İmtahanlara hazırlıq dönəmində abituriyentlər daha çox nəyə diqqət etməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq bununla bağlı yüksək bal toplayana tələbələrimizin fikirlərini öyrənməyə başladıq.
İlk olaraq tövsiyələrini bizimlə bölüşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsində informasiya təhlükəsizliyi ixtisası üzrə I kurs tələbəsi Nicat Şirinov oldu.
O, 2024-cü ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanı üzrə 297, qəbul imtahanından isə 395 bal toplamaqla ümumi olaraq 692 bal toplayıb. N. Şirinov Prezident təqaüdçüləri arasında ilk dəfə olaraq, I ixtisas qrupu üzrə yer alıb.
Qeyd edək ki, Nicat Şirinov həm də universitet üzrə ən yüksək bal toplayan tələbədir.
Prezident təqaüdçüsü Nicatın sözlərinə görə, yalnız dərs oxumaqla yüksək nəticə əldə etmək olmaz:
“Özünü yalnız dərsə həsr etmək bir müddət sonra sıxılmağa səbəb olur. Bir işə maraqla yanaşmadıqda, o işdə yaxşı nəticə əldə etmək çətinləşir. Buna görə də abituriyent həm dərslərinə, həm də özünə vaxt ayırmalıdır. Sadəcə bu vaxtın düzgün bölgüsünü aparmaq lazımdır. Məsələn, bəzi abituriyentlər bütün vaxtını dərslərə həsr edir, amma özlərinə vaxt ayırmırlar. Bu da nəticədə insanın tez sıxılmasına gətirib çıxarır.
Mənim gündəlik tədris saatım 8-də başlayırdı. Bundan əlavə, hər gün 3 saat hazırlıq üçün vaxt ayırırdım və tapşırıqlarımı tamamlayaraq 1 saat da əlavə çalışırdım. Düşünürəm ki, gündə maksimum 8 saat, minimum isə 4 saat dərsə vaxt ayırmaq kifayətdir.
İbtidai təhsilimi Xırdalan şəhəri 1 nömrəli məktəbdə bitirmişəm. 5-ci sinifdən 10-cu sinfə qədər Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil almışam. Daha sonra 10-11-ci sinifdə Sumqayıt şəhəri 39 nömrəli orta məktəbdə məzun olmuşam. Hesab edirəm ki, təhsilimin bünövrəsinin qurulmasında Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin rolu danılmazdır. Burada dərs rejimi yaxşı qurulub və ən əsası, məsuliyyət hissi güclüdür. Bu, mənim dərslərimə daha diqqətlə yanaşmağımın səbəbidir. Yaxşı oxuduğuma görə, bu günə qədər çətinlik çəkmirəm.
Abituriyent olduğum müddət ərzində yanvar ayından etibarən müəllimimiz bizi əlavə sınaqlara çağırmağa başladı. Bu, imtahan öncəsi stressi azaltmaq məqsədini güdürdü”.
Həmsöhbətimiz vurğulayıb ki, imtahan nə qədər önəmli olsa da, aşağı nəticə göstərmək dünyanın sonu deyil:
“Abituriyentlərə tövsiyəm odur ki, ilk növbədə düzgün vaxt bölgüsü etsinlər. İmtahan önəmlidir, amma həyatın sonu deyil. İkinci şans həmişə var. Buna görə də imtahanı həyatlarının yeganə hədəfi kimi görüb, stress keçirməyə dəyməz. Çünki belə bir vəziyyətdə böyük səhvlərə yol verilə bilər. Soyuqqanlı olmağa çalışmaq vacibdir. Sualların şərtlərini düzgün oxuyub anlamaq da çox önəmlidir.
Məsələn, mən bir sualın cavabını düzgün anlamadım və səhv yazdım, bu da həm buraxılış, həm də qəbul imtahanında yüksək nəticə əldə etməyimə mane oldu. Çəkilən əziyyətin nə qədər dəyərli olduğunu yalnız ali məktəbə qəbul olunduqdan sonra başa düşdüm. Günü bu gün də seçimimdən peşman deyiləm. Magistratura ilə bağlı hələ araşdırma aparmamışam, amma əgər imkanım olsa, öz ixtisasım üzrə xaricdə magistratura təhsili almaq istəyərəm. Abituriyentlərə tövsiyəm odur ki, özlərini daim kəşf etməyə çalışsınlar”.