Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10 OKTYABR 2017 | VIEWS:

prezident.az

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

-İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.

Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.

Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.

Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.

Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir.

Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.

Əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır. İnfrastruktur layihələrimizin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Əlbəttə ki, bu günə qədər həyata keçirə bilmədiyimiz infrastruktur layihələrini növbəti illərdə də biz tam icra etməliyik.

Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir.

Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.

Bu il idman sahəsində uğurlarımız kifayət qədər çoxdur. Onların arasında, əlbəttə ki, İslam Həmrəyliyi Oyunlarında qazandığımız uğurları qeyd etməliyəm. İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi əslində böyük uğurumuzdur və bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan komandası bu Oyunların qalibi olmuşdur, birinci yerə layiq görülmüşdür. Bu, idmanımızın inkişafını bir daha göstərən çox ciddi amildir.

Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur. Hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir.

Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.

Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.

Digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir.

Digər vacib olan sahələrdə də yaxşı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.

Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq.

Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir. Düzdür, bəzi hallarda yubanmalara da yol verilir, ancaq bütövlükdə çox ciddi islahat olmuşdur. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni, görün, bir ciddi islahatın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik. Deməli, biz buna çoxdan keçməli idik. Biz əvvəlki dövrlərdə də investisiya təşviqi mexanizmi haqqında danışmışdıq. Burada müəyyən əngəllər, müxtəlif fikirlər olmuşdur. Ancaq həyat bunu göstərir ki, bu, nə qədər düzgün addım olmuşdur.

İxracın təşviqi mexanizmi işə düşüb. Mən ixracla bağlı bəzi rəqəmləri sonra səsləndirəcəyəm. Bu mexanizm də çox ciddi təsir göstərmişdir. Ona görə bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Bu gün bölgələrdə, böyük şəhərlərdə, Bakıda quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı, sənaye zonalarının yaradılması – bütün bunlar reallıqdır. Bizim siyasətimiz ictimaiyyət tərəfindən, sahibkarlar tərəfindən bəyənilir və dəstəklənir.

Əlbəttə ki, bizim iqtisadi sahədə uğurlarımızı göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq. Bu, əslində bizim iqtisadi siyasətimizin uğurlarını dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir.

İlin sonuna qədər qalan işlər də görüləcək. Əminəm ki, gələn il daha da yaxşı iqtisadi göstəricilərimiz olacaqdır. Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu, bir daha bizim düzgün yolda olmağımızı göstərir.

X X X

Təhsil naziri Mikayıl CABBAROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli toplantı iştirakçıları.

Sizin təşəbbüsünüzlə hazırlanmış və Zati-alilərinizin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qüvvəyə minməsindən artıq dörd il ötür.

İcazənizlə strategiyada müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində cari ilin ötən dövrü ərzində əldə edilmiş nailiyyətlər və gələcək addımlar barədə məlumatı diqqətinizə çatdırmaq istərdim.

Təhsil Nazirliyinin sifarişinə əsasən, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək.

Tapşırığınıza əsasən, bu işlər növbəti ildə də davam etdiriləcək, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək.

Bununla yanaşı, bu il bir peşə tədris mərkəzi, bir uşaq-gənclər inkişaf mərkəzi, bir tədris-idman bazası, üç universitet üçün kampus və korpuslar tikilib və ya əsaslı təmir olunub.

Qayğınızın növbəti bariz nümunəsi olaraq, paytaxtın Yasamal rayonunda inşa olunmuş 20 nömrəli məktəbin yeni binası 4 min şagirdin təhsil alması üçün gözəl şərait yaradıb. Yeni dərs ilinin ilk günündə Zati-alilərinizin məktəbin açılışında iştirakı və kollektiv qarşısında proqram xarakterli çıxışı şagirdlərin vətənə sədaqət ruhunda tərbiyəsi, milli dəyərlərin qorunması, innovasiyaların, müasir texnologiyaların tətbiqi üzrə qarşıya qoyduğunuz vəzifələr təhsil işçilərinin məsuliyyətini daha da artırıb. Ölkəmizdə təhsilin inkişafına göstərdiyiniz yüksək diqqət və qayğıya görə, cənab Prezident, çoxminli təhsil işçiləri adından Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Əlamətdar haldır ki, Cəbrayıl rayonunun bərpa olunmuş Cocuq Mərcanlı kəndində də sentyabrın 15-də yeni məktəb fəaliyyətə başlayıb, bütün məktəblərdə ilk dərslər Cocuq Mərcanlının bərpası, sakinlərin doğma yurduna qayıtması, dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətinə həsr edilib. Bu hadisə ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə verib.

Strategiyaya uyğun olaraq, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər 2017-ci ildə də davam etdirilib, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb, beləliklə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb.

Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradıb. Belə ki, cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 49 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə üç dəfə çoxdur. Şəffaf və obyektiv təşkil edilən müsabiqə nəticəsində 5 min 644 müəllim işə qəbul edilib.

Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Bu il qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib.

Cənab Prezident, məktəbəhazırlığın uşaqların gələcək inkişafı və təhsilində müstəsna rolu nəzərə alınaraq, ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların 55 faizi təhsilə cəlb edilib, cari ildə isə 65 faizə çatdırılması nəzərdə tutulub. 2020-ci ilədək bu rəqəmin 90 faizə yüksəlməsi planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.

Bakı şəhərində birinci siniflərə şagird qəbulu prosesi tam elektronlaşdırılıb, elektron xidmət vasitəsilə 50 minə yaxın uşaq paytaxt məktəblərinə qəbul edilib. Son illərdə birinci siniflərə qəbul xeyli artıb. Belə ki, 2013-cü ildə bu göstərici 138 min təşkil edirdisə, bu il birinci siniflərə 165 min uşaq qəbul olunub.

Strategiyada təhsilin keyfiyyətinin başlıca prioritet elan olunduğu nəzərə alınaraq, 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək.

Təhsilə göstərilən dövlət qayğısı, yaradılmış əlverişli şərait nəticəsində son illərdə ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam etməkdədir. Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.

Şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə bir neçə il bundan əvvəl tam orta təhsil səviyyəsində başlanmış təmayülləşmənin əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənərək 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib.

İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib, bu məqsədlə olimpiada hazırlıq mərkəzləri yaradılıb. Cari ildə respublika fənn olimpiadalarına 30 minədək şagird qatılıb ki, bu da ötən ilə nisbətən 9 faiz çoxdur. 2017-ci ildə Azərbaycan məktəbliləri dünya fənn olimpiadaları və bilik müsabiqələrində 2 qızıl, 6 gümüş və 32 bürünc medal qazanıblar.

Ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib. Cari ildə ali məktəblərə 37624 nəfər qəbul olub. Tələbə adını qazanmış abituriyentlərin bilik səviyyəsinin yüksəlməsini aşağıdakı rəqəmlər ifadə edir. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb.

Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olanların sayı 36 faiz artıb. Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib.

Universitetlərin akademik və elmi fəaliyyətdə çevikliyinin, eyni zamanda, müasir korporativ idarəetmə modellərinin tətbiqini təmin etmək üçün müvafiq sərəncamlarınızla Bakı Mühəndislik, Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad universitetlərinə publik hüquqi şəxs statusu verilib.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan 118 tələbəyə təhsil krediti təqdim edib. Onu da bildirirəm ki, cari tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz təqdim olunacaq. Bununla belə, proqramın genişləndirilməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur.

Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir yataqxana kompleksinin tikintisinə başlanıb. Yataqxana növbəti dərs ilində tələbələrin istifadəsinə veriləcək.

Bu qəbildən olan digər məsələlərdən biri kimi, ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsini nəzərdən keçiririk. Belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməklə yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının reallaşdırılmasına, biliklərin kommersiyalaşdırılmasına və müasir tədqiqat avadanlıqlarından daha səmərəli istifadəyə imkan verər.

Bu il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulundan 10 il keçir. Hazırda proqram üzrə 650 tələbə təhsilini davam etdirir.

Zati-alilərinizin təşəbbüsü ilə yaradılmış və vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradan Azərbaycan-Fransız Universitetinin (UFAZ) sentyabrın 15-də bərpa işlərindən sonra tədris binasının açılışı olub. Bu təhsil ocağına əcnəbi vətəndaşların marağını xüsusilə qeyd etmək istərdim. Belə ki, burada artıq iki xarici tələbə öz vəsaiti hesabına təhsil alır.

Qeyd etmək istərdim ki, “Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi məhz yuxarıdakı prinsiplər əsasında hazırlanıb. Əvvəlki “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan fərqli olaraq, yeni proqramda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub.

İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Sizin 2016-cı il 20 aprel tarixli Fərmanınızla Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə mühüm addım olub.

Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində Bakı, Gəncə və Qəbələdə müasir peşə təhsil mərkəzləri inşa edilib, Mingəçevir və Quba şəhərlərində “ASAN həyat” komplekslərində fəaliyyət göstərəcək “ASAN peşə” təhsil mərkəzlərinin yaradılması işlərinə başlanılıb. Peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması tədbirləri çərçivəsində 34 müəssisənin bazasında 14 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Təhsilalanların keyfiyyətli tədris resursları ilə təminatı sahəsində BP şirkəti, UNDP, Avropa İttifaqı və Britaniya Şurasının dəstəyi, yerli və xarici ekspertlərin iştirakı ilə kənd təsərrüfatı və turizm ixtisasları üzrə yeni kurikulum, dərs vəsaitləri hazırlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ötən ildən Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırılan “ASAN peşə” layihəsi 2017-2018-ci tədris ilində ölkəni tam əhatə edib, ilk peşə-ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu yolu ilə 11 min 684 nəfər qəbul olunub. Qəbulda iştirak edənlərin keyfiyyət göstəriciləri üzrə cari ildə müsbət dəyişikliklər müşahidə olunub, sənəd verənlərin arasında attestat qiymətləri “4” və “5” olanların sayı ötən illə müqayisədə üç dəfə çox olub.

Əmək bazarının tələbatının daha dolğun təmin edilməsini, iqtisadiyyatın prioritet inkişaf istiqamətlərini, xüsusilə rayonların ixtisaslaşmasını nəzərə alaraq, cari tədris ilindən mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində 22 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına start verilib.

Bununla belə, peşə təhsili sistemində bir sıra problemlər də mövcuddur ki, bunlar Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasına mane olur. Maddi-texniki bazanın köhnələrək tam sıradan çıxması, peşə-ixtisas təhsili sistemində çalışanların əməkhaqqının əmək bazarında uyğun ixtisaslar üzrə əməkhaqqı səviyyəsindən xeyli aşağı olması bu sahədə mövcud olan ən ciddi problemlərdəndir.

Cənab Prezident, Sərəncamınıza əsasən növbəti ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq. Fürsətdən istifadə edərək, Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni diqqətdən keçirməyinizi Sizdən xahiş edirəm.

Möhtərəm cənab Prezident, oktyabrın 3-də Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi fəxri adlara və dövlət təltiflərinə layiq görülüb. İcazə verin, çoxminli təhsil işçiləri adından göstərdiyiniz diqqət və etimada görə Sizə ən dərin minnətdarlığımı bildirim.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh MƏMMƏDOV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident.

İcazənizlə, çıxışımı müstəqil dövlətimizin banisi və qurucusu ulu öndər Heydər Əliyevin kəlamı ilə başlayım. Ümummilli Liderimiz deyirdi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”.

Məhz bunun bariz nümunəsidir ki, 2017-ci ilin sentyabr ayının 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışınızda ölkəmizdə aparılan uğurlu islahatlardan danışarkən, respublikamızda son illərdə 11 min kilometr uzunluğunda müasir avtomobil yolları çəkilməsini xüsusi olaraq vurğuladınız.

Möhtərəm cənab Prezident, Sizin 2015-ci il 28 dekabr tarixli Sərəncamınız Azərbaycanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin daha çevik həllinə güclü təkan verib.

İcazənizlə diqqətinizə çatdırım ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın ümumi istifadədə olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir.

Yuxarıda qeyd edilən Sərəncamınızdan keçən dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü və 8 piyada keçidi tikilib.

Siz, həmçinin yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək, bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanmısınız, bu dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarınızı vermisiniz.

İdman ölkəsi kimi tanınan respublikamızda və onun paytaxtı Bakı şəhərində uğurla keçirilmiş mötəbər beynəlxalq idman yarışları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən bu dövr ərzində cəmiyyətimizə verilmiş bütün tapşırıqlar da vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.

Möhtərəm cənab Prezident, bu ilin yanvar ayında Sizin sədrliyinizlə keçirilən 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda kəndlərarası 40 avtomobil yolu layihəsinin həyata keçirilməsi məsələləri kollektivimiz qarşısında mühüm tapşırıq kimi qoyulub.

Sizin imzaladığınız 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb.

Diqqətinizə çatdırmaq istəyirəm ki, bu günə kimi, Cəmiyyətimiz tərəfindən 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 kilometr olan 56 layihənin icrası uğurla başa çatdırılıb.

Cənab Prezident, Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2016-cı ilin aprelində düşmənin nəzarəti altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi nəticəsində yaşamaq üçün təhlükəsiz əraziyə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən 9 kilometr uzunluğunda yolun bərpası ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamınız uğurla yerinə yetirilib və iyunun 14-də Sizin iştirakınızla yolun açılış mərasimi keçirilib. Tapşırığınıza uyğun olaraq, bu istiqamətdə Bəhramtəpə-Horadiz-Mincivan magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir və cari ilin sonunda başa çatdırılacaq.

Arzu edirik ki, işğal olunmuş digər ərazilərimiz də tezliklə azad olunsun və bu bölgələrin yollarının bərpası ilə bağlı tərəfinizdən növbəti sərəncamlar imzalansın.

Möhtərəm cənab Prezident, bildiyiniz kimi, ölkəmiz avtomobil yolları ilə beynəlxalq yükdaşımaların həyata keçirildiyi mühüm coğrafi mövqedə yerləşir. Avropadan Asiyaya Azərbaycan ərazisindən keçən tranzit avtomobil yolları üzrə daşımalar üç əsas marşrut üzrə həyata keçirilir. Sizin tapşırığınıza uyğun olaraq, bu marşrutlar üzrə yerləşən magistral yolların yenidən qurulması uğurla davam etdirilir.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissənin, həmçinin uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin iki hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Cənab Prezident, işsizliyin aradan qaldırılması istiqamətində Sizin tapşırığınıza uyğun olaraq, 2016-cı ildə Cəmiyyətimizdə 2300 yeni iş yeri yaradılıb, bu iş yerlərinə əksəriyyəti məcburi köçkün və qaçqınlardan ibarət olan vətəndaşlar qəbul edilib ki, bu gün də onlar əmək fəaliyyətlərini uğurla davam etdirirlər.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan bəzi yerlər bizim və aidiyyəti qurumların iştirakı ilə aşkar edilərək tıxaclar aradan qaldırılıb, bu məqsədlə yeni yollar tikilib. Buna misal olaraq Yusif Səfərov küçəsinə paralel, şəhər mərkəzinə doğru salınan yeni yolu, həmçinin Bakı şəhərinə daxil olmadan Sumqayıt şəhərindən keçməklə Abşeron yarımadasının şimal və şimal-şərq hissəsində yerləşən qəsəbələrə çıxışı təmin edən və inşası yekunlaşan dənizkənarı Novxanı-Pirşağı yolunu göstərmək olar. Bu çərçivədə aidiyyəti qurumlarla birgə işlərimiz uğurla davam etdirilir.

Cənab Prezident, çıxışımın sonunda Sizi bir daha əmin edirəm ki, kollektivimiz Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi və müstəqil Azərbaycanın iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edən ən çətin və mürəkkəb yol-tikinti layihələrini bundan sonra da rəhbərliyiniz altında uğurla yerinə yetirməyə daim hazırdır.

Diqqətinizə görə minnətdaram.

X X X

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal KƏRİMLİ çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin sürətli inkişafı, quruculuq-abadlıq işləri, qədim tarixi və mədəniyyət abidələrinin bərpası, yeni koloritli memarlıq nümunələrinin yaradılması, geniş miqyaslı infrastruktur layihələrinin reallaşdırılması, inzibati və yaşayış binalarının tikintisi, paytaxt Bakı şəhərində özünü daha qabarıq göstərir.

Bu gün dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxtımız müasir meqapolislərin əksər xarakterik cəhətlərini özündə cəmləşdirməklə yanaşı, mötəbər beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Cənab Prezident, Sizin apardığınız beynəlxalq siyasət ölkəmizə xarici qonaqların və turistlərin gəlməsini şərtləndirir.

Paytaxtımızın yeni görkəmi nəqliyyat sisteminin təkmilləşdirilməsi zərurətini gücləndirib, paytaxt sakinləri və qonaqlar üçün sərnişin daşınmasının keyfiyyətinin artırılmasını və şəhər nəqliyyatının səmərəli tənzimlənməsini labüd edib. İnkişaf etmiş paytaxtımızda nəqliyyat sahəsində yeni çağırışlara cavab olaraq, 2015-ci ilin dekabrında müvafiq Fərmanınızla Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Agentliyin əsas fəaliyyət istiqamətləri Bakı şəhərinin ərazisində ictimai nəqliyyatın və taksi xidmətinin tənzimlənməsi, yol-tikinti layihələrinə razılıq verilməsi, yol nişanlarının və işıqforların quraşdırılması, yol hərəkəti iştirakçılarını yollardakı vəziyyət barədə məlumatlandırmaqdır. Bununla əlaqədar olaraq, fəaliyyətimiz yerli sosial-iqtisadi reallıq və dünya meqapolislərinin mütərəqqi təcrübəsi nəzərə alınaraq qurulub və işimizdə Sizin göstərişinizlə birinci Avropa Oyunları zamanı cəlb edilmiş beynəlxalq ekspertlərin təklif və tövsiyələrindən geniş istifadə olunub. Tapşırığınıza uyğun olaraq, ilk növbədə, Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması təhlil edilib.

İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox avtobusu isə təmir edərək istismara veriblər.

Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var.

Bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb. Sizin təşəbbüsünüzlə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 300, digər daşıyıcılara məxsus 150, ümumilikdə, 450 avtobusda, həmçinin hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir.

Agentliyin tabeliyində yaradılmış Sürücü Təlim Mərkəzində avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi hazırlıq keçirilməsinə başlanılıb. Təlimlərə yalnız yaşı, peşəkarlığı və sağlamlığı imkan verən sürücülər buraxılır. Təlimdə sürücülərə zəruri qanunvericilik, mədəni rəftar, psixoloji dərslər, avtobusda təhlükəsiz və ehtiyatlı idarəetmə üzrə təcrübi və nəzəri mövzular tədris olunur. Təlim keçmiş sürücülərin Agentliyin Vahid Məlumat Bazasına daxil edilməsi və daşıyıcılara məhz bu sürücülərin işə götürülməsi tövsiyə olunacaq.

Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur. Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır.

Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür.

Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə verib və nəqliyyat axının optimallaşdırılması üzrə işlərin davamı olaraq, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb. Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub. Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək.

Bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb. Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir. “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır.

Paytaxtımızın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə 1100 ədəd piyada keçidinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. Bu baxımdan piyada keçidlərində işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir.

Eyni zamanda, şəhərin ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb. 74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb.

Əhalinin məlumatlandırılması məqsədi ilə ALO141.az multifunksional portalı üç dildə – Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. Veb-saytda “gediş planı” bölməsində istifadəçilərə səfərlərini əvvəlcədən planlaşdırmaq üçün sadə üsullar təqdim edilir, piyada, avtobusla və ya metro ilə gedilən məsafə, dayanacaq sayı, şəxsi avtomobillə gedilən yol və sərf edilən vaxt göstərilir. Saytın “Avtobuslar” bölməsində istənilən marşrutun nömrəsini seçməklə, onun getdiyi yol, əsas dayanacaqlar və xəttin uzunluğu, “Yollarda vəziyyət” bölməsində paytaxt yollarındakı sıxlıq barədə məlumat almaq mümkündür. Gələcəkdə saytın mobil tətbiq etməsinin hazırlanması nəzərdə tutulur. Bundan başqa, Agentliyin 107.7 FM radiosu hər 30 dəqiqədən bir yollardakı vəziyyət barədə dinləyicilərə informasiya verir, maarifləndirici verilişlər isə nəqliyyatda qanuni və mədəni davranışa çağırışlar edir.

Cənab Prezident, qarşımızda qoyduğunuz tələbləri icra etmək üçün Agentliyin publik hüquqi şəxs statusunda Nizamnaməsinin təsdiq edilməsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Agentliyin balansına verilməsinin sürətləndirilməsi, Bakı şəhərinin nəqliyyat sisteminə və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinə bilavasitə təsir göstərən yol-təmir işlərinin Agentliklə razılaşdırılması, yol nişanlarının, işıqforların, avtobus və taksi dayanacaqlarının dislokasiyası və quraşdırılması, habelə mövcud işıqforların vahid mərkəzdə birləşdirilməsi və ya əlaqəli şəkildə idarə olunması müstəsna əhəmiyyət kəsb etdiyindən Sizin dəstəyinizə ehtiyac duyuruq.

İcazə verin, Sizi əmin edim ki, Bakı Nəqliyyat Agentliyinin kollektivi səlahiyyətləri çərçivəsində Bakı şəhəri əhalisinin və şəhərin qonaqlarının ictimai nəqliyyat ehtiyaclarının həllində öz səylərini əsirgəməyəcək və bu müşavirədə verəcəyiniz tapşırıqların icrasını təmin edəcək.

Diqqətinizə görə təşəkkür edirəm!

X X X

Azərbaycan Prezidenti iclasda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

– İlin sonuna üç aydan az vaxt qalır. Bu müddət ərzində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Bu il Dövlət İnvestisiya Proqramı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır.

Maliyyə məsələləri ilə bağlı heç bir problem yoxdur. Büdcə göstəriciləri yaxşıdır, tam icra edilir. Ona görə, investisiya proqramının icrası əlbəttə ki, təmin ediləcəkdir. Mən buna şübhə etmirəm.

Gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə, hesab edirəm ki, gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələyə də baxılacaqdır.

Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Mənə məruzə edilib. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait – bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin.

Yol infrastrukturu ilə bağlı görülmüş işlər haqqında burada məruzədə göstərildi. Qeyd etməliyəm ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısı təbii ki, icra ediləcək. Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınmış və indi icrası gedən layihələr arasında Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmamışdır. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalmışdır. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək.

Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur.

Ona görə, bunu deyirəm ki, biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində yeni təkliflər gəlir və bu təkliflər də həmişə təmin edilir. Ona görə, bizim əsas fəaliyyət istiqamətimiz də bundan ibarətdir ki, Azərbaycan xalqının maraqlarını təmin edək, xalqı narahat edən məsələlər öz həllini tezliklə tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın.

Mən giriş sözümdə qeyd etdim ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, – əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, – kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir.

Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, – bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, – və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır.

Onu da qeyd etməliyəm ki, bu il yerlərdən gələn təkliflər nəticəsində bir neçə önəmli layihənin icrasına başlanılıb. Şəmkirçay su anbarından kanalın Goranboy rayonuna qədər uzadılması, Neftçala su kanalının tikintisinin davam etdirilməsi və digər layihələr on minlərlə hektar yeni torpaq sahəsinə suyun verilməsini təmin edəcək. Əlbəttə ki, Taxtakörpü su anbarının mövcudluğu və yeni kanalların çəkilməsi Xızı, Siyəzən, Şabran rayonlarındakı böyük torpaq sahələrinə suyun verilməsini təmin edəcək.

Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq – bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.

Bir daha demək istəyirəm ki, müşavirələrdə bütün rəqəmlər qeyd edildi, qarşıya hədəflər qoyuldu. Həmin rəqəmləri və hədəfləri təkrar etmək istəmirəm. Əsas odur ki, bu proqramların çox operativ icra mexanizmləri və maliyyə resursları təmin edilməlidir.

Hesab edirəm ki, bu il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olmuşdur. Bu il artıq 8 min texnika gətirilib. Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək. Deməliyəm ki, mən indi bölgələrdə olarkən texnika ilə bağlı heç bir şikayət, yaxud da əlavə təklif yoxdur. Biz demək olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi texnikanın alınması davam etdirilməlidir və biz bunu edəcəyik. Amma prinsipcə hesab edirəm ki, biz bu problemi də köklü şəkildə həll etmişik.

Heyvandarlığın sürətli inkişafı da prioritetlərdən biridir. Bu il bu istiqamətdə çox işlər görülüb və gələn il də görüləcək. Əlbəttə ki, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və ətçilik sahəsində daha da böyük uğurlara nail ola biləcəyik. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Çünki bizdə bu sahədə bu qədər ki, inkişaf gözlənilir, mövcud istehsal gücü bizi qane etməyəcək.

Bölgələrdə logistik mərkəzlərin tikintisinə başlanılmışdır. Biz əslində artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıbdır. İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünki biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, – indi mən bu barədə də danışacağam, – və belə olan halda, mütləq böyük logistik mərkəzlər tikilməlidir. Onlardan birini mən Şəmkir rayonunda olarkən görmüşəm. Əslində o logistik mərkəzin təməlini də mən qoymuşam. İndi deyə bilərəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılıbdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır – Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq.

İstixanaların salınması Azərbaycanda çox geniş vüsət alıb. Çox şadam ki, mənim çağırışım və tövsiyələrim reallaşır. Mənə bu yaxınlarda verilən məlumata görə, biz bu təşəbbüsü irəli sürəndən sonra hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Onların bir hissəsi istifadəyə verilib, böyük hissəsi isə hələ yaradılmaqdadır. İndi təsəvvür edin, məhsuldarlıq yüksək olan 400 hektarda yeni istixanalar yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, bizim ixracımız daha da artacaq. Əlbəttə ki, böyük logistik mərkəzlərin yaradılması da bu potensiala uyğun şəkildə nəzərdə tutulmalıdır.

Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir.

Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır.

İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər – anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər – həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar. Bu zonaların çox böyük potensialı var. Çünki bizim, – mən bu barədə dəfələrlə demişəm, – bir neçə ənənəvi sənaye mərkəzimiz var – Bakı, Sumqayıt, Gəncə, indi Mingəçevir şəhərləri və digər bölgələr. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək.

Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlanmışdır. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. Ona görə, göstəriş verilib, bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq. Bu məsələ təhlil edildi və gördük ki, burada da xaotik bir vəziyyət yaranıbdır. Bizim cəmi bir və ya iki yerdə yun qəbulu məntəqəmiz var. Onlar da elə vəziyyətdədir ki, heç olmasa idi, bəlkə bundan yaxşı idi. Ona görə, yeni, müasir məntəqələr yaradılacaq. Rayonlar müəyyən edilib, vəsait nəzərdə tutulub, bu, birinci məsələ. İkincisi, Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq. Əlbəttə ki, biz bundan sonra xarici bazarlara çıxışı təmin etməliyik. Bunun üçün yəqin ki, sərgilərdə, beynəlxalq tədbirlərdə daha fəal iştirak etməliyik. Həmçinin reklam xarakterli tədbirlər də görülməlidir ki, Azərbaycan öz milli sənətini dünyaya təqdim etsin.

Tikinti sektorunda canlanma gedir. Bu, tikinti materialları sektoruna da müsbət təsir göstərir. Gələn il bu sahədə işlər daha da sürətlə gedəcək. Hazırda Bakı şəhərində 95 yaşayış binası tikilir. Bu binaların özəlliyi ondan ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə olan binaların, bəzi hallarda daxmaların yerində tikiləcək. Orada yaşayan vətəndaşlara kompensasiya ödənilir, yaxud da ki, kirayə pulu verilir. Sonra onlar daha da böyük mənzillərlə təmin ediləcəklər. Artıq bir layihə icra edilib. Orada əvvəllər yaşamış və bu gün yaşayan sakinlər çox razıdırlar. Onlara təmirli, müasir və daha böyük həcmli mənzillər verilmişdir.

Bu, həm sosial, həm də iqtisadi layihədir. Bunun tikinti sektoruna çox böyük təsiri var. Eyni zamanda, MİDA-nın – Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda böyük şəhərcik tikilir. Gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi icra olunsun.

“ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq. Şəki və İmişli şəhərlərində isə gələn il yeni mərkəzlərin açılması nəzərdə tutulur. Mən hesab edirəm ki, gələn il əlavə bir neçə şəhərdə “ASAN xidmət” mərkəzlərinin tikintisi başlanmalıdır. Çünki bu layihənin çox böyük səmərəsi var, xalq tərəfindən yüksək qiymətləndirilir, bəyənmə əmsalı 100 faizə yaxındır. Ona görə biz çalışmalıyıq ki, bütün bölgələrdə, – indi biz buna yaxınlaşırıq, – bundan sonra hər bir yerdə “ASAN xidmət” fəaliyyət göstərsin.

“ASAN” öz funksiyalarını genişləndirir. İndi kommunal xidmətlər göstərilir. “ABAD mərkəz”lər yaradılır. Mən Masallıda, Balakəndə olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə də tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər.

Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.

Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır – 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar.

İndi isə mən bu il qeyri-neft ixracımızla bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, Azərbaycan ictimaiyyəti görsün, bizim işimiz necə gözəl nəticə verir. Bu rəqəmlər səkkiz ayı əks etdirir. Doqquz ayın rəqəmləri, yəqin ki, bir qədər sonra məlum olacaq. Yəni, indi səkkiz ayın göstəriciləri Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Deməli, ixracımız hansı səviyyədə artıb? Tərəvəz istehsalı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.

Sənaye məhsulları – qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə.

Bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.

Ölkəmizin ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər. Xalq-iqtidar birliyi həmişə olduğu kimi möhkəmdir. İqtisadi göstəricilər, – bu gün müşavirədə bu göstəricilər səsləndi, – hər bir ölkə üçün nümunə ola bilər. Perspektivlərimiz bunlardır – sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi. Bunlar yalnız sadaladığım əsas istiqamətlərdir.

Ona görə əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq. Sağ olun.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna