Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan

10 İYUN 2016 | VIEWS:

“Respublika” qəzeti, 10 iyun, 2016

Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb etməkdədir. Bu gün artıq daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar, insanlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövri olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıqdır, mədəniyyətlərarası dialoqdur. Bu amillərin də təməli multikulturalizmə nail olmaq, onu yaşam tərzinə çevirmək ilə qoyulur. Hər hansı bir dövlətin multi-etnik və çoxkonfessiyalı bir cəmiyyətə sahib olması onun uğurudurmu, yoxsa gələcək mövcudluğu üçün bir təhlükədirmi? Bir çox mədəniyyəti özündə birləşdirən cəmiyyəti idarə etmənin ideal forması nədir? Niyə mədəni identiklik son dövrlərdə bu qədər aktual olmağa başladı? Bütün bu suallar dövlət idarəçiliyi sahəsində son 40-50 ildə kəskin müzakirə olunan mövzulardır.

 

İkinci Dünya Müharibəsindən sonra dünyanın siyasi səhnəsi və dövlət idarəçiliyi tam şəkildə dəyişdi. Daha əvvəl mövcud olan ideologiya fərqləri aradan qalxdı. Artıq heç bir xalqı hər hansı bir siyası ideologiya (kommunist, faşist və s.) ilə identikləşdirmək mümkün deyildir. Hər bir xalqı digərindən yalnız onun mədəniyyətinə görə fərqləndirmək olardı. Miqrasiya prosesinin sürətlənməsi nəticəsində multi-etnik cəmiyyətlərin sayının xüsusi ilə Qərb dövlətlərində kəskin artması, bir dövlət çərçivəsində belə onlarca fərqli mədəniyyətə sahib olan xalqların mövcudluğuna gətirib çıxartdı. Bu qədər fərqli mədəniyyətin bir dövlət daxilində mövcudluğu dövlət idarəçiliyi sahəsində də öz növbəsində çətinliklər yaradırdı. 1971-ci ilə qədər bir çox dövlətlər gəlmə mədəniyyətlərə qarşı assimilyasiya və ya izolasiya siyasətlərini həyata keçirməklə titular xalqın mədəniyyətini qorumağa çalışdılar. Ancaq bu, digər bütün azsaylı xalqlara qarşı siyasi haqsızlıq və qeyri-demokratik siyasət xətti idi. Əlbəttə ki, hər bir xalq öz mədəni identikliyini qorumaq uğrunda mübarizəyə başladı. Bunun nəticəsində isə mədəniyyətlərin toqquşması anlayışını formalaşdırdı.

İlk dəfə olaraq 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və uğurla idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən “Multikulturalizm” siyasətini dövlət siyasəti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağa başladı. Daha sonralar isə digər Qərb dövlətləri də bu uğurlu siyasət modelini öz ölkələrində tətbiq etməyə başladılar.

Multikulturalizm sözün hərfi mənasında “çoxmədəniyyətlilik” anlamına gəlir. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur. Bir dövlətin müxtəlif fərqli mədəniyyətlərin daşıyıcısı olan etno-mədəni qrupları və dini konfessiyaları özündə birləşdirməsi həmin cəmiyyəti multikultural edirmi?

Çoxmədəniyyətli cəmiyyət dövlətin multikulturalizm siyasəti olmadan mövcud ola bilərmi? Multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər aşağıdakılardır:

1. Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir.

2. Mədəni indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz.

3. Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.

4. Etno-mədəni qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır.

5. Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlmişdir.

6. Siyasi idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir.

7. Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir.

Multikulturalizm siyasətini dövlət siyasəti elan edən hər bir dövlət yuxarıdakı prinsiplərin hər birinə qarant durmalıdır. Bu prinsiplərin mövcudluğu multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir. Ancaq bu kifayətdirmi?

Tarixi inkişafdan keçərək formalaşmış çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğu və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcud olması əslində multikultiralizmin mövcud olmasına əsas verir. Ancaq bu siyasəti qoruyub saxlamaq üçün qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Buna misal olaraq, 1988-ci ildə Kanada “Multikulturalizm qanunu”nu qəbul etdi. Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyasət nəticəsində özünün mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı çoxlu sayda normativ hüquqi aktlar qəbul olundu. Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı çıxışında ümummilli lider Heydər Əliyev demişdir: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir”.

Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə, demokratik tərzdə ümumxalq müzakirəsinə çıxarılmaqla qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipləri aydın şəkildə təsbit edilmişdir. Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Azərbaycan BMT-nin qəbul etdiyi aktlara, habelə Uşaq Hüquqları Konvensiyasına qoşuldu. Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “ İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir və bu, mütəxəssislər tərəfindən həmin sahədə ilk strateji sənəd kimi dəyərləndirilir.

Multikulturalizmin məhək daşı olan dövlət-din münasibətlərinə böyük önəm verən ulu öndər deyirdi: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.

Nəyə görə Azərbaycan da daxil olmaqla bir sıra dövlətlər multikulturalizm siyasətini dövlət siyasəti elan edərək, onu qorumağa çalışır, digər qrup dövlətlər isə bu siyasəti təhlükəli hesab edir və özünü doğrultmadığını elan edirlər? Multikulturalizmin alternativi varmı?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında daima vurğulayır ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Güclü multikulturalizmin (dövlət siyasəti müstəvisində) mövcud olduğu hər bir dövlətə bu anlayış xarakterikdir. Hər hansısa qanuni, siyasi quruluşu və ya idarəetmə formasını bir aya, bir ilə və ya bir neçə ilə dəyişmək mümkündür. Ancaq hər hansı bir xalqın mədəniyyətini yüz illər keçsə də dəyişmək mümkün deyil. Bugünkü dünyada xalqların sayı dövlətlərin sayından 10 dəfə çoxdur. Əgər hər bir xalqın öz mədəniyyətini qoruyub saxlamaq hüququ olmasaydı, hər bir coğrafiyada etnik münaqişələrin qarşısını almaq mümkün olmazdı. Bu nöqteyi-nəzərdən multikulturalizm siyasətinin alternativi ksenofobiya, antisemitizm, islamofobiya və ayrı-seçkilikdir.

Bu gün Qərb dövlətlərinin əksəriyyəti multikulturalizm siyasətinə qarşı çıxırlar və bunun iflasa uğradığını vurğulayırlar. Avropa dövlətlərində yaranmış çoxmədəniyyətlilik miqrasiya prosesinin nəticəsi olaraq sonradan yaranmış bir müxtəliflikdir. Bu səbəbdən bir çox dövlətlər gəlmə mədəniyyətlərin yerli əsas mədəniyyəti dəyişdirdiyinə və ya məhv etdiyinə inanırlar. Buna görə də Qərb dövlətlərinin multikulturalizm siyasətinə bir alternativ lazım gəldi. Bunun üçün vahid Avropa dəyərləri və mədəniyyəti anlayışına ciddi şəkildə dəstək verməyə başladılar. Yəni kollektivçilikdən fərdçiliyə keçid və eyni zamanda inteqrasiya siyasəti labüd idi. Artıq fərdi şəkildə İnsan Hüquqları hər şeyin üzərindədir və bütün mədəni anlayışlar sonra gəlir.

Əlbəttə, multikulturalizmi dövlət siyasəti elan edən dövlətlərdə də insan hüquqları ali dəyər hesab olunur və heç şübhəsiz, öz mədəni identikliyini qorumaq hüququ İnsan Hüquqlarının ayrılmaz tərkib hissəsi hesab olunur. Ancaq miqrasiya prosesinin qarşısını almaqda aciz qalan bir sıra Qərb dövlətlərində mədəni böhran və ya toqquşmalar baş verməyə başladı. Tarixən monoetnik cəmiyyətlərdən ibarət olan Avropa dövlətlərində artıq əsas xalqın mədəniyyətini qorumaq çətinliyi yarandı. Aşkar şəkildə bioloji irqi ayrı-seçkililik etmək isə mümkün deyil. Bu liberal – demokratik Avropa dəyərlərinə ziddir. Ona görə də gəlmə xalqların mədəniyyətlərinin avropa dəyərlərinə və demokratiyaya zidd olduğunu deməkdən başqa çarə qalmırdı. Məcburi inteqrasiya qaçılmaz idi. Əlbəttə, bu da öz növbəsində ayrı-seçkiliyin bir formasıdır.

Avropada baş verənlərin əksinə olaraq, bu gün Azərbaycan öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir. Klassiklərimizin əsərlərində, şifahi xalq ədəbiyyatında və s. kifayət qədər multikulturalizm dəyərlərinə dair misallar tapmaq olar. Azərbaycanda katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, bu mühiti dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını, həyat tərzinə çevirməsi yaradıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı məkan olan ölkəmizdə siyasi multikulturalizmin banisi ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev ikinci dəfə xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi.

Ulu öndərin həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin təcrübəsi tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir və tədris edilir. Bu istiqamətdə əməkdaşlığa maraq artır və ilbəil əlaqələr genişlənir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi və həyat tərzi ilə sübut edir ki, multikulturalizm yaşayır və onun gələcəyi də vardır. Yalnız onu qəbul etmək, təbliğatçısı və təşviqatçısı olmaq lazımdır. Buna böyük önəm verən cənab İlham Əliyev bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir: “Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimaiyyətə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik”.

Multikulturalizmin gələcəyinin olmadığı barədə yanlış fikirlər məhz demokratiyadan bəhs edən ölkələrin siyasətçilərindən eşidilib və həmin ölkələrin KİV-dəki materiallarında ayrı-seçkilik, dini-milli dözümsüzlüyə, islamafobiyaya yol açan, qaçqınlarla, miqrantlarla bağlı neqativ və s. qızışdırıcı fikirlər yer alır. Bu cür yanaşma xalqları, dövlətləri yalnız təcridolunma vəziyyətinə çatdırır. Bununla da sabitliyin, birgəyaşayışın, sosial-iqtisadi inkişafın qarşısına çox böyük təhlükə çıxmış olur. Biz bu gün dünyada baş verən toqquşmaların, müharibələrin, gərginliklərin əsasında da bu fərqliliklərin körükləndiyini, istifadə edildiyini aydın görürük.

Dünyada çox dəhşətli hadisələr baş verir. Yaxın Şərq, Ön Asiya, Avropa böhran içindədir. Bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. Bu ölkələrin rəhbərləri bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Azərbaycanda isə sabitlik, inkişaf, rifah, təhlükəsizlik mövcuddur. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük , tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir.

Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri , Azərbaycan Respublikasının siyasətidir. Təsadüfi deyildir ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Təhlilçilərin də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilmişdir. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilzasiyalarası və mədəniyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töhfəsidir.

Bu gün multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsinə istiqamətlənmiş mühüm və müsbət dəyər kimi geniş və hərtərəfli şəkildə təşviq edilir. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması mühitində keçirildi. Dünyanın 140-dan çox ölkəsinin nümayəndələri planetin müxtəlif regionlarında etnik və dini zəmində baş verən qarşıdurma və toqquşmalar kimi mürəkkəb problemlərin həllinə dair vahid fikrə gəlmək üçün geniş müzakirələr apardılar və konstruktiv dialoqun inkişafına xidmət edəcək təkliflər səsləndirdilər. Çıxışlarda qaldırılan təşəbbüslər, tövsiyələr mədəniyyətlər, sivilzasiyalar arasında əməkdaşlığa, əlaqələrin güclənməsinə, qarşılıqlı anlaşmaya öz böyük töhfəsini verdi.

Qeyd edək ki, Sivilizasiyalar Alyansı dünyada etimad və anlaşma yaradır. Onun layihələri gənc innovatorları dəstəkləyir, jurnalistləri resurslarla təmin edir və dialoqu dəstəkləyən liderlərə hörmət edir. Gəlin, həmçinin zamanımızın çağırışları ilə üzləşdiyimiz bir vaxtda bu qiymətli Alyansı gücləndirək, – deyən BMT-nin baş katibi Pan Gi Mun Forum iştirakçılarına nümayiş etdirilən video-müraciətində dedi: “Bölünmə və təcrid ekstramistlərə sərf edir. Onların atdığı bombalar binaları hədəfə alır. Lakin onların əslində məhv etmək istədiyi bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də mən bu Forumun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmasını alqışlayıram. Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə irqçilik, diskriminasiya, ksenofobiya və zorakılığın digər formaları üzündən uzun müddət təcrid olunmuş insanlar üçündür. Alyans heç kimin unudulmaması və hamıya ləyaqətli həyat təmin etmək üçün bu qlobal planı reallaşdırmağa kömək edir. Mən BMT-nin bu qurumunu tam dəstəkləyirəm”.

Bu, BMT baş katibi cənab Pan Gi Munun Bakı Forumuna davamlı dəstəyini ifadə edən bəyanatı idi. Bu bəyanat bir daha təsdiq etdi ki, dünya liderlərinin münaqişələrin əsas səbəbləri ilə məşğul olaraq diqqəti onların qarşısının alınmasına cəmləşdirməsi vacibdir və çox əhəmiyyətlidir. Alyans radikallaşma və qütbləşmənin qarşısını almaqla, daha böyük mədəniyyətlərarası anlaşmanı həvəsləndirməklə, eləcə də bu məqsədləri irəliyə doğru aparan layihə və proqramlarda iştirak etməklə daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün formalaşdırılmış zərif qüvvə mexanizmi rolunu oynayır.

Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çox millətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri — qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır”.

Dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti, bərabərliyi əsas götürərək həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq. Öz çıxışında bu fikirlərə geniş yer verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə davam etməliyik: “Sivilizasiyalar Alyansına onun prinsip və dəyərlərinə həmişəkindən daha güclü şəkildə sahib çıxmalıyıq. XXI əsrdə bəşəriyyətin çatdığı yerin gündəmi terror təşkilatlarının müəyyən etdiyi bir sonluğa məhkum olmayacağına inanıram”.

Bakı Forumu tolerantlığın və qarşılıqlı anlaşmanın təmini üçün ölkələr və xalqlar arasında əməkdaşlığı, dostluğu inkişaf etdirməyin zəruru olduğunu bir daha təsdiqlədi. Dialoq və mübadilələr müxtəlif çağırışlara cavab tədbirlərinin görülməsi üçün çoxtərəfli münasibətlər sisteminin dərinləşdirilməsinin mühüm və əhəmiyyətli olacağını göstərdi. Bu Forum özünün sülh, davamlı inkişaf hədəflərini açıq bəyan etdi.

Azərbaycan Dövlət İqtisad Universiteti də ali təhsil ocağı kimi gələcək nəsillərə multikulturalizm və tolerantlıq dəyərlərini aşılamaq məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin prioritet elan etdiyi bu siyasətə öz dəstəyini verməkdədir. 2016-cı ildə dövlət başçısının Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında Sərəncamından sonra UNEC-də bununla bağlı konkret addımlar atılmaqdadır. Belə ki, bu ildən universitetimizdə bütün ixtisaslar üzrə tədris planlarına “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” adlı fənlər daxil edilərək, tələbə və magistrlərə tədris olunmaqdadır. Eyni zamanda UNEC-də multikulturalizm və iqtisadiyyatın qarşılıqlı təsiri ilə bağlı mütəmadi “dəyirmi masa”lar, konfranslar və müzakirələr də təşkil olunur. 2016-cı ildən UNEC milli azlıqların kompakt yaşadığı iqtisadi rayonların davamlı sosial-iqtisadi inkişaf məqsədi ilə “Azərbaycanda multikulturalizm və sosial-iqtisadi inkişaf” mövzusunda tədqiqatların aparılması işində özünün təcrübəli iqtisadçı-ekspertlərini bu işə cəlb etmişdir.

Bir ölkənin iqtisadi inkişafı onun mədəni inkişafı ilə düz mütənasibdir. İqtisadi inkişaf xəyali bir vakuumda mədəni inkişafdan kənar mövcud ola bilməz. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən də irəli gələn bir göstəricidir.

Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan multikulturalizm modelini dünyaya çatdırmaq işində öz rəhbər, professor və tələbə heyəti ilə bundan sonra da Prezident cənab İlham Əliyevin yanında sıx birləşəcəkdir.

 

Mikayıl ZEYNALOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi məsələlər üzrə prorektoru,
YAP Azərbaycan Dövlət İqtisad Universiteti ilk ərazi təşkilatının sədri

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna