Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov söyləyib. Rektor bildirib ki, ilk olaraq 2014-cü ildə təhsil nazirinin tövsiyələrinə əsasən distant təhsillə bağlı ciddi araşdırmalara və müzakirələrə başlanılıb: “Biz mövcud LMS-lərdən istifadə etməməyi və UNEC-in özünün LMS-ini yaratmağa qərar verdik. Ən qısa vaxtda, yəni 2015/16-cı tədris ilində UNEC-də “EduMan – Tədrisin vahid elektron idarəetmə sistemi”ni (LMS) pilot qaydasında istifadəyə verdik. EduMan UNEC məhsuludur və UNEC-ə məxsusdur. Növbəti mərhələdə EduMan-in ixracını hədəfləyirik”.
Ədalət Muradovun dediyinə görə, UNEC “EduMan – Tədrisin vahid elektron idarəetmə sistemi”ndə (LMS) bütün müəllim, əməkdaş və tələbələrin elektron məlumat bazası və tələbələrin fənn üzrə qrupları yaradılıb. Dərs cədvəlləri, tədris planları, tədris materialları, cari və aralıq qiymətləndirmə nəticələri, apellyasiya müraciətləri, sənəd qəbulu və təqaüdlərin hesablanması elektronlaşdırılıb. “Test imtahanlarının təşkili modulu, qəbul prosesinin şəffaflığını və sənədlərin elektron qaydada qəbulunu təmin edən “Əlavə təhsil elektron idarəetmə modulu”, “İkinci ali təhsil elektron idarəetmə modulu”, “Əcnəbilərin qəbulunun elektron idarəetmə modulu” tətbiq edilir: “UNEC “EduMan – Tədrisin vahid elektron idarəetmə sistemi”ndə (LMS) universitetin professor-müəllim heyətinin fəaliyyətinin nəticələrinə əsaslanan differensial əməkhaqqı sisteminin tətbiqi ilə əlaqədar müəllimlərin reytinqi müəyyən edilir. Tələbə hərəkəti, elektron apellyasiya, ÜOMG-nin hesablanması və təqaüdün sistem vasitəsilə müəyyən edilməsi, yay məktəbi, eləcə də imtahanlarla bağlı əlavə hesabatların yaradılması, sistemdən transkriptlərin əldə edilməsi, elektron imtahan sistemindən sualların tələbə şəxsi kabinetlərinə göndərilməsi, dərs vəsaitlərinin müəllimin şəxsi kabinetindən tələbələr tərəfindən oxuna bilməsi imkanı, sərbəst işlərin kabinetlər vasitəsi ilə təqdim edilməsi və elektron jurnalda qiymətləndirilməsi həyata keçirilir. Həmçinin ixtisas fənləri üzrə yazılı imtahanların keçirilməsi prosesinin tam elektronlaşdırılması modulu, fərdi tədris planlarının (FTP) elektronlaşdırılması kimi yeni funksional modullar əlavə edilib”.
Rektor qeyd edib ki, rəqəmsal UNEC – distant təhsil sistemi çərçivəsində “UNEC e-kitabxana” istifadəyə verilib. “UNEC e-kitabxana”da məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarından, M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə mümkündür. Həmçinin UNEC e-kitabxana “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına, ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edir: “UNEC-də hələ 2018-ci ildə təhsil nazirinin iştirakı ilə müasir tələblərə cavab verən UNECExtern-in (Distant Təhsil Mərkəzi) açılışını etdik. Mərkəz 20 min tələbəyə distant təhsil vermək gücünə malikdir və pandemiya dövründə və ondan sonra sınaqdan uğurla çıxıb. UNEC-də həmçinin 100 hibrid auditoriya qurularaq istifadəyə verilib. Həmin auditoriyalar tələbələrin ənənəvi və distant olmaqla hibrid formada dərslərdə iştirakına imkan verməklə yanaşı, həm də tədrisdə köklü dəyişikliklər, o cümlədən, fərdi təhsil trayektoriyasına keçid üçün faydalıdır. Pandemiya dövründə hibrid auditoriyaların əhəmiyyəti xüsusilə qabarıq göründü. UNEC-in bütün auditoriyalarının hibrid auditoriyalara çevrilməsi hədəflərimizdən biridir və bu istiqamətdə işlərimiz davam edir”.
Ədalət Muradov vurğulayıb ki, distant təhsildə zəruri vərdişlərin formalaşması üçün “Virtual laboratoriya”lar böyük əhəmiyyətə malikdir. Məhz bu səbəbdən Beyond Labz, Parxi Las, VRLab Academy, Phet, The OpenScience Laboratory, Ilab, NOVA Labs, Labster, Labbuddy, Labxchange kimi şirkətlərlə əlaqələr qurulub. UNEC-də texniki və texnoloji ixtisaslar üzrə yeni tədris standartları əsasında bütün ixtisaslar üzrə virtual laboratoriya bazası yaradılıb: “Bununla yanaşı, “Labstend” şirkətindən fizikanın bütün bölmələri üzrə virtual laboratoriyalar alınıb”.
Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir. Bu, universitetlərin maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. Həmçinin, distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini mümkün edir. Mütəxəssislərin fikrincə, distant təhsil daha çox əyani təhsilin alternatividir. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Dərslər onlayn keçirilir. Distant təhsil müəyyən obyektiv səbəblər üzündən ali təhsil almaq imkanı olmayan və ya yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyənlər üçün real təhsil imkanları təqdim edir. Distant təhsilin üstünlüklərindən biri də övladları bu təhsil formasını seçmək imkanı əldə edən ailələrin əlavə xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və sair) azad olmasıdır. Bu da təbii ki, maddi durumu aşağı olan ailələrin övladlarının daha az xərc çəkməklə ali təhsil almasına imkan verir. Distant təhsil almaq üçün ödənilən məbləğ də təhsilin digər formaları ilə (əyani, qiyabi) müqayisədə olduqca aşağı olur. Distant təhsil forması həmçinin, əlilliyi, sağlamlıq durumu zəif olan gənclərimiz, vətəndaşlarımız üçün də əvəzolunmazdır.
Əlbəttə, distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. Belə infrastruktura malik olan universitetlərimiz isə var. Azərbaycan Dövlət İqtisad Universitetində bunun üçün hər bir şərait yaradılıb. “UNEC Extern” Mərkəzində distant təhsil üçün hətta Qərbin ən reytinqli universitetlərindən belə daha mükəmməl infrastruktur yaradılıb. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Ekstern”in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Burada elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir. “UNEC Extern”də tədris studiyası, inzibati və müzakirə otağı mövcuddur.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Azərbaycanda distant təhsilin tətbiqini çox vacib hesab etdiyini, bu ideyanın reallaşdılması üçün hər cür şəraitin mövcud olduğunu deyir: “Artıq Azərbaycanda distant təhsil formasının tətbiqi üçün kifayət qədər baza yaranıb. UNEC-də distant təhsilin tətbiqi üçün böyük və uğurlu işlər görülüb. Rektor Ədalət Muradov UNEC-də distant təhsili ən yüksək səviyyədə həyata keçirmək üçün nə lazımdırsa edib. Təbii ki, mən bunu alqışlayıram. Çox böyük işdir”.
Şahlar Əsgərovun dediyinə görə, distant təhsil təhsilin müasir bir formasıdır. Həm ölkə daxilində işləyən gənclərə, maddi vəziyyəti aşağı olan ailələrə ali təhsil almaq imkanının yaradılması, həm də xarici tələbələrin bizim universitetlərə cəlb edilməsi baxımından distant təhsil böyük əhəmiyyət daşıyır. Eyni zamanda, universitetlərin maddi vəziyyətini yaxşılaşdıracaq, xeyir gətirəcək bir təhsil formasıdır: “Ümumiyyətlə, müasir dövrdə distant təhsil formasından istifadə etmək bizim gənclərimizin də haqqıdır, hüququdur. Bu hüququ onlara vermək lazımdır”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, artıq distant təhsil Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır: “Biz dünyada olan trendlərlə ayaqlaşmalıyıq. Nəzərə almalıyıq ki, informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilin müxtəlif formalarının tətbiqi həm də ölkənin bilik-elm potensialının güclənməsinə gətirib çıxara bilər. Bu gün artıq hansı ölkənin böyük olub-olmaması məsələsi ciddi önəm daşımır, əsas məsələ təhsilin, elmin hansı səviyyədə olması, bilikli cəmiyyətin formalaşmasıdır. Ölkənin inkişaf baxımından da bilikli, təhsilli insanların sayının artması önəmlidir”.
Ə.Nuriyev qeyd edib ki, informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq, təhsilin müxtəlif formalarının tətbiqi ölkədə ali təhsilin kütləviləşməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə də şərait yaradar.
Sevinc QARAYEVA
*
https://news.unec.edu.az/xeber/125-universitet/11168-bold-regemsal-unec-distant-tehsil-sisteminin-ustunlukleri-edalet-muradov-regemsal-unec-in-gurulmasina-tegri-ben-10-i-l-vaxt-serf-etdi-k-bold