaraqaş,
Bu qaradaş oğulların-
Qapqara qəm heykəlitək!?..
Nə çəkirsən canına
Soyuğunu,
Sazağını hər daşın?..
Oğlun ölübsə-oğlunam!
Qardaşın ölübsə-qardaşın!
Sevgilin ölübsə-
Taleyin ölüb, deməli…
Taleyin ölübsə-neyləməli…
Haqqın vərdişidi bu,
Vaxtın gərdişidi bu,
Ölüm bu qədər şirin,
Ömür bu qədər acı…

Ağlama, nolar, ağlama,
Ağlama, anam- bacım…

Gedənləri döndərməz ha göz yaşın.
Ya ki-
Bu boyda ərzin,
O boyda ərşin
Yanğısını söndürməz ha göz yaşın…
Sil gözünü, mənə bax,
Oğlun ölübsə-oğlunam!
Qardaşın ölübsə-qardaşın!

Amma bir gün anam- bacım,
Bir gün- bu Günəşin gülərüz vaxtı,
Bir gün-bu dünyanın bir kefli çağı,
Mən də öləcəyəm axı!…
Əvvəl- axır, öləcəyik hamımız,
Əvvəl- axır bu qara daşlara dönəcəyik hamımız!
Bircə, ulu sevgilərimiz qalacaqlar…

Zamanı gələndə
Bu ulu sevgilər, dəli sevgilər
Əl- ələ,
Kürək- kürəyə,
Yerdəkilərin qisasını
Göydəkilərdən alacaqlar! alacaqlar! alacaqlar!

* * *

Alacaqlar, anam- bacım,
Bu qanı yerdə qoymazlar!
Hər yurdun öz yiyəsi var-
Yetəni yurda qoymazlar!

İl ötər, aylar addayar-
El adını isbatdayar!
Nə mənim gorum çatlayar,
Nə səni dərdə qoymazlar!

Dağlar aşallar- yel kimi,
Aşıb- daşallar- sel kimi,
Öləllər- Qaratel kimi-
Vətəni darda qoymazlar!
Bu qanı yerdə qoymazlar!!!

SON 07.04.2006

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol