Elşad Məmmədov,
İqtisad elmləri doktoru, professor
Azərbaycan iqtisadiyyatının müasir şəraitdə üzləşdiyi problemlər, təəssüf ki, sistemli və kompleks xarakter daşıyır. Belə ki, manatın devalvasiyası, pul-kredit, maliyyə siyasətinin və ümumilikdə ölkənin iqtisadi sisteminin idarəedilməsi və tənzimlənməsi üçün tələb olunan ölkənin strateji valyuta ehtiyyatlarının həcminin kəskin şəkildə azalması, xarici geosiyasi və qeyri-münbit qlobal bazar konyukturu amilləri nəticəsində “neft gəlirlərinin”, habelə əhalinin real gəlirlərinin surətlə azalması, iş yerlərinin bağlanması, istehlak bazarında mövcud olan qiymət artımı ilə bağlı problemlər və digər böhran elementləri, sözsüz ki, ölkə iqtisadiyyatının kifayət qədər ciddi problemlərlə üzləşdiyini göstərir.
Ölkə hökumətinin iqtisadi blokunun və Mərkəzi Bankın son 1 il ərzində ölkənin milli valyutasının məzənnəsinin qorunması üçün həyata keçirdiyi tədbirlər, ölkənin strateji valyuta ehtiyyatlarının önəmli dərəcədə azalmasına səbəb olmuşdur. Bu istiqamətdə təhlil aparan bir sıra iqtisadçılar, ilk baxışdan iqtisadiyyatlarının quruluşuna görə Azərbaycan iqtisadiyyatına oxşar olan Rusiya Federasiyası və Qazaxıstan iqtisadiyyatlarını misal gətirirlər ki, həmin ölkələrin hökumətləri və Mərkəzi Bankları milli valyutanın məzənnəsinin strateji valyuta ehtiyyatları hesabına yüksək səviyyədə saxlanılması siyasətindən əl çəkərək, məzənnə siyasətində liberallaşmaya getmişlər və bununla da strateji valyuta ehtiyyatlarının önəmli hissəsini qoruya bilmişlər. Sözsüz ki, bu yanaşmada məntiq var. Amma bir məqamı nəzərdən qaçırmaq olmaz ki, nə qədər oxşar quruluşa malik olsalar da, yuxarıda qeyd edilən ölkələrin iqtisadiyyatının strukturu Azərbaycan iqtisadiyyatının strukturundan kifayət qədər fərqlidir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının ixracda “neft amilindən”, daxili bazarda, o cümlədən, istehlak bazarında isə idxaldan asılılığı daha problemli səviyyədədir. Bu şəraitdə manatın məzənnəsinin maksimum qorunması, hazırki şəraitdə, ölkə iqtisadiyyatı üçün həlledici rol oynayır. Fikrimcə, iqtisadi blok tərəfindən milli valyutanin məzənnəsinin qorunması istiqamətində ölkəmiz üçün kifayət qədər böyük həcmdə resursların xərclənməsi barədə qərar qəbul etməsinin əsas səbəbi məhz bundan ibarətdir.
Mövcud iqtisadi vəziyyətin yaranmasının başlıca səbəblərinə gəldikdə, fikrimcə, burada əsas səbəbi ancaq ölkəyə xammal ixracatından “böyük neft pullarının” gəlməsində və son illərdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etməməsində ğörmək, məsələyə bir qədər səthi yanaşmanın nəticəsidir. Ölkə iqtisadiyyatındakı struktur disbalansın əsas səbəbi, zənnimcə, daha dərindir. Keçmiş Sovet İttifaqının iqtisadiyyatı, istehsal, ticarət, satış sistemləri savadlı şəkildə vahid Ümumittifaq Xalq Təsərrüfatı sistemində cəmləşdirilmişdir. Sovet İttifaqının süqutundan sonra keçmiş müttəfiq respublikalarının iqtisadi elitasının strateji səhvi həmin iqtisadi, təsərrüfat əlaqələrinin tamamilə dağıdılmasında idi. Bu əlaqələrin dağıdılması keçmiş Sovet respublikalarının iqtisadiyyatları üçün acınacaqlı, bəlkə də hətta fatal rol oynamışdır və ölkə iqtisadiyyatında mövcud olan struktur disbalansın əsas səbəbi, fikrimcə, məhz bundadır. Çünki müasir iqtisadiyyatda hətta keyfiyyətli şəkildə istehsal prosesinin qurulması belə, iqtisadi effektivliyin tam təminatçısı ola bilməz. İqtisadiyyatın effektivliyi üçün həm də dayanıqlı satış kanalları, real bazarlar, möhkəm ticarət əlaqələri mövcud olmalıdır ki, iqtisadi sistem dinamik inkişaf etdirilsin. Bu baxımdan ölkə iqtisadiyyatının xammal ixracatına söykənməsi həmin struktur disbalansın əsas səbəbi olmamışdır. Lakin qeyd etmək lazımdır ki, bu amil həmin problemin daha da dərinləşməsinə xidmət etmişdir.
Mövcud iqtisadi problemlərin digər səbəblərinə gəldikdə, bunlar, ilk növbədə, milli iqtisadiyyatda rəqabət mühitinin formalaşdırılması, institusional və sistemli effektivlik, emal sənayəsinin, kənd təsərrüfatının, xidmət sahələrinin, qeyri-xammal ixrac potensialının inkişafı ilə bağlı problemlərdir.
Hazırki şəraitdə ölkə iqtisadiyyatının mövcud durumu makroiqtisadi səviyyədə sistemli antiböhran tədbirlərinin həyata keçirilməsini zəruri edir. Sözsüz ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün həyata keçiriləcək tədbirlər kompleksinin təşkili kifayət qədər irihəcmli və geniş yanaşma tələb edən bir prosesdir. Bununla belə, fikrimcə, makroiqtisadi səviyyədə Antiböhran proqramının əsas tezislərini aşağıdakı kimi strukturlaşdırmaq olar:
1. Yaranmış vəziyyət ölkədə sosial iqlimin mülayimləşməsi üçün sosial yönümlü tədbirlər kompleksinin həyata keçirilməsini zəruri edir. Bu tədbirlər əmək haqları, pensiya və digər sosial müavinətlərin indeksasiyasını özündə əks etdirməlidir ki, əhalinin geniş təbəqələrinin iqtisadi böhran nəticəsində məruz qaldığı çətinliklərin təsiri maksimum dərəcədə azaldılsın. Burada vacib məqam ondan ibarətdir ki, bu tədbirlərin inflyasiyanın artımı ilə nəticələnməsinin qarşısının alınması üçün pul kütləsi maksimal şəkildə əmtəə kütləsi ilə təmin olunmalıdır.
2. Ölkədə ən azından daxili və regional bazarlar üçün, rəqabətqabiliyyətli milli istehsal sisteminin formalaşdırılması. Bu məsələ antiböhran tədbirlərinin ən çətin hissəsi hesab oluna bilər və onun həlli mürəkkəb, strukturlaşdırılmış yanaşmanın tətbiqini zəruri edir. Fikrimcə, bu istiqamətdə görülən işlər, əsasən, aşağıda göstərildiyi kimi qruplaşdırılmalıdır:
a) ölkədə istehsal prosesinin perspektiv sahələrinin müəyyən edilməsi üçün daxili və xarici regional bazarlarda effektiv marketinq tədqiqatlarının aparılması;
b) idxalın əvəz edilməsi mümkün olan bazar əmtəələrinin, əsasən istehlak əmtəələrinin assortimentinin müəyyənləşdirilməsi və bu əmtəələr üzrə ölkədə tamamilə (istehsalın bütün tsikllərində) idxaldan asılı olmayan istehsal prosesinin təşkil edilməsi;
c) qeyri-xammal ixracı sektoruna dəqiq və şəffaf şəkildə investisiya qoyuluşu;
d) Azad İqtisadi Zonaların və digər əhəmiyyətli vergi və digər güzəştləri nəzərdə tutan proqramların tətbiqi. Burada başlıca məqsəd ölkədə aparıcı xarici şirkətlər tərəfindən tələbat səviyyəsi yüksək olan, dünyada tanınmış brend məhsulları istehsalçıları olan şirkətlərin, əsasən, istehlak əmtəələrinin istehsalının təşkili olmalıdır. Bu, əsasən o əmtəə qruplarına aiddir ki, yaxın gələcəkdə həmin əmtəə qrupları üzrə ölkədə tam tsiklli rəqabətqabiliyyətli istehsal prosesinin təşkili real deyil (misal üçün məişət kimyası sahəsi). Burada söhbət ölkə ərazisində yerli əmək resurslarından istifadə etmələri vasitəsi ilə aparıcı dünya brend əmtəələri istehsalçıları olan şirkətlərin istehsal meydançalarının yaradılmasından gedir ki, bu da ölkədə yüksək hazırlıqlı mühəndis təbəqəsinin formalaşmasına səbəb olmalıdır. Bu isə, öz növbəsində, müasir şəraitdə innovasiyalı, rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasının vacib şərtlərindəndir.
3. Ölkənin iqlim şəraitini və bu sahədə böyuk ənənələrin və potensialın olmasını nəzərə alaraq, ölkədə Kənd Təsərrüfatının inkişafına dair geniş Proqramın hazırlanması və bu proqramın praktiki tətbiqi. Bu sahənin inkişafı həm qeyri-xammal ixracının inkişafı perspektivləri baxımından, həm də ölkənin daxili bazarının qorunması baxımından ölkə iqtisadiyyatı üçün strateji məna daşıyır. Rusiya Federasiyası kimi böyuk şimal bazarının mövcudluğunu (xüsusi ilə Rusiya və Türkiyə arasında münasibətlərin soyuması fonunda) nəzərə alsaq, bu sahənin inkişaf etdirilməsi çox böyük effekt verə bilər.
4. Ölkədə turizm sektorunun inkişafı. Bu sahədə həm antiinhisar və rəqabət mühitinin formalaşması istiqamətində, həm qiymət siyasətində kompleks tədbirlər görülməlidir ki, ölkənin turizm potensialı maksimum şəkildə reallaşdırıla bilsin.
5. Maliyyə sektorunun sağlamlaşdırılması və pul-kredit siyasətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsi. Bu sahədə, o cümlədən hüquqi-normativ aktların təkmilləşdirilməsi, tənzimləyici qurumlar tərəfindən müvafiq qərarların qəbul edilməsi vasitəsi ilə maliyyə sektorunun, kredit təşkilatların ölkə iqtisadiyyatının real sektorunun inkişafı və işgüzar aktivliyin artırılması istiqamətində mühüm rol oynamasına nail olunmalıdır.
6. Ölkədə sistemli şəkildə antiinhisar tədbirlərinin həyata keçirilməsi. Bu istiqamətdə görülməli işlər kompleksli olmalı və təbii inhisarlardan başlayaraq, idxal-ixrac əməliyyatlarına və istehlak bazarının formalaşdırılmasına kimi mövcud olan geniş iqtisadi spektrdə antiinhisar tədbirlərini özündə cəmləşdirməlidir.
7. İqtisadiyyatın dövlət tənzimlənməsi və idarəedilməsi istiqamətində sistemli, struktur və institusional islahatların aparılması. Ölkədə iqtisadi idarəetməyə aid olan qurumların və top-menecerlərin müasir şəraitin tələblərinə uyğunlaşdırılması.
8. İqtisadi çətinliklərə baxmayaraq, ölkədə elm, təhsil və səhiyyəyə dövlət dəstəyinin artırılması. Bu sahələr strateji əhəmiyyət daşıyır və bu sahələrə edilən dövlət dəstəyi dövlətin qüdrətinin göstəricisidir. Eyni zamanda qeyd etmək lazımdır ki, elmin inkişaf etdirilməsi istiqamətində həm nəzəri, həm də tətbiqi sahədə müsbət nəticələrə nail olunmalıdır ki, bu da ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlı inkişafına zəmin yarada bilər.