Təkrar ali təhsil və Yenidənhazırlanma təhsili – bütün sualların cavabı

07 AVQUST 2017 | VIEWS:
12500

UNEC-də Təkrar ali təhsil və Yenidənhazırlanma təhsilinə qəbul prosesi sentyabrın 10-a kimi uzadılıb. Təhsilin hər iki formasına olan marağı, UNEC-ə ünvanlanan sualları nəzərə alaraq, UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev ilə müsahibəni təqdim edirik:

– Səbuhi müəllim rəhbərlik etdiyiniz mərkəzin “Əlavə təhsil” şöbəsində əlavə təhsilin hansı istiqamətləri üzrə qəbul aparılır?

–  İlk növbədə əlavə təhsilin mahiyyəti ilə bağlı bir neçə kəlmə deyim. Əlavə təhsil müasir şəraitdə hər bir vətəndaşın əmək bazarında yüksək rəqabətqabiliyyətliliyə malik ola bilməsi üçün fasiləsiz təhsil almaq imkanını təmin etməklə onun yeni peşələrə, ixtisaslara yiyələnməsi, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət edir. Eləcə də onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması vəzifələrini daşıyır. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş əlavə təhsil almaq hüququna malikdir.

Azərbaycanda əlavə təhsilin ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətləri vardır ki, bunlar da Nazirlər Kabinetinin 163 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda öz əksini tapmışdır.

Qeyd etdiyiniz kimi UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin fəaliyyətinin istiqamətlərindən biri də əlavə təhsillə bağlıdır. Hazırda UNEC-də bu istqamətlərdən ikisi – kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri reallaşdırılır. Bu iki istiqamət üzrə təhsil alan şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.

– Siz UNEC-də reallaşdırılan Yenidənhazırlanma təhsili və Təkrar ali təhsil haqda danışdınız. Bunların fərqi nədədir və bu təhsil formaları üzrə təhsil müddətləri nə qədərdir?

– Təkrar ali təhsil ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda seçilən təhsil istiqamətidir. Yəni, tamamən ayrı-ayrı sahələr olanda bu təhsili almaq mümkündür. Məsələn, jurnalistika üzrə təhsil alan şəxs maliyyə ixtisasına yiyələnmək istədiyi halda təkrar ali təhsil istiqamətini seçə bilər. Kadrların yenidənhazırlanma təhsili isə müraciət edən vətəndaşın ilkin baza təhsili proqramları ilə yenidən əldə etmək istədiyi ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mümkündür. Yəni, bu, bir sahənin daxilində ayrı-ayrı ixtisaslara yiyələnmək istəyən şəxslər üçün əlverişlidir. Məsələn, mühasibat uçotu ixtisası üzrə təhsil almış şəxs müraciət edib, maliyyə ixtisasına yiyələnə bilər.

Təkrar ali təhsildə təhsil əyani və qiyabi formalarda həyata keçirilə bilər. Tədris isə adətən ikinci kursdan başlanır. Bu, ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqdən asılıdır. Fənlərin fərqi imkan verdiyi halda, yəni təkrar ali təhsili təqdim edən ali təhsil müəssisəsi tərəfindən baza ixtisas təhsilinin proqramı ilə yeni əldə etmək istənilən ixtisas proqramının fənn, saat və fənlərin məzmunu fərqi müəyyənləşdirilən zaman fərq sayı çox olmazsa, tələbə təhsilə üçüncü kursdan da başlaya bilər. Yenidənhazırlanma təhsilində isə tədris müddəti bir ildir. Dərslər Azərbaycan dilində və ancaq əyani formada aparılır.

– Yenidənhazırlanma təhsili və Təkrar ali təhsilə UNEC-də qəbul qaydaları barəsində geniş məlumat verməyinizi istərdik. Bu sahədə son illər hansı yeniliklər tətbiq edilməkdəkir?

– Son üç ildə UNEC-də tədris prosesində müasir və innovativ texnologiyaların tətbiqi və tədrisin elektronlaşdırılması istiqamətində böyük layihələr reallaşdırılmaqdadır. Artıq ikinci tədris ilidir ki, vahid elektron idarəetmə platforması olan “Elektron Universitet Modeli”nin və EDUMAN sisteminin istifadəsinə başlanılıb ki, burada da əsas hədəf şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.

UNEC-də görülən bütün bu işlər əlavə təhsilə qəbul prosesində də öz əksini tapıb və 2014-cü ildən başlayaraq əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu prosesi tamamilə elektronlaşdırılaraq internet vasitəsilə həyata keçirilməyə başlanıb. Hazırda mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxs www.kabinet.unec.edu.az linkinə daxil olmaqla özünə şəxsi kabinet açaraq tələb edilən sənədləri birbaşa oraya yükləyə bilər. Bu, həm vaxta qənaət edir – istənilən vətəndaşın əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib universitetə gəlməsinə ehtiyac qalmır, müvafiq sənədlər elektron formada göndərilir, həm də qəbul prosesinin tam şəffaf və obyektiv aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaratmış olur.

– Sənədlər kabinet.unec.edu.az saytı vasitəsi ilə UNEC-ə təqdim ediləndən sonrakı proses hansıdır?

– İstər yenidənhazırlanma təhsili, istərsə də təkrar ali təhsil almaq üçün müraciət edənlərin sənədlərinin qəbulu və emal edilməsi üçün UNEC rektorunun sədrliyi ilə xüsusi “Sənəd qəbulu komissiyası” fəaliyyət göstərir. Müraciət edən şəxslərin baza diplomlarının həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndəririk. Yenidənhazırlanma təhsili almaq üçün müraciət edənlərin baza təhsili diplomlarının uyğun olub-olmaması ilə bağlı müvafiq qaydada yoxlamalar aparılır və fənn fərqi imkan verən şəxslərin yenidənhazırlanma təhsili almasına icazə verilir. Təkrar ali təhsildə də həmçinin, müraciət edənlərin baza diplomlarının həqiqiliyi ilə bağlı Təhsil Nazirliyinin razılığı  əldə edildikdən sonra müraciət edən şəxslər tələbələrimiz sırasına qəbul edilmiş olur. Bilirsiniz ki, sənəd qəbulu sentyabrın 10-dək uzadılıb. İndi sənədlər sistemə yükləndikcə, komissiya mütəmadi olaraq məlumatların emalını həyata keçirir. Sentyabrın 11-dən sonra nəticələr açıqlanacaq.

– Yenidənhazırlanma və təkrar ali təhsildə hansı ixtisaslar var və təkrar ali təhsil almaq üçün müraciət edənlər əsasən hansı ixtisasları seçirlər?

– Yenidənhazırlanma təhsili üç ixtisas üzrə aparılır – ali təhsil bazasında Dünya iqtisadiyyatı və Maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə Maliyyə işi ixtisası. Təkrar ali təhsilə qəbul isə UNEC-də bu gün mövcud olan 22 ixtisasın hamısı üzrə aparılır. Tədris yenidənhazırlanma təhsil üçün ayrıca yaradılan qruplarda, təkrar ali təhsildə isə müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir. Onu da qeyd edim ki, yenidənhazırlanma diplom tək qüvvədə sayılmır. O hökmən ilk baza diplomu ilə birlikdə təqdim edilməlidir.

Ümumilikdə bu il əvvəlki illərə nəzərən bütün ixtisaslara maraq böyükdür. Əgər əvvəlki ildə əmək bazarınıda əsas maraq doğuran  ixtisaslara – Maliyyə, Mühasibat uçotu və audit, Dünya iqtisadiyyatı üzrə daha çox müraciət qeydə alınırdısa, bu il həmin ixtisaslarla yanaşı müraciət edənlər arasında İqtisadiyyat, Marketinq, Menecment, texniki istiqamətli ixtisaslardan isə Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasına maraq güclüdür.

Bildirim ki, ötən il təkrar ali təhsil almaq üçün qəbul olanların və təkrarən tələbə adını qazananların sayı 46 nəfər olmuşdur. Onlardan 45 nəfəri qiyabi, yalnız 1 nəfəri əyani əsaslarla təhsil formasını seçmişdir. Qeyd edək ki, 2015-ci ildə təkrar ali təhsil almaq üçün qəbul olanların sayı 35, 2014-cü ildə isə 21 nəfər olmuşdur. Fikrimizcə statistikadan da göründüyü kimi UNEC-də tətbiq edilən yeniliklərin, tədris prosesinin müasirləşdirilməsi və yeni şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılması məqsədilə həyata keçirilən islahatların nəticəsi kimi qəbul sayı hər il artmaqdadır və bu il də bu tendednsiyanın davam edəcəyi gözləniləndir.

12501 5