Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi nəzəriyyə kafedrasının dosenti Xankişi Xankişiyev Ural Federal Universitetinin dəvəti ilə Rusiyanın Yekaterinburq şəhərində keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Konfrans “Sənaye aqlomerasiyalarının təhlükəsizliyinin tibbi-sosioloji və psixoloji aspektləri” mövzusuna həsr olunub. X.Xankişiyev konfransda “İctimaiyyətlə əlaqələrin müasir texnologiyalarının inkişafı şəraitində sosial cavabdehliyin funksiyası” mövzusu ilə çıxış edib.
Konfrans çərçivəsində UNEC nümayəndəsi Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Silin Yakov Petroviçlə görüşüb. Hər iki universitet arasında əməkdaşlıq əlaqələri müzakirə edilib və UNEC-in rektoru professor Ədalət Muradova əməkdaşlıq haqqında rəsmi məktub ünvanlanıb.
Ural Dövlət Tibb Universitetinin rektoru, professor Kutepov Serqey Mixayloviçlə görüşdə neyroiqtisadiyyat və UNEC-in texnoloji fakultələri ilə sağlam qida – sağlam həyat istiqamətində birgə elmi tədqiqatlar aparılması haqqında müzakirələr aparılıb. UNEC rektoruna əməkdaşlıqla bağlı rəsmi məktub göndərilib.
Ural Federal Universitetinin rektoru Viktor Anatolyeviç Kokşarov və Macarıstanın Semmelvais Universitetinin Sosiologiya İnstitutunun direktoru, professor Beata David də UNEC-lə təhsil, nəzəri və fundamental elmlər sahəsində əməkdaşlıq etməkdə, birgə forumların keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Konfranda Azərbaycanla yanaşı, Polşa, Macarıstan və Rusiya ali məktəblərinin nümayəndələri də iştirak edib. Konfransın açılışı Avropanın 15 ölkəsində canlı yayımlanıb.