UNEC təhsilimizə yeni innovasiyalar gətirir
Məlumdur ki, XXI əsrin doğurduğu ən mühüm trendlərdən biri ali təhsil sistemində yeni innovasiyaların tətbiqi ilə bağlıdır. Müasir universitet modeli öz fəaliyyətində ölkənin dünya arenasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən yüksək intellektli, peşəkar, müasir səriştə və bacarıqlara malik insan potensialı yetişdirən, həm də qlobal elmi tədqiqatları ilə seçilən ali məktəbi xarakterizə edir. Universiteti dünyada tanıdan, nüfuzunu göstərən innovativlikdir. İnnovativ ideyaları öz elmi-tədris fəaliyyətində uğurla tətbiq edən ali məktəb isə dünyanın ali təhsil sistemində inamlı mövqeyi ilə seçilir. Bu cür mövqe ali məktəbin təşəbbüskarı olduğu elmi tədbirlər, konfranslarda da özünü göstərir.
Artıq bir neçə ildir ki, ölkəmizin ali təhsil sistemində özünün yenilikçi yanaşmaları ilə seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) uğurlu ali təhsil müəssisəsi modeli olaraq ömürboyu təhsilin strategiya və konsepsiyasının hazırlanması, həyata keçirilməsi sahəsində təşəbbüslərlə çıxış etməkdədir.
Ölkəmizdə müasir innovasiyaların ünvanı imicini qazanan UNEC növbəti dəfə dünyanın ən nüfuzlu universitetlərinin iştirakı ilə mötəbər konfransa ev sahibliyi edib. Söhbət iyulun əvvəllərində UNEC və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə “V Ömürboyu təhsil və liderlik” mövzusunda keçirilən beynəlxalq elmi konfransından gedir. 2015-ci ildən keçirilən yüksək səviyyəli konfransın əhəmiyyəti, məqsədi, əsas gözləntiləri nədir? Ömürboyu təhsili zərurətə çevirən hansı faktorlar var? Bu sualları konfransın Elm komitəsinin üzvü, UNEC-in “İqtisadiyyat və və idarəetmə” kafedrasının müdiri, professor Yaşar Kəlbiyevlə müzakirə edirik.
İlk növbədə qeyd olunmalıdır ki, sayca 5-ci dəfə keçirilən və UNEC-in ev sahibliyi etdiyi konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa da daxil olmaqla dünyanın 40-a yaxın ölkəsindən 250-dək təhsil və elm mütəxəssisi iştirak edib. Bu cür yüksək iştirak səviyyəsi tədbirin mötəbərliyindən və aktuallığından xəbər verir. Fəxri sədrləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və Türkiyənin Sakarya Universitetinin rektoru, professor Fatih Savaşan olan konfransda ABŞ-ın Corciya, Qərbi Miçiqan, Böyük Britaniyanın Kembric, Nottingem, Rocester, Braziliyanın San Paulu, Türkiyənin Ankara, Boğaziçi, Yıldız Texnik, İstanbul Texnik, Sakarya və dünyanın digər universitetlərindən olan professor-mütəxəssislər ömürboyu təhsil və liderlik mövzularında çıxışlar ediblər.
Ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğu qeyd edilən konfransda davamlılıq, təhsilin iqtisadi aspektləri, sahibkarlıq, innovasiya və təhsil, ömürboyu təhsil layihələrinin, insan resurslarının idarə edilməsi, ömürboyu öyrənmə, təhsildə liderlik, təhsildə qloballaşma, təhsil menecmenti, təhsildə bərabərlik, ömürboyu təhsildə öyrənmə texnologiyaları və digər istiqamətlərdə məruzələr dinlənilib. Konfransda UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək təmsil etdiyi ali məktəbdə ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını qeyd edib. Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti isə iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularına toxunublar.
Hədəf – Ömürboyu təhsil
Qeyd olunmalı mühüm gerçəklik odur ki, müasir reallıqlar dövründə ömürboyu təhsilin zəruriliyi artıq heç kimdə şübhə doğurmur. UNEC-in bu məsələyə xüsusi diqqətlə yanaşması bu istiqamətin getdikcə qlobal düzəndə xüsusi çəkisinin artması ilə izah olunr. Bu kontekstdə konfransın əsas məqsədi elm adamları, tədqiqatçılar, ali təhsil işçiləri, tələbələr və ali təhsillə əlaqədar olan müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirərək liderlik bacarıqları ilə bağlı tədqiqatların nəticələrinin başqa mütəxəssislərlə bölüşmək üçün mühit yaratmaqdır. Bu konfrans eyni zamanda təhsil, təlim, tədris, insan resursları və korporartiv mədəniyyət sahələrində meydana çıxan yenilikləri və innovasiyaları bölüşməyə imkan verir.
Qeyd edək ki, UNEC-in Sakarya Universiteti ilə ərsəyə gətirdiyi bu konfrans fasiləsiz təhsilin cəmiyyət həyatındakı rolunun araşdırılması sahəsində mütəxəssis və tədqiqatçılar üçün geniş əməkdaşlıq meydanı açır. Heç təsadüfi deyildir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Davos İqtisadi Forumu çərçivəsində elan etdiyi və 2019-cu ildə dünyada təhsil sahəsinin formalaşdırılmasının əsas trendlərinə həsr olunmuş hesabatında (Trends Shaping Education 2019) da ömürboyu təhsil gələcək illərin əsas meqatendensiyalarından hesab olunub. Son 45 ildə OECD ölkələrində orta insan ömrü 70-dən 80 yaşa qədər artıb. 65 və daha artıq yaşlıların isə ömrünün əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Yaşlı işçilər əmək bazarının artan qeyri-stabilliyi təhlükəsi ilə rastlaşacaq, yüksək texnologiyalara çıxış əldə etmək üçün keyfiyyətli yenidənhazırlanma və ixtisasartırma imkanlarından yararlanmalı olacaqlar. Bununla da ömürboyu təhsilin təmin olunması üzrə cari təkliflər ölkələrin əksəriyyətində güclənəcək. Bir çox ölkələrdə yaşlı insanlar mürəkkəb rəqəmsal informasiyanı idarə etmək üçün kifayət qədər bacarıqlara malik deyillər. Hökumətlər və işəgötürənlər buna görə də ömürboyu təhsilin təmin olunması üçün tələb edilən işlərlə ciddi məşğul olmalıdırlar.
OECD qeyd edir ki, insan ömrünün uzanmasına dair gözləntilər artır, əvvəlcədən proqnozlaşdırıla bilməyən əmək bazarı isə o deməkdir ki, insanların çoxu tez-tez yenidən hazırlanmaya ehtiyac duyurlar. Daha çox diqqət insanların ömürboyu təliminə ayrılmalıdır ki, onlar iş yerini dəyişə və daha gec yaşlarda təqaüdə çıxa bilsinlər.
Ömürboyu təhsil: zərurət və reallıqlar
Məlumdur ki, sürətlə dəyişən texnologiyalar və iqtisadi dəyişikliklər şəraitində ölkənin gələcək inkişafını təmin edəcək insan kapitalının yetişdirilməsi mühüm vəzifədir. Məhz təhsil sistemi insan kapitalının formalaşdırılması və onun inkişafını təmin edir. Öz növbəsində, insan kapitalı ölkənin rəqabət qabiliyyətliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq da müasir cəmiyyətdə insan kapitalının rolu durmadan artır. Tam əminliklə demək olar ki, yaxın illərdə dünya arenasında ölkənin rəqabət qabiliyyətliliyi, ilk növbədə, onun təhsil sisteminin rəqabətqabiliyyətliliyi ilə müəyyən olunacaq. Təhsil üçün potensial çağırışları müəyyən edən qlobal rəqabətin əsas dəyişiklikləri isə insan kapitalının kəmiyyət və keyfiyyəti, müxtəlif ictimai-iqtisadi çağırışlar qarşısında sosial davamlılığın dərəcəsi kimi faktorlarla xarakterizə olunur. Bu cür yanaşma isə ömürboyu təhsilin cəmiyyət həyatı üçün əhəmiyyətini bariz şəkildə ortaya qoyur. Ömürboyu təhsilə bu cür yanaşma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2013-cü il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapmışdır: “Müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömürboyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Eyni zamanda, sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır”.
Müasir dünyada rəqabətə davamlı olmaq çox mürəkkəb məsələdir. O, yüksək ixtisaslı kadrların hazırlığına hələ uşaq yaşlarından başlanmasını, onların karyera yolunun və peşəkar bacarıqlarının müəyyən olunmasını tələb edir ki, onlar sürətlə dəyişən şərtlərə uyğunlaşa və müvafiq olaraq xarici amillərə reaksiya verə bilsinlər. Məhz ömürboyu təhsilin təşkilinə artan tələbat da bu zərurətlə izah olunur. Dünya təhsil prosesi sürətlə dəyişməyə və biliklərin ötürülməsini sürətləndirməyə və onlara girişi sadələşdirməyə məhkumdr, buna görə də hazırda distant təhsil, onlayn-təhsil geniş yayılmışdır. Təhsil sistemlərində 3D-texnologiyaları tətbiq olunur, virtual reallıq kök salır. Bu səbəbdən də hazırda “ömürboyu təhsil” trendi daha çox aktuallıq kəsb etməyə başlayır. Əksər hallarda artıq insanlar təkcə bir sahədə deyil, müxtəlif sahələrdə öz səriştələrini inkişaf etdirir. Bu cür reallıq bizdən daim ömürboyu öyrənməni və yenidən ixtisaslaşmanı tələb edir. Bu gün ömürboyu təhsil həyati əhəmiyyət daşıyır, əgər siz həyatda uğurlu olmaq istəyirsinzsə, zamanın tələblərinə və real həyatın dəyişikliklərinə uyğun olmalısınız.
Ömürboyu təhsilin iqtisadi aspekti
“V Ömürboyu təhsil və liderlik” konfransının mühüm müzakirə trendlərindən biri ömürboyu təhsilin iqtisadi aspekti ilə bağlıdır. Müasir çağırışlar dövründə rəqəmsal iqtisadiyyat əmək bazarını kökündən dəyişir: harada kompüter insanı əvəz edə bilər, onu əvəz edəcək. Özünütəhsil və inkişaf insanlar üçün yeganə çıxış yolu olacaq, digər tərəfdən, rəqəmsal texnologiyalar müəssisələr və biznesin inkişafı üçün yeni imkanlar açır. Bundan başqa, yaxın gələcəkdə peşələrin müntəzəm dəyişməsi norma olacaq və peşəkar bir sferada iştirak daha çox təlim hazırlığı tələb edəcək. Ömürboyu təhsil konsepsiyası hesab edir ki, insan həyatı təhsil (diplomun alınmasına qədər) və iş dövrünə bölünmür, öyrənmə insanın bütün ömrü boyu davam edən daimi bir prosesdir.
Ömürboyu təhsil konsepsiyası yalnız inkişaf etmiş dövlətlər üçün deyil, həm də keçid iqtisadiyyatlı ölkələr üçün böyük aktuallıq kəsb edir. Dəyişikliklərin miqyası və dinamikası təhsilə və təlimə tamamilə yeni yanaşmanı tələb edir. Bu mənada ömürboyu təhsilin investisiyası da mühüm əhəmiyyətə malikdir. Ömürboyu təhsilin investisiyasının əsasında dörd prinsip durur: bütün təhsilalanlar baza səriştələrinə malik olmalıdır; təhsilalanlar öz təhsillərinə görə məsuliyyət daşımalıdır; dövlət bərabər təhsil imkanlarını təmin etməlidir; ömürboyu təhsil sistemi təhsil və əmək bazarı, işçi qüvvəsi üçün səmərəli olmalıdır.
Ömürboyu təhsil sisteminin əsas prinsipi onun qabaqlayıcı xarakter daşımasıdır. Məhz bu təlim hər bir fərdə gələcəkdə lazım olacaq peşələrin zəruriliyini və tələb olunan bilikləri əldə etməyi proqnozlaşdırmağa imkan verir.
Mühüm baza
Son 25-30 il ərzində dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli dəyişikliklər baş verib, nəticədə biliklər beynəlxalq rəqabətdə müvəffəqiyyətin əldə olunmasında əsas amilə çevrilib. İqtisadiyyatın intensiv surətdə koqnitivləşməsi təhsil qarşısında daha çox tələblər qoyur, hansılar ki, ənənəvi təhsil sistemi tamamilə təmin edə bilmir. Belə bir şəraitdə ömürboyu təhsilə keçid zərurəti yaranıb.
Ömürboyu təhsilin konsepsiyasına əsasən ali məktəb məzunları bilik əldə etməyi, onu tətbiq etməyi öyrənmək, həmçinin peşəkar fəaliyyətdə onlara lazım olan bilikləri və bacarıqları yeniləmək üçün dövri olaraq təhsil sisteminə (əsasən ali təhsil sisteminə) qayıdacaq. Bilik və bacarıqları fasiləsiz olaraq yeniləmək qabiliyyəti iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən və xüsusiyyətlərindən asılıdır. Buna görə də bir sıra ölkələr bu sahədə inkişafın strateji istiqamətlərini işləyib hazırlayır və tətbiq edirlər. Sakarya Universitetinin professoru Osman Titrek “V Ömürboyu təhsil və liderlik” konfransının mühüm əhəmiyyətini belə qiymətləndirir. “Daimi olmaq qabiliyyəti kimi müəyyən edilən sabitliyə ekoloji, iqtisadi və sosial sahələrdə çox müxtəlif mövzulardan yanaşmaq olar. Buna görə iddia etmək olar ki, sabitlik müasir dünyanın tələblərini əhatə edən əhəmiyyətli termindir. Bizim dövrümüzdə həyat fəaliyyətinin təmin olunmasında əsas vəzifə təhsil və liderlikdir. Təhsil insanların öz həyatlarını dəstəkləməsini təmin və insanın bütün həyatını əhatə edir. Buna görə də “beşikdən məzara kimi öyrənmə” kimi müəyyən olunan ömürboyu təhsil və davamlılıq bir-biri ilə sıx bağlıdır. Liderlik bir tərəfdən, insanları müəyyən hədəf ətrafında birləşdirir. Bu kontekstdə liderlik insanları yönəldir və onların həyatını dəstəkləyir. Buna görə iddia etmək olar ki, bütün müxtəlif sahələrdə liderlik sabitliklə bağlı ola bilər”.
Yeri gəlmişkən, professor Titrek UNEC-in ev sahibliyi etdiyi konfransın əhəmiyyətini yüksək qiymətləndirib: “Bakı akademik konqresin keçirilməsi üçün xüsusi yerdir və “ICLEL 2019” bilik bazasının yenilənməsi, ömürboyu təhsil və liderlik sahəsində innovasiyaların öyrənilməsi üçün çox gözəl forum oldu”.
UNEC müasir təhsil mühiti yaradır
“V Ömürboyu təhsil və liderlik” mövzusunda tədbirlərin sistemli xarakter alması onu göstərir ki, UNEC hazırda müasir təhsil mühitinin yaradılması işini davam etdirməklə və peşəkar professor-müəllim heyətinin dəstəyi ilə ixtisas biliklərinin daha da təkmilləşdirilməsi, rəqabət potensialının hərtərəfli inkişaf etdirilməsi üçün öz səylərini səfərbər edib. Mühüm istiqamətlərdən biri ömürboyu təhsilin elmi aspektlərinin işlənib hazırlanması və bu sahədə qlobal çağırışlara cavab verən mühüm elmi tədqiqat işlərinin aparılması, dünyanın nüfuzlu universitetlərindən iqtisadçı alimlərin iştirakı ilə simpoziumların, beynəlxalq konfransların keçirilməsidir.
Bu, həm də UNEC-in tədqiqat yönümlü ali məktəb statusuna cavab verir. Bu məqsədlə UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) təşkilatçılığı və “Ömürboyu təhsil və liderlik” beynəlxalq konfransının (ICLEL) dəstəyi ilə iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdə təhsil alan gəncləri bir araya gətirərək multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, magistr tədqiqatlarının nəticələrini bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə elmi konfransların təşkil edilməsi nəzərdə tutulur.
Yeni hədəflər
UNEC-in inkişaf strategiyasında da qeyd olunduğu kimi, ali məktəb beynəlxalq sahədə nüfuzunu genişləndirmək üçün ciddi perspektiv planlar üzərində işləyir. UNEC-in ev sahibliyi etdiyi “Ömürboyu təhsil və liderlik” konfransı da ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq elmi konfransdır və davamlı şəkildə təşkil olunması planlaşdırılır. İlk ilində dünyanın 21 müxtəlif ölkəsindən 31 tədqiqatçının iştirak etdiyi konfransda bu sayın növbəti illərdə 50-dən çox olması əsas hədəflərdəndir. Tam əminliklə demək olar ki, bu tədbir ölkəmizdə beynəlxalq standartlara cavab verən ixtisaslaşmış konfransların təşkili ənənəsini formalaşdıracaq və bu da özlüyündə Azərbaycan elminə və iqtisadiyyatına töhfələr verəcək tədqiqat platformalarının yaradılmasına istiqamət verəcək.
Məlumdur ki, hər hansı ali təhsil müəssisəsinin akademik fəaliyyətində “Web of Science” və “Scopus” elmi bazalarında dərc olunmuş məqalələri həlledici rol oynayır. UNEC-də bu aspektə diqqət güclüdür. Ali məktəb “Web of Science” və “Scopus”da olan konfransların UNEC-də keçirilməsini təmin etməkdə israrlıdır. Bu , “V Ömürboyu təhsil və liderlik” konfransının materiallarına da aiddir. Konfransda çıxış edən yerli və əcnəbi alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları “Thomson Reuters” və “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında dərc olunması üçün seçilib. Konfrans həm də ESCI və “Scopus” indekslərində yer alan jurnallarla əməkdaşlıq edir. Bu isə UNEC alimlərinin dünyanın elmi bazalarında mövqeyini gücləndirən faktorlardandır.
Qeyd edək ki, aparıcı tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC-in hədəfləri dünya təcrübəsinə uyğun magistratura və doktorantura təhsili vermək, yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmaq, sifariş və qrantlar hesabına tədqiqat layihələri reallaşdırmaq, “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə məqalələrin sayını artırmaq və həmin bazalara daxil olan elmi jurnallara sahib olmaqdır.
Digər tərəfdən, UNEC-in sosial xidmətlərdə aparıcı universitet statusu almaq istiqamətində hədəflərindən biri milli səviyyəli sosial məsuliyyətlilik layihələri reallaşdırmaq, bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin sosial şəraitini, məzunlarla əlaqəni təkmilləşdirməklə yanaşı, həm də ömürboyu təhsil proqramları üzrə xidmət göstərməkdir.
Oruc MUSTAFAYEV
[a href=”http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/5572-omurboyu-tehsil-ve-liderlik“][/a]