Şəhid qızı: “UNEC atamın xatirələri ilə zəngin yeganə məkandır”

15 YANVAR 2018 | VIEWS:

UNEC şəhidlərini ehtiramla yad edir…

Bu gün UNEC-in məzunu Saleh Səfərovun şəhidlik zirvəsinə ucalmasından 25 il keçir. Şəhidin ailə üzvləri – həyat yoldaşı, UNEC-in Xarici dillər kafedrasının müəllimi Ruqiyyə Səfərova və qızı, Dizayn kafedrasının müəllimi Gülçöhrə Salehzadə onun haqqında xatirələrini unec.edu.az saytı ilə bölüşürlər:

Ruqiyyə Səfərova: Saleh 1954-cü ildə anadan olmuşdi… 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin əyani şöbəsinə daxil oldu… Bu gün UNEC-in Memorial Abidəsi üzərində həkk edilən şəkli də həmin il, 16 yaşı olanda çəkilib… 1974-cü ildə təhsilini başa vurdu, 1976-cı ildə hərbi xidmətdən qayıtdı… Ağdam rayon maliyyə şöbəsində müfəttiş işləyirdi. Sonra milis orqanlarına keçdi. 1983-cü ildə Ağdam rayon daxili işlər şöbəsinə baş müfəttiş vəzifəsinə təyin olunmuşdu… 1986-cı ildə kapitan, 1990-cı ildə isə mayor rütbəsinə yüksəldi… 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil oldu, 1992-ci ildə iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində işə başladı…

Gülçöhrə Salehzadə: Anam atamla bağlı bütün hadisələri ən xırda detallarına kimi danışa bilir. Mən isə ancaq atamın özü ilə bağlı xatirələrimi danışa bilərəm. Hansı işdə, vəzifədə çalışmasından asılı olmayaraq qardaşımla mənim üçün sadəcə ata idi. Həm də dünyanın ən sevimli, qayğıkeş atası… Bizi çox sevirdi, iş arası evə qaçıb bizə baş çəkərdi…

Ruqiyyə Səfərova: Həqiqətən çox qayğıkeş insan idi. İş arası evə gələndə düşünürdüm, mənə inanmır ki, gəlib uşaqlara baş çəkir. Onlardan ayrı qala bilmirdi… Amma qaldı… Qalmalı oldu… İkisini də mənə tapşırıb, getdi… Azərbaycan-Ermənistan münaqişəsi başlandığı gündən şöbənin əməkdaşları ilə birlikdə Ağdam rayon mərkəzinin və kəndlərinin müdafiəsində dayanırdi… Artıq bizim həyat tərzimiz idi, alışmışdıq ki, gecələri növbədə olsun… Sonra Xocalı işğal olundu, Ağdamın ağır günləri başlandı…

Gülçöhrə Salehzadə: Atamı daha az görməyə başladıq. Postlarda daha çox olurdu…  Bu gün kimi xatırlayıram Ağdama yağan bombaları… Həyətdə dayanıb göydə neçə uçduqlarını, qonşu həyətlərə düşüb necə alov, toz-duman qaldırdıqlarını bir an da olsun yadımdan çıxartmıram… Vəziyyət belə olduğu üçün adamlar yavaş-yavaş şəhərdən çıxmağa başladı. Həmin dönəmdə düz bir rüb dərsə gedə bilmədim… Qardaşım nənəmgildə kənd məktəbinə gedirdi…

Ruqiyyə Səfərova: Qızım rus bölməsində, oğlum isə Azərbaycan bölməsində təhsil alırdı. Dedim ki, hələlik Gülçöhrə də kənddə məktəbə getsin. Saleh dedi yox, o rus dilində təhsil alıb, məktəbi dəyişsə qiymətləri aşağı düşər… O qədər diqqətli idi, o güllənin, bombanın altında da uşaqların dərsdən qalmasını bir tərəfdən ürəyinə salırdı…

Gülçöhrə Salehzadə: Axırda belə qərara gəldi ki, anamla məni müvəqqəti Bakıya gətirib, xalamgilin yaxınlığındakı rus bölməsi olan məktəbə qoysunlar. Qardaşım isə nənəmgildə qalıb, kənd məktəbində təhsilinə davam etdi… Amma tətil olan kimi biz də anamla Ağdama qayıdırdıq… Elə sonuncu görüşümüz də tətildə oldu…

Ruqiyyə Səfərova: Yeni il gəlmişdi… 1993-cü il… Bayram qeyd etmirdik, qohumlarda demək olar ki, hər ailədən şəhid vermişdik. Amma yenə də bir yerdə idik, Ağdama qayıtmışdıq. Yanvarın 11-də dərslər başlayacaqdı deyə ayın 9-da bizi Bakıya gətirdi… Dedim ki, qoy bir gün də qalaq, hələ dərslərin başlamasına iki gün var… Dedi sabah getsək Gülçöhrə yolda yorulucaq, dərsə gedə bilməyəcək…

Gülçöhrə Salehzadə: Gəldik… Bakıda nazirlikdə işləri var idi, onları həll edib, geri qayıtdı… Sağollaşanda heç ağlıma da gəlməzdi ki, atamla həyatda sonuncu görüşümdür…

Ruqiyyə Səfərova: Bir neçə gün keçdi… Yanvarın 15-də zəng gəldi ki, qayınanam rəhmətə gedib. Qızımla Ağdama qayıtdıq… Yolda düşündüm ki, sağlam qadın idi, görən nə oldu qəfil… Sonra da ağlıma gəldi ki, dərs vaxtı Gülçöhrəni məktəbdən ayırıb Ağdama apardığıma Salehin acığı tutar… Axı uşaqların təhsili onun üçün birinci yerdə dayanırdı. Qızımı anamgilə qoyub, kəndə, qayınanamgilə getdim… Qapıdan girəndə gördüm ki, qayınanam tabutun başında ağlayır… Hamı orada idi, hamı… Bircə… o… yox… idi…

Gülçöhrə Salehzadə: Atam… Ağdamın Qiyaslı kəndində gedən döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdu… Ağdamda dəfn etdik… Hüzrünü xatırlayıram… atışma səsləri gəlirdi… insanlar ağladığı yerdə uzaqdan ermənilərin atdıqları “Alazan” tipli raketlərin uğultusu eşidilirdi…

Ruqiyyə Səfərova: Altı ay sonra isə Ağdam işğal olundu… Salehin bu yer üzündə bir məzarı da qalmadı… İndi ölkədə bizim kimi, şəhidinin məzarını ziyarət edə bilməyən onminlərlə ailə var… Bu, çox dəhşətli bir şeydir… Doğmalarımızdan bizə bir tək məzarı qalır, onu da ziyarət edə bilmirik…

Gülçöhrə Salehzadə: Anam 1997-ci ildən İqtisad Universitetində müəllim kimi işə başladı. Mən də məktəbi qurtaranda, ali təhsil üçün İqtisad Universitetini seçdim. Yer üzündə atamın xatirələrinə bağlı olan heç nə qalmayıb. Nə doğulub böyüdüyü ev, nə oxuduğu məktəb…. Təkcə təhsil aldığı universitetdən başqa… UNEC atamın xatirələri ilə zəngin olan yeganə məkandır. Buna görə də hər dəfə UNEC-ə gələndə bu divarların arasında atamın gənclik xatirələrinin dolaşdığını hiss edirdim. Anama heç vaxt demirdim, amma hər həftənin bazar ertəsi əvvəlcə əsas tədris binasına gəlib, atamın mənə boylanan 16 yaşlı şəkli ilə söhbət edir, xeyir-dua alır, sonra təhsil aldığım tədris binasına gedirdim…

Ruqiyyə Səfərova: Qızımın 18 yaşı olanda soyadını da dəyişdirdi. Atasının adını adında yaşatmaq üçün – Salehzadə soyadını götürdü. Ailə quranda da həyat yoldaşı bunu anlayışla qarşıladı, soyadını dəyişmədi… UNEC-də şəhidlərin xatirəsinə ucaldılan Memorial Kompleks yer üzündə yeganə daş parçasıdır ki, oradan bizə Saleh boylanır… Ad günündə də, xatirə günündə də, bayramlarda da bu abidəni ziyarət edirik. Hərdən şəkli ilə söhbət edirəm. Deyirəm ki, Saleh, uşaqlar böyüyüb, oxuyub, ailə qurdular… Baba oldun… Amma yaşlanmadın… Qəlbimizdə də, xatirələrimizdə də, bu daş parçasında da gənc qaldın…

Gülçöhrə Salehzadə: Dörd ildir ki, UNEC-də müəllim işləyirəm. Burada həm sevdiyim işlə məşğulam, həm də özümü atama daha yaxın hiss edirəm. Burada onun xatirəsi əbədiləşdirilib. Hiss edirəm ki, atamın ruhu da UNEC-in divarları arasındadır…

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol