UNEC Rus iqtisad məktəbində payız mövsümünün mədəni-maarifləndirici kinodaydjesti keçirilib.
Tədbirdə bir neçə əlamətdar hadisələr və şəxsiyyətlərin yuvarlaq ad günləri qeyd edilib. İlk öncə 20 il öncə prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Altıağac Milli qoruğunun fəaliyyətinə, flora və fauna incilərinə nəzər salınıb. Müstəqillik dönəmində bir neçə belə qoruğun yaradıldığı, bunun təbiətin qorunması siyasətinin əsas istiqamətlərdən biri olduğu qeyd edilib.
Sonra əslən Şərqi zəngəzurdan olan şair Vaqif Bayatlı Ödərin yaradıcılığından bəhs edilərək, şeiri ifa olunub. Gənc Tamaşaçılar teatrının yaradıcısı Hüseynağa Atakişiyev, Sumqayıt şəhərinin yaradılmasının 75-illiyi, dahi rus şairi M.Lermontovun 210- illiyi, Qadın zorakılığı ilə mübarizə gününün təsis edilməsinin 20 illiyi bağlı videosüyetlər iştirakçılara təqdim olunub.
Sonda yaşasaydı 90 yaşına qədəm basacaq müğənni Oqtay Ağayev xatırlanmış, tələbə Muxtar Qasımovun ifasında “Qaytar mənim sevqimi” mahnısı səsləndirilib. Direktor Mənsur Bərxudarov tələbələri mənəvi zənginliyin ən böyük dəfinə olmasını unutmamağa, mədəniyyət-mənəviyyata bağlı olmağa çağırıb.