Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra UNEC ilə Bilik Fondunun sifarişi əsasında “Səs” Media Qrupunun hazırladığı “Milli Qurtuluşdan intibaha” filmi nümayiş olunub.
Tədbirdə 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunan 91 nəfər tanınmış ziyalılarından – Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor, ictimai-siyasi xadim Şahlar Əsgərov və YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor Azərbaycan dövlətinin və dövlətçiliyinin real təhlükə ilə üzbəüz qaldığını hamıdan tez dərk edən 91 ziyalının Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında müstəsna rol oynadıqlarını bildirib. Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoyduğunu diqqətə çatdırıb.
Professor Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə olunmasındakı misilsiz xidmətlərindən danışıb. Bu dahi şəxsiyyətin hər bir çıxışı, hər bir kəlamının dərin məntiqə söykənməklə, böyük bir fəlsəfə daşıdığını bildirən Ş.Əsgərov ulu öndərin Azərbaycan xalqının, dövlətinin inkişafı üçün var gücü ilə çalışan, öz həyatını qurban verməyə hazır olan dahi şəxsiyyət olduğunu qeyd edib. Bu dahi şəxsiyyətin fəaliyyəti dövründə Azərbaycan dövlətinin yaşaması, inkişafı üçün gərəkli olan bütün işləri gördüyünü, xaosun qarşısını aldığını, dövləti inkişaf yoluna çıxardığını deyən professor, bugünkü müstəqil Azərbaycan dövlətinin məhz Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və ulu öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. V.Rəhimzadə bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını qeyd edib.
“İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov Ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətindən, milli iqtisadiyyatın təhlükəsizliyinin təmin olunması istiqamətində apardığı uğurlu islahatlardan danışıb. Bu siyasət nəticəsində bu gün Azərbaycanın qlobal böhrandan çıxan lider ölkələr sırasında olduğunu qeyd edib.
Həmin günlərin canlı şahidi olan və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında yaxından iştirak edən, “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının müdiri, professor Əli Əlirzayev Azərbaycan xalqını Qurtuluşa aparan yoldan danışıb.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına üzv olan UNEC tələbələrinə üzvlük vəsiqələri təqdim edilib.
<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5461-bold-red-unec-de-15-iyun-milli-gurtulush-gunu-geyd-olunub-bold-red“></a>