Noyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Əmtəəşünaslıq” fakültəsinin tələbə və müəllimlərini, eyni zamanda əməkdaşlarını 3 saylı tədris binasında qəbul edib.
Qəbulda iştirak edən “Əmtəəşünaslıq” fakültəsinin əksər tələbələri təhsil aldıqları binada tədris üçün normal şəraitin olmadığını rektora çatdırıblar. Ə.Muradov vəziyyətin dəyişdirilməsi istiqamətində ciddi işlərin aparıldığını və qısa zaman ərzində fakültətinin yeni binaya köçürüləcəyini bildirib.
“Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri Zabit Aslanov kafedrada tədrisin keyfiyyətinin artıtırılması məqsədilə təkliflərini bildirib. Kafedranın baş müəllimi İlqar Rəcəbovun universitetdə “virtual laboratoriya”nın yaradılması təklifi rektor tərəfindən müsbət qarşılanıb.
Rektor qəbuldan sonra tədris binasındakı şəraitlə yaxından tanış olub. Dərslərdə işrirak edən Ə. Muradov tələbələri narahat edən mövzulara münasibətini bildirib. Qeyd edib ki, binadakı laboratoriyalar müasir tələblərə cavab vermir və bu istiqamətdə tədbirlər görüləcək. Daha sonra tələbə yeməkxanasına baxış keçirilib. Bufetdəki qiymətlərə yenidən baxılması üçün aidiyyatı qurumlara tapşırıqlar verilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun tələbə və müəllimlərlə, eyni zamanda əməkdaşlarla növbəti görüşü noyabrın 10-da 4 saylı tədris binasında, noybarın 17-də 2 saylı tədris binasında, noyabrın 24-də isə əsas tədris binasında keçiriləcək.
Tələbələr 13:30-dan 14:30-dək, müəllimlər və digər əməkdaşlar 14:30-dan 15:30-dək qəbul olunur. Qəbula yazılmaq üçün (012) 505-48-01 nömrəsinə zəng etmək lazımdır.