UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə keçirilən seminar “Ali təhsilin keyfiyyət indikatorlarının qarşılıqlı asılılıqlarının qiymətləndirilməsi” mövzusuna həsr edilib.
İAETİ-nin direktoru, professor Yadulla Həsənli institututda müntəzəm keçirilən elmi seminarlarda qaldırılan məsələlər barədə iştirakçılara məlumat verib, iştirakçıları gələcək seminarların mövzuları ilə tanış edib.
Məruzəçi, İAETİ-nin şöbə müdiri, dosent Murad Bağırzadə 2017-ci ildə yekunlaşan elmi tədqiqatların ilkin nəticələrindən bəhs edib, ali təhsildə keyfiyyət məfhumunun tədqiqi və istifadəsinin dünya təcrübəsi kontekstində perspektiv yanaşmalar və təhlil modellərini işıqlandırıb. Araşdırmada ali təhsildə keyfiyyətin indikatorlar sistemi kimi təqdim edilməsi, təhsilə meyllilik, giriş, proses və nəticə indikatorlarının faktorlardan asılılıqlarının modelləşdirməsi xüsusiyyətləri, geniş statistik məlumat bazalarından səmərəli istifadə üsullarının tətbiqi imkanları əsaslandırılıb. Sonda məruzəçi əldə edilən elmi nəticələrin xülasəsini iştirakçılara təqdim edib.
Seminarda “Sosial sferanin iqtisadiyyati və idarə olunması” kafedrasının müdiri, professor Ə.Əlirzayev, “Maliyyə və maliyyə institutları” kafedrasının professoru M.Bağırov, “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının dosenti İ.Rzayeva, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru, dosent R.Qasımov və başqaları mövzu ətrafında müzakirə aparıb, təkliflər səsləndiriblər. Təkliflər arasında universitetlərdə tədris prosesinin təşkilinin təkmilləşdirilməsi məsələləri, dərslərin keyfiyyətinin yüksəldilməsi üsulları, məzunların əmək bazarına daxil olmasında adaptasiya mexanizmlərinin səmərəli tətbiqi yollarına dair fikirlər səslənib.