Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədirs ili üzrə yay imtahanlarının növbəti mərhələsi keçirilib.
UNEC İctimai Nəzarət Şurasının üzvləri layihənin icrası və imtahanın gedişi ilə bağlı fikirlərini bildiriblər.
“Trend” İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması üçün “UNEC İctimai Nəzarət Şurası”nın yaradılmasını müsbət hal kimi qiymətləndirib: “Düşünürəm ki, bu, pilot layihə kimi digər ali təhsil müəssisələrində də tətbiq olunmalıdır. Layihənin tətbiqi ictimaiyyətdə yaranan neqativ fikirlərin qarşısını alacaq.Şura üzvləri tanınmış ictimaiyyət nümayəndələri və media rəhbərləridir. Onlar imtahanların təşkili, keçirilməsi və nəticələr barədə ictimaiyyətə doğru- düzgünməlumat çatdıracaq. Obyektivlik tam təmin olunacaq”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov: “UNEC İctimai Nəzarət Şurasının təşkili Azərbaycan təhsili üçün bir yenilikdir. Burada əsas məqsəd sessiyanın monitorinqini aparmaq, nəticələri qiymətləndirməklə yanaşı, valideynləri, ictimaiyyət, KİV, QHT nümayəndələrinin şikayət və təkliflərini dinləmək, cavablandırmaqdır. Təhsilin qarşısında iki əsas məsələ durur: biliyin ötürülməsi və qiymətləndirilməsi. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir.Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq “UNEC İctimai Nəzarət Şurası” bütün bu söz-söhbətlərə son qoya bilər. Mən Şuranın yaradılmasını müsbət qiymətləndirirəm”.
İmtahan prosesi barədə məlumat verən Ş.Əsgərov bildirib ki, UNEC-də imtahanlar yüksək səviyyədə təşkil olunub: “Mən bu gün Şura üzvləri ilə birgə imtahan prosesini izlədim. Ümumi vəziyyət məni qane etdi. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb”.
“Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev imtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşmadığını söyləyib.
Şura üzvləri imtahanlara nəzarət ediyi zaman 146-1-3 Qaynar xəttinə 5 müraciət daxil olduğunu və onların heç birinin imtahanla bağlı olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Şüra üzvləri UNEC-in nəzdində fəaliyyət göstərən Maliyyə İqtisad kolleçində keçiriləcək imtahanlara da nəzarət edəcək.