Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Seminar, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilib.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, onun tapşırıq və tövsiyələrinə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və real sektorda artım olub.Ötən 6 ayda qeydə alınan statistik göstəricilər də bunu deməyə əsas verir.
Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev, Texnologiya Transfer Mərkəzinin direktoru AydınHüseynov, baş elmi işçilər Elman İbişov və Salman Nəcəf 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının mövcud durumu və meylləri haqqında danışaraq təkliflərini səsləndiriblər. Bildirilib ki, qlobal böhran şəraitində dünya bazarlarında neftin ucuzlaşması baş verib. Nəticədə ölkəyə daxil olan valyuta axını azalıb. Problemi həll etmək məqsədilə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatı, emal sənayesi və xidmət sferasının inkişafı vacib şərtlərdəndir. UNEC iqtisadçıları turizm sektoru, kənd təsərüfatında pambıqçılıq, tütünçülük və baramaçılığın prioritet seçilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər. Bildirilib ki, bu sahələrə diqqəti artırmaq gələcəkdə ölkəyə valyuta axınını təmin etməyə imkan yaradacaq. Bunun üçün ölkədə hər cür potensialın olduğu qeyd edilib.
Neftdən kənar sahələrin, xüsusən də aqrar sektorun inkişafının vacibliyini vurğulayan iqtisadçılar ölkədə sahibkarlıq mühitinin müasir standartlar səviyyəsində qurulması, emal sənayesinin inkişafına diqqətin daha da artırılması, istehsala tətbiq edilən subsidiyaların son məhsula verilən subsidiya ilə əvəz edilməsi, neft gəlirlərinin, sərmayələrin azaldığı bir dövrdə digər maliyyə mənbələrinin axtarılması, kredit faizlərinin aşağı salınması və digər təkliflərlə çıxış ediblər. Tədbirdə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi yolu ilə perspektivdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin vacibliyi vurğulanıb. Tədbir təkliflərin müzakirəsi ilə davam etdirilib.
Sonda qeyd edilən təkliflərin UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun gələcək elmi araşdırmalarında nəzərə alınması qərarı verilib.