SABAH İcra Komitəsinin rəhbəri UNEC-in SABAH tələbələri ilə görüşüb

10 OKTYABR 2016 | VIEWS:
2260

Oktyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Sahin Seyidzadə SABAH qruplarında təhsil alan tələbələrlə görüşüb.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova SABAH qruplarına yeni qəbul olunan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. SABAH-ın tələbələr üçün böyük şans olduğunu bildirən prorektor onların bu imkandan maksimum istifadə etməli olduqlarını vurğulayıb.

SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə II kurs tələbələrini təbrik edərək, “SABAH ailəsinə xoş gəlmisiniz” deyə, bildirib. SABAH qruplarına tələbə qəbulunun yeni qaydaları, bu qrupda təhsil almanın üstünlükləri və tələbələrin əldə etdikləri nailiyətlər haqqında ətraflı məlumat verib. Tədris prosesindən söz açan Ş.Seyidzadə SABAH qruplarının mütərəqqi və mühüm əhəmiyyət kəsb edən layihə olduğunu vurğulayıb. Bildirib ki, ali təhsil sisteminin yeni inkişaf istiqaməti üzrə layihə olan SABAH ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin ali məktəblərdə Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH) tələbələrdən ibarət qruplar zənciridir. SABAH  layihəsinin  əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühit yaratmaq, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrini genişləndirmək, əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislər yetişdirməkdir. SABAH-ın hədəfləri təhsildə innovativ tədris metodikaları, təhsil mühitinin dəyişdirilməsi və yenilənməsi, təhsilverənlərin inkişafı və stimullaşdırıması, akademik və biznes mühitləri əlaqələrinin genişləndirilməsi və inteqrasiyasıdır.

Ş.Seyidzadə SABAH tələbələrinin ölkənin ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirib. Həmçinin, SABAH tələbələri həmçinin uğurlu startap layihələri ilə də çıxış edirlər deyə, bildirib. Yuxarı kurs tələbələrinə mübadilə proqramları və qış məktəbi barədə ətraflı məlumat verib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

2261 1