Müstəqil Azərbaycanda ali təhsilin inkişafı və perspektivləri

18 OKTYABR 2021 | VIEWS:
48

“Azərbaycan” qəzeti

Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümündə ölkənin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərin təhlil edilməsi və gələcəyə yönəlmiş baxışların formalaşdırılması böyük önəm daşıyır.

Məlum olduğu kimi, hər hansı bir xalqın və dövlətin formalaşması və inkişafı, onun gələcəyinin güclü təməllər üzərində qurulması təhsil sistemində əldə edilmiş nailiyyətlərlə əhəmiyyətli dərəcədə bağlıdır.

Təhsilin inkişafı nəticəsində formalaşmış insan potensialı, başqa sözlə, insan kapitalı ölkələrin iqtisadi və sosial rifahının artırılmasında çox əhəmiyyətli yer tutur. İnsanların yetərli bilik və bacarıqlar əldə edərək cəmiyyətdə özünə yer tapmasında təhsil, xüsusilə də ali təhsil ən mühüm vasitələrdən biridir. Ali təhsil formalaşmış insan kapitalını cəmiyyətə təqdim etməklə, sosial rifahı artırmaqla yanaşı, insanların əldə etdiyi gəlir səviyyəsini yüksəldərək fərdi rifahı da təmin edir. Məhz ali təhsilin cəmiyyətə və fərdlərə qazandırdığı bu faydalar səbəbindəndir ki, dünyada ona tələb sürətlə artmaqda davam edir.

Tədqiqatlar göstərir ki, ali təhsilin cəmiyyətdə önə çıxan əsas töhfəsi bu təhsilin daha yaxşı məşğulluq imkanları təmin etməsidir. Belə ki, OECD hesabatlarına görə ABŞ və Avropa İttifaqında universitet məzunlarının orta gəlir səviyyəsi universitet məzunu olmayanlarla müqayisədə 60-75 faiz daha yüksəkdir. Bu nisbət Braziliya, Çili, Türkiyə kimi orta gəlir qrupundakı ölkələrdə təxminən 150 faizdir.

Tədqiqatlar göstərir ki, fərdlərin ali təhsil dövründə sosial həyata uğurla adaptasiya olmağa və cəmiyyətə töhfə verməyə imkan verən bilik və bacarıqlar əldə etməsi cəmiyyət üçün prinsipial əhəmiyyət daşıyır. Fərdi və sosial bacarıqlarını inkişaf etdirmiş, düşünən, tədqiq edən, ömür boyu öyrənən, özünü yeniləyən, təşəbbüskar, əzmli, ünsiyyət qura bilən, komanda daxilində işləyə bilən və liderlik qabiliyyətlərinə sahib olan fərdlərin iş və sosial həyatlarında daha uğurlu olduğu ortaya çıxır.

Təhsilə qoyulan investisiyaların ən mühüm xüsusiyyəti azalan deyil, artan məhsuldarlığa malik olmasıdır. Müxtəlif tədqiqatlar göstərir ki, təhsil müddəti artdıqca, işsizlik səviyyəsi azalır, gəlir səviyyəsi isə artır. OECD ölkələri üzrə aparılan tədqiqatlardan birinin nəticələrinə görə insanların təhsilalma müddətində hər əlavə birillik artım onların gəlir səviyyəsini təxminən 6 faiz yüksəldir. Təhsilin, xüsusilə də ali təhsilin yüksək insan kapitalı və texnologiyalar vasitəsilə iqtisadi artımın drayverinə çevrilmə xüsusiyyətini nəzərə alaraq, inkişaf etmiş ölkələr bu sahəyə çox böyük həcmdə vəsait ayırırlar. Dünya İqtisadi Forumunun hesabatlarına baxdıqda görürük ki, ali təhsil və peşə təlimi sektorunun yüksək inkişaf etdiyi Sinqapur, Finlandiya, Niderland, İsveçrə, Belçika, Danimarka, Norveç, ABŞ, Avstraliya, Yeni Zellandiya, Almaniya, İsveç, Birləşmiş Krallıq, Yaponiya kimi ölkələr eyni zamanda rəqabətqabiliyyətli iqtisadiyyatlar arasında qabaqcıl sıralarda dayanırlar. Bu iqtisadiyyatların hamısı yüksək texnologiyalara əsaslanan və innovasiya potensialı güclü iqtisadiyyatlar hesab olunurlar. Təsadüfi deyil ki, UNESCO müasir dövrdə ali təhsil qurumlarını sosial inkişaf, iqtisadi artım, rəqabətli mal və xidmət istehsalının dəstəklənməsi, mədəni kimliyin formalaşması və qorunması, cəmiyyətin bütövlüyünün təmin edilməsi, yoxsulluqla mübarizə və sülh mədəniyyətinin dəstəklənməsi işində əvəzedilməz rolu olan qurumlar kimi xarakterizə edir.

Hesablamalar göstərir ki, dünya üzrə ali təhsil qurumlarında qeydiyyatı olan tələbələrin sayı 2000-2014-cü illər arasında 100 milyondan 207 milyona yüksəlmişdir. Bu artımın çox əhəmiyyətli hissəsi Azərbaycanın da daxil olduğu ortagəlirli ölkələrdə baş vermişdir. Buna görə də aşağı-orta gəlirli ölkələrin ali təhsil qurumlarına qeydiyyatı olan tələbələrin ümumi sayı ilk dəfə 2012-ci ildə yüksəkgəlirli ölkələrin müvafiq göstəricisini üstələmişdir.

İnkişaf etməkdə olan ölkələrdə ali təhsilə olan tələbin sürətlə artması cəmiyyətin və dövlətin bu sahəyə olan diqqətinin də yüksəlməsi ilə nəticələnmişdir. Bir çox ölkələrdə ya yeni ali təhsil qurumları yaradılır, ya mövcud ali təhsil qurumlarının potensialı artırılır, ya da ali təhsil qurumları şəbəkəsinin optimallaşdırılması həyata keçirilir.

Şübhəsiz ki, Azərbaycan Respublikası ali təhsil sahəsində inkişaf etmiş ölkələrin çoxəsrlik təcrübəsinə malik deyildir. Ancaq buna baxmayaraq, təxminən son yüz ildə ölkədə bu sahədə müəyyən təcrübə əldə edilmişdir. Azərbaycanın ilk universiteti 1919-cu ildə təsis edilmiş, 1920-ci ildən sonra başlayan sovetlər birliyi dönəmində ölkədə ali təhsil qurumlarının formalaşması və inkişafında fərqli yollar seçilmiş, 1991-ci ildən sonrakı müstəqil Azərbaycanda isə yenidən müasir ali təhsil quruculuğu üçün geniş imkanlar yaranmışdır.

Sovet dönəmində Azərbaycanın ali təhsil ocaqları sovet cəmiyyətinin tələbləri əsasında inkişaf etmiş və elmin bir sıra istiqamətləri üzrə nailiyyətlər əldə etmişlər. Lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi, iqtisadi sahədə sistem transformasiyası prosesinə başlaması bütün sahələrdə olduğu kimi, ali təhsildə də köklü islahatları zəruri etmiş və onun yeni cəmiyyətin tələblərinə uyğun yenidən qurulmasını qarşıya vəzifə kimi qoymuşdur. Bu istiqamətdə irəli sürülən ilk sistemli təşəbbüs Ümummilli Lider Heydər Əliyev tərəfindən

15 iyun 1999-cu ildə “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”nın qəbul edilməsi olmuşdur. Heydər Əliyev ilk öncə 1998-ci ildə “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında” sərəncam imzalamış, 1999-cu ildə isə geniş müzakirələrdən sonra dövlət komissiyasının hazırladığı islahat proqramını qəbul etmişdir. Bununla da Azərbaycanda təhsil sisteminin mütərəqqi milli xüsusiyyətlər gözlənilməklə beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməyə başlanmışdır. Ulu Öndər həyata keçirilən islahatları daha da sürətləndirmək məqsədilə 2003-cü ildə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” əlavə bir fərman da imzalamış və bu fərmanda təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi, təhsildə idarəetmənin müasir prinsiplər üzrə təşkili, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsil sisteminə inteqrasiyası istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə prinsiplərinə əsaslanan yeni təhsil sisteminin qurulmasını nəzərdə tutan islahatlar prosesinin əsas istiqamətlərindən biri də ali təhsil sistemi olmuşdur. Belə ki, qeyd edilən islahat proqramının icrası nəticəsində ali təhsil sistemində bir sıra struktur dəyişiklikləri aparılmış, ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması istiqamətində addımlar atılmış, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə edilmişdir. Bu mərhələdə aparılan islahatların mühüm istiqamətlərindən biri də məhz ali təhsil müəssisələrinin muxtariyyətinin artırılması olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti də daxil olmaqla 6 ali məktəbə daha yüksək muxtariyyət – özünüidarəetmə statusu verilmişdir.

Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsinə start vermişdir. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunmuşdur ki, proqramın məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Proqramın icrası çərçivəsində ali təhsilin qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması və Bolonya prosesinin əsas prinsipləri istiqamətinə yenidən qurulması sahəsində mühüm işlər görülmüşdür. Qeyd olunan mərhələdə atılan mühüm strateji addımlardan biri də Prezident

İlham Əliyevin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olmuşdur. Proqramın əsas hədəfləri xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidən hazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi olmuşdur. Uğurla reallaşdırılan bu proqram çərçivəsində 3558 nəfər azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanmışdır. Bu gənclərin böyük əksəriyyəti artıq təhsilini başa vurub geri qayıtmış və ölkəmizin gələcək inkişafına, xüsusilə də ali təhsilin inkişafına öz töhfələrini verməyə başlamışdır.

Qlobal səviyyədə təhsil sahəsində ortaya çıxan yeni çağırışlar və Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə daxil olması ölkədə təhsilin inkişafı üzrə vahid dövlət strategiyasının formalaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə 24 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun əsasında hazırlanaraq 2015-ci ilin 19 yanvarında təsdiq edilmiş müvafiq Fəaliyyət Planı ölkədə ali təhsil sistemi də daxil olmaqla, bütövlükdə təhsil sisteminin qeyd olunan çağırışlar və tələblər istiqamətində qısa, orta və uzunmüddətli inkişafını təmin edəcək vahid dövlət siyasətini özündə əks etdirir.

Təhsilin inkişafı üzrə dövlət strategiyasının icrası ilə əlaqədar olaraq, son illər ölkədə ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, ali təhsil kurikulumlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, ali təhsil qurumlarında doktorantura təhsili və tədqiqat potensialının gücləndirilməsi, ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələrinin idarəetmə modelinin təkmilləşdirilməsi, onların əlavə təhsil imkanlarının genişləndirilməsi, beynəlmiləlləşmələrinin artırılması və bütövlükdə ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzləri kimi cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətlərində əhəmiyyətli nəticələr əldə edilmişdir. Bu uğurlu nəticələrin əldə edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bütövlükdə təhsilə göstərdiyi diqqət və qayğını xususilə vurğulamaq lazımdır.

Universitetlərin araşdırma – texnoloji inkişaf-innovasiya missiyaları aspektindən yanaşıldıqda görünür ki, inkişaf etməkdə olan ölkələrdə prioritet daha çox yaxşı təhsil verən universitetlər olduğu halda qlobal texnologiya-innovasiya yarışına qoşulan ölkələrdə daha çox universitetlərin araşdırma və innovasiya nəticələrinə əhəmiyyət verilir. ABŞ və Birləşmiş Krallıq universitetləri bu istiqamətdə lider mövqedə olduqları halda qitə Avropası ölkələrinin bu yarışda mövqelərini gücləndirmək üçün daha çox resurslar ayırdığını və yeni universitet modelləri yaratdıqlarını, başda Çin olmaqla Cənub-Şərqi Asiya universitetlərinin isə son on ildə bu istiqamətdə əhəmiyyətli məsafə qət etdiklərini görmək mümkündür.

İnformasiya texnologiyalarının inkişafı və qloballaşma ilə birlikdə, ali təhsildə beynəlmiləlləşmə əhəmiyyətli bir inkişaf strategiyasına çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi “2019-2023-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (16.11.2018) və “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncam (30.11.2021) ölkədə ali təhsilin və kadr hazırlığının inkişafında yeni yanaşmaları və imkanları ortaya qoyur. Beynəlxalq rəqabətə və əməkdaşlıq şəbəkələrinə aktiv şəkildə qoşulmanı tələb edən bu strategiya, elmi və texnoloji proseslərdə iştirak etmə, təhsil-araşdırma təcrübəsi və resurslarını birləşdirmə, maddi resurslara çıxış, institusional potensialı təkmilləşdirmə və keyfiyyətli insan resursu cəlbetmə baxımından mühüm əhəmiyyət kəsb edir.

Ali təhsildə beynəlmiləlləşmənin istiqamətlərindən biri də ingilis dilində təhsil proqramlarının geniş yayılmasıdır. Son 20 ildə bu dil ali təhsildə bir növ “linguafranca” statusu qazandığından qitə Avropası da daxil olmaqla, dünyanın əksər yerlərində ingilis dilində universitet təhsil proqramlarının sayı sürətlə artır.

Ali təhsildə beynəlmiləlləşmə “TheTimesHigherEducation”, QS, Şanxay, “USNews” və s. təşkilatların elan etdiyi dünya universitet reytinqlərinin təsirini də artırır. Reytinqlərdə istifadə edilən meyarlar əhəmiyyətli dərəcədə universitetlərin araşdırma-nəşretmə nəticələrinə əsaslandığından həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə prestij əldə etmək istəyən universitetləri araşdırma-nəşretmə missiyasına daha çox üstünlük verməyə məcbur edir. Əsasən araşdırma-nəşretmə fəaliyyətləri əsasında qazanılan qlobal prestij beynəlxalq tələbə bazarındakı rəqabətdə də universitetlərə böyük üstünlüklər yaradır. Bu baxımdan son illər Təhsil Nazirliyinin rəhbərliyi ilə Azərbaycan universitetlərinin qlobal reytinq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ölkə ali təhsilinin gələcəyi üçün atılan strateji addımlardan hesab edilə bilər. Bu əməkdaşlıq ölkə ali təhsil sektorunda beynəlxalq standartların mənimsənilməsi və strateji planlaşdırmanın düzgün şəkildə həyata keçirilməsi işinə böyük təkan verir. Təkcə UNEC-in timsalında qeyd edə bilərik ki, bu əməkdaşlıq nəticəsində universitet öz fəaliyyətində zəruri təkmilləşdirmələri etməklə bir sıra beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Beynəlxalq tələbə və araşdırma fondları uğrunda güclənən rəqabət şəraitində mühüm əməkdaşlıq modelləri də ortaya çıxır. Məsələn, Avropa İttifaqı 1980-ci illərdən bu günə qədər getdikcə artan resurslarla ölkələrarası tələbə mobilliyinə və araşdırmada əməkdaşlığa dəstək verir. Avropa İttifaqının “Horizon 2020” araşdırma proqramı və bu gün bütün dünya ölkələrini əhatə edən “Erasmus+” mübadilə proqramı bu qəbildən olan ən əhatəli proqramlardır.

UNESCO-nun məlumatları göstərir ki, Azərbaycan ÜDM-nin təxminən 0,2 faizini araşdırma və təkmilləşdirmələrə xərcləsə də, bu xərclərin əsas hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Hazırda Azərbaycanda universitetlərin tədqiqat potensialını artırmaq məqsədilə əsasən doktorantura pilləsinin inkişafına xüsusi diqqət yetirilir. Fikrimizcə, güclü doktorantura təhsilinin təşkili yolu ilə universitetlərin tədqiqat potensialı gücləndikcə özəl sektorla və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirəcəyi tədqiqat layihələrinin sayı da ildən-ilə artacaqdır.

Müasir dövrdə ABŞ və Birləşmiş Krallıq kimi ölkələrdə əhəmiyyətli səviyyələrə çatan xarici tələbə gəlirləri universitetlərin ölkə rifahına göstərdiyi önəmli töhfələrdən biri hesab olunmağa başlamışdır. Beynəlxalq tələbələr həmçinin ölkələrə “yumşaq güc” (softpower) və keyfiyyətli insan resursu qazandırır. ABŞ-da və Avropa ölkələrinin bir çoxunda STEM (fundamental elmlər, texnologiya, mühəndislik, riyaziyyat) proqramlarında yerli tələbə çox azdır. Gənclər əsasən hüquq, incəsənət, inzibati-sosial-bəşəri elmlər sahələrinə üstünlük verir. Məhz bu meylin nəticəsi kimi, 2030-cu ildə STEM məzunlarının 75 faizinin BRICS ölkələrində, 8 faizinin ABŞ-da, 4 faizinin isə Avropada olacağı proqnozlaşdırılır. STEM sahələrində artan iş qüvvəsi kəsiri inkişaf etmiş ölkələr üçün xarici tələbələri xüsusilə cəlbedici edir. Ən çox tələbəni Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Cənubi Koreya göndərir. Hədəf ölkələrin bazar paylarına baxdıqda bir sürüşmənin baş verdiyini, ən çox tələbə cəlb edən ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və Belçikanın 2001-ci ildəki məcmu payının

59 faizdən 2017-ci ildə 48 faizə düşdüyünü, Çin, Avstraliya və Kanadanın isə ən çox tələbə cəlb edən ölkələr sırasına daxil olduğunu görmək mümkündür.

Beynəlmiləlləşmənin getdikcə geniş yayılmağa başlayan bir modeli də qlobal miqyasda tanınan universitetlərin inkişaf etməkdə olan ölkələrin universitetləri ilə birlikdə ortaq təhsil proqramları təqdim etmələri, bu ölkələrdə araşdırma mərkəzləri və kampuslar açmalarıdır. ABŞ və Birləşmiş Krallıq universitetləri ilə Orta Şərq və Cənubi Asiya ölkələri bu beynəlmiləlləşmə modelindən ən çox istifadə edən ölkələrdir.

Azərbaycan universitetlərinin son illər ingilis dilində təhsil proqramlarını genişləndirmələri, ERASMUS, TEMPUS, MEVLANA kimi beynəlxalq mübadilə proqramlarında aktiv iştirak etməyə başlamaları, eləcə də çoxtərəfli və ikitərəfli çərçivələrdə beynəlxalq əlaqələrini genişləndirmələri onların beynəlmiləlləşməsi prosesini də gücləndirmişdir.

Tədqiqatlar göstərir ki, hələ pandemiyadan öncə ortaya çıxan dörd əsas tendensiya dünyada ali təhsilin gələcəyini təyin edəcəkdir. Birinci tendensiya “yeni iqtisadiyyat”da rəqəmsallaşmanın, avtomatlaşdırmanın, süni intellekt və robot tətbiqlərinin əmək bazarının tələbini sürətlə dəyişdirməsi və bir çox sahədə universitet diplomunun ənənəvi üstünlüyünü təhdid etməsidir. Artıq diplom tələb edən bəzi peşələrin daha sürətlə avtomatlaşdırmaya məruz qalacağı, digər tərəfdən də xüsusilə informasiya texnologiyaları kimi sürətlə inkişaf edən sahələrdə mövcud universitet proqramlarının dəyişikliklərlə ayaqlaşa bilmədiyi görünür. Universitetlər bu dəyişikliyə cavab vermək üçün ənənəvi “paketlənmiş (packaged)” proqramlarını yenidən nəzərdən keçirməyə başlamışdır. Artıq universitetlər tələbənin peşəyə yiyələnmə ehtiyacına istiqamətlənmiş, əhatəsi və tamamlama müddəti dəyişə bilən, kredit toplama metodu ilə diplomun əldə edilə bildiyi, çevik, yetərliliyə əsaslanan (competencey-based) və adaptiv (customized) təhsil proqramlarına yönəlirlər. Bu yanaşma işləyənlərin yetərliliklərini inkişaf etdirmə tələblərinə və geniş kütlələrin ömür boyu təhsil ehtiyaclarına da cavab verməyi hədəfləyir. Mikro-Magistr proqramları (MicroMastersprograms) bu yanaşmanın tipik nümunəsidir. Universitetlərin bu cəhdlərinə baxmayaraq, işəgötürənlər arasında işçilərini yetişdirmək məqsədilə öz universitetlərini qurma və “TriologyEducation” kimi qurumlardan xüsusi təhsil dəstəyi alma meyli də geniş yayılmışdır. Bütün bunlar onu göstərir ki, qarşıdakı illərdə Azərbaycanda ali təhsil qurumlarının daha çevik hərəkət edə bilmələri üçün onların muxtariyyətinin gücləndirilməsi və ömür boyu təhsil strukturlarının köklü şəkildə inkişaf etdirilməsi qaçılmaz olacaqdır.

İkinci əsas tendensiya “online” təhsil tətbiqlərinin sürətlə yayılmasıdır. Bütövlükdə və ya qismən “online” formada təqdim edilən təhsil proqramları tələbələrə daha aşağı xərclərlə və çevik təhsil imkanı yaradır. Bir çox ölkədə ənənəvi olaraq “ikinci sinif” kimi qəbul edilən “online” diplom proqramları getdikcə daha çox qəbul edilməyə başlanmışdır. ABŞ-da ən tanınmış universitetlər də “online” təhsil proqramı formalaşdırma və təqdim etmə məqsədilə bu sahədə ixtisaslaşmış “online” proqram meneceri (onlineprogrammanager) şirkətlərilə əməkdaşlıq edir. Hələ də ABŞ-da əhəmiyyətli sayda universitetin tədris vasitəsi kimi istifadə etdiyi “virtual reallıq (virtual reality)” tətbiqləri sürətlə inkişaf edir və yayılır. Azərbaycanda bu sahənin inkişafı üçün, ilk növbədə, distant təhsilin qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac vardır. Bundan sonra isə distant təhsilin inkişafı sahəsində qəbul ediləcək əhatəli dövlət proqramının icrası ilə bu sahədə ciddi dönüş əldə etmək olar. Çünkü ölkədə bu təhsilin qurulması kifayət qədər xərc tələb edir və ali təhsil qurumlarının birgə və koordinasiyalı fəaliyyətini şərtləndirir.

Üçüncü tendensiya ali təhsildə beynəlxalq rəqabət və əməkdaşlığın artmasıdır. Araşdırma-innovasiya məqsədli əməkdaşlığı və tələbə mobilliyini dəstəkləyən proqramlar davamlı genişlənir. Bu baxımdan Azərbaycanda qarşıdakı illərdə xaricdə təhsil üzrə dövlət proqramının, ikili diplom proqramlarının uğurla icra edilməsi ilə yanaşı, əcnəbi tələbə və müəllimlərin ali təhsil sektoruna cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərin də genişləndirilməsi zəruriliyi ortaya çıxır.

Dördüncü tendensiya isə elmi və elm qurumlarını yenidən nəzərdən keçirən sosial-siyasi proseslərin genişlənməsidir. Son dövrdə qlobal olaraq kommunikasiyanın kommersiyalaşdığı, sosial media və oxşar rəqəmsal təbliğat vasitələrinin geniş yayılmağa başlandığı, siyasi qütbləşmənin artdığı qlobal şəraitdə cəmiyyətin müəyyən təbəqələri qurumlara inam məsələsində yeni istinad mənbələri axtarışına yönəlmiş, elmi və elm qurumlarını yenidən nəzərdən keçirməyə başlamışdır. Elm və media qurumlarının cəmiyyət nəzdində əldə etdikləri inamın mənbəyindəki doğruluq, şəffaflıq, muxtariyyət, hesabatlılıq prinsiplərini dəyərsizləşdirən və alternativ istinad mənbələri formalaşdıran bu tendensiya universitetlərin cəmiyyətdə daşıdığı missiyanı da kökündən təhdid edir. Mövcud pandemiya şəraitində COVID-19 virusu ilə mübarizə çərçivəsində bütövlükdə dünya miqyasında belə bir tendensiyanın varlığını daha açıq şəkildə görmək mümkün olmuşdur. Bu, Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələrində universitetlər və digər elm qurumlarının cəmiyyətlə əlaqələrinin effektivliyinin artırılması məsələsini gündəmə gətirmişdir.

Mövcud pandemiya göstərdi ki, universitetlər və ali təhsil sektoru mülki aviasiya, turizm kimi bu günə qədər pandemiyanın ən çox təsirinə məruz qalan sektorlar sırasındadır. 2020-ci ilin fevral ayından başlayaraq, dünyanın bir çox ölkəsində universitetlər üzbəüz təhsili dayandıraraq “online” təhsilə keçdilər. Bir çox ölkədə rəqəmsal ünsiyyət imkanlarına çıxışda bərabərsizlik yarandı. Kommunikasiya infrastrukturunun və “online” dərslərin məzmun yetərsizliyi, tələbə və müəllimlərin “online” təhsil təcrübəsinin olmaması və belə bir şəraitdə imtahanlar keçirmənin çətinlikləri ortaya çıxdı. Bu problemlərə baxmayaraq, “online” təhsil əldə olan imkanlarla davam etdirildi. Ancaq universitet həyatının mühüm bir hissəsi olan kampus həyatının verdiyi üstünlüklər – sosial qarşılıqlı əlaqə, dərsdənkənar proqramlar və fərdi-sosial inkişaf imkanları təmin edilə bilmədi.

Tədqiqatlar göstərir ki, post-COVID dövründə tamamilə üzbəüz təhsilin davam etməsi çoxlu suallar doğurur. Bu baxımdan inkişaf etdirilmiş hibrid və ya tamamilə “online” proqramların daha da geniş yayılacağı gözlənilir.

Görünən odur ki, qarşıdakı illərdə universitetlər tələbə gəlirlərini artırmaq və əmək bazarının tələblərinə cavab vermək məqsədilə aşağı xərcli, çevik, “paketlənməmiş” “online”/hibrid təhsil proqramlarına daha çox üstünlük verəcəklər. Beynəlxalq tələbələrə istiqamətlənmiş “online” təhsil modelinin daha çox qəbul edilməsi ilə tələbə göndərən ölkələrlə ortaq proqramların geniş yayılması və yeni filial investisiyalarının artırılması qaçılmaz görünür.

Pandemiya beynəlxalq akademik-elmi iclaslara, üzbəüz qarşılıqlı əlaqəyə və laboratoriya tədqiqatlarına da böyük miqyasda maneə yaratdı. Universitetlərin istifadə etdiyi dəstək fondları və sənaye gəlirləri məhdudlaşdı və iqtisadi canlanma olmadan artmaları da gözlənilmir. Belə şəraitdə ABŞ-da araşdırma universitetlərinin yaşadığı çoxölçülü problemlər digər ölkələrdəki nümunələri də izah edir. Ancaq virtual mühitə köçürülən əlaqə ilə coğrafi sərhədlər də aradan qalxır, sosial aspektin yetərsizliyinə baxmayaraq, elmi koordinasiya-əməkdaşlıq fərqli bir keyfiyyətdə davam edir və hətta yayılır.

Pandemiya şəraitində universitetlərin təhsil haqqı və qeyri-təhsil haqqı gəlirlərində əhəmiyyətli azalmalar da görünür. Ancaq buna baxmayaraq, tələbələrin və əməkdaşların sağlamlığının qorunmasına istiqamətlənmiş tədbirlər və “online” təhsil investisiyaları universitetlər üçün çox ciddi həcmlərdə əlavə xərclər yaradır. Xüsusilə də dünyadakı əcnəbi tələbələrdən asılılığı yüksək olan universitetlərdə belə bir sıxıntılı vəziyyətin ortaya çıxması qaçılmaz olmuşdur.

Fikrimizcə, pandemiyanın yaratdığı şok bir çox sektorda olduğu kimi, zəif və güclü ali təhsil qurumları arasındakı fərqi də artıracaqdır. Pandemiyanın təsiri ilə universitetlərin bəlkə də uzun zamandır təxirə salınan transformasiyalara yönəlməsi, ixtisaslaşmaya üstünlük verməsi, daha sağlam əməkdaşlıqlar qurması, hətta birləşməsi və proseslərlə ayaqlaşa bilməyənlərin isə bağlanması zəruri olacaqdır. Görünən odur ki, bu böhran şəraitində ortaya çıxan yetərsizliklərini görə bilən, yeni şəraitin yaratdığı fürsətləri dərk edən, yaradıcı həlləri sürətlə tətbiq edən qurumlar “yeni normal”a daha əlverişli vəziyyətdə daxil olacaqlar.

Pandemiya dövründə bütün digər ölkələr kimi Azərbaycan da müəyyən sıxıntılarla qarşılaşmış olsa da, bu dövrdə uzun müddətdir həllini gözləyən milli problemini – Qarabağın düşmən işğalından azad edilməsini həll etməyi də bacarmışdır. Bu böyük zəfər cəmiyyət olaraq bizim qarşımıza növbəti bir milli vəzifəni – Qarabağın yenidən qurulmasını qoymuşdur. Tamamilə yenidən qurulacaq Qarabağda həm də Azərbaycan təhsili, xüsusilə də ali təhsili yenidən qurulacaqdır. Burada Qarabağ Universitetinin qurulması xüsusilə böyük önəm daşıyır. Fikrimizcə, bu universitetin multiversitet formasında qurulması və onun təməlində Qarabağ Elm-Təhsil-İnnovasiyalar Vadisinin təşkil edilməsi bütövlükdə bölgədə ali təhsil sektorunun inkişafı və iqtisadi fəaliyyətlərin davamlılığı baxımından əhəmiyyətlidir.

Bu gün əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ali təhsil sektoru qarşıdakı illərdə də qlobal tendensiyalara, çağırışlara və milli iqtisadiyyatın tələblərinə adekvat şəkildə inkişaf edəcək və cənnət Qarabağda da ən yaxşı təcrübələrini ortaya qoyacaqdır.

Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor

*

https://news.unec.edu.az/xeber/125-universitet/7933-mustegil-azerbaycanda-ali-tehsilin-inkishafi-ve-perspektivleri

49 1
WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli