Təhsil Nazirliyinin təşəbbüsü ilə “Thomson Reuters” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iki gün seminar keçib.
İlk seminarı“Thomson Reuters” şirkətinin Moskva filialının rəhbəri Valentin Boqorov aparıb. Seminarda V.Boqorov “Web of Science” platformasından səmərəli istifadə olunması barədə məlumat verib. “Web of Science” platformasının əsasən, biblioqrafik məlumatın axtarışı üçün nəzərdə tutulan kompüterləşdirilmiş proqram vasitəsi olduğunu bildirib. V.Boqorov qeyd edib ki, axtarış funksiyasından başqa, bu platforma üzərindən elmi məhsul vahidləri sayılan məqalə, beynəlxalq konfrans materialları, nüfuzlu nəşriyyatlarda nəşr edilən kitablar haqqında biblioqrafik məlumatları tapmaq mümkündür. Bundan əlavə, platforma imkan verir ki, elmi məhsul vahidinə edilən istinadların həm sayı, həm də istinad edən elmi məhsul vahidlərinin müfəssəl siyahısını əldə etmək mümkün olsun. Bu platforma elmmetriya sahəsində istifadə edilən ən populyar vasitə hesab olunur.
“Thomson Reuters” şirkətinin Moskva filialının təhsil üzrə mütəxəssisi Marqarita Sidorova keçdiyi seminarda nüfuzlu jurnallarda dərc olunan 55 milyondan çox çap materiallarının və kitabların “Web of Science Core Collection” toplusunda axtarmaq imkanları barədə məlumat verib. Bildirib ki, bu topluda müxtəlif sahələr üzrə – təbiət elmləri, humanitar, sosial elmlər, incəsənət sahələrini əhatə edən məlumatların tapılması mümkündür. Saytda olan biblioqrafiya siyahısında nəşrlər arasında ekspertlər tərəfindən müəyyən edilmiş fənnlər üzrə əlaqələr də əks olunub.
Seminarda axtarış vasitələrindən istifadənin daha səmərəli yollarından danışılıb, saytdan istifadə əyani olaraq nümayiş etdirilib.
UNEC-in kafedra müdirləri, elmlər doktorları və professorlarının iştirak etdiyi seminar elmi fəaliyyətin stimullaşdırılması və universitetin iqtisadi tədqiqatlar mərkəzinə çevrilməsi məqsədilə keçirilib.
Qeyd edək ki, UNEC-də “Thomson Reuters” də daxil olmaqla, dünyanın nüfuzlu elmi platformalarına elektron qaydada çıxış imkanlarına malik müasir kitabxana yaradılır.