Noyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin tətbiqilə bağlı növbəti görüş 4-cü tədris binasının professor-müəllim heyəti ilə keçirilib.
Rektorun müşaviri Elşən Bağırzadə Azərbaycanda ilk dəfə UNEC-də tətbiqinə başlanılan sistem haqqında ətraflı məlumat verib, dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsinə əsaslanan yeniliyin universitetin tədris sisteminə gətirəcəyi faydalardan danışıb.
Qeyd olunub ki, UNEC-də tam ştat və 0.5 ştat əvəzçiliklə çalışan müəllimlər sistemdən yararlana biləcəklər. Sistemə uyğun olaraq, professor-müəllim heyətinin fəaliyyətini qiymətləndirən zaman üç əsas istiqamət nəzərə alınır. Bura elmi fəaliyyətlər, tədris fəaliyyətləri və özünü inkişaf fəaliyyəti daxildir və bütün istiqamətlər üzrə “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” hesablanır.
Reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əmək haqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əmək haqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əmək haqqı 1,2 dəfə artırılacaq.
Ümumi məlumatlar verildikdən sonra sistemdən faydalanmaq istəyən professor və müəllimlərin təklifləri müzakirə olunub, sualları cavablandırılıb.
Sonda differensial əmək haqqı sistemi haqda yaddaş qeydləri paylanılıb.
Məlumatlandırma tədbirləri UNEC-in bütün tədris binalarında keçirilib.