Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dos.Elçin Eyvazov iştirakçıları salamlayaraq, tədbir barədə ətraflı məlumat verib. O, konfransa ümumilikdə 9 bölmə üzrə 200-dən çox məqalə daxil olduğunu, onlardan 33 məqalənin xarici, 203 məqalənin isə yerli müəlliflər tərəfindən təqdim edildiyini vurğulayıb. Konfransa ABŞ, Avropa, Afrika və başqa ölkələrin müəlliflərinin müracət etdiyini və Konfransın Elm Komitəsinin qərarı ilə 2 hissədən ibarət “Konfrans materialları toplusu” nəşr olunduğunu bildirib. Konfransa təqdim olunan məqalələrdən biri “Scopus Q2” faktorlu jurnalda çap üçün qəbul almışdır.
Sonra UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev çıxışında tədqiqatçıların konfransdakı aktuallığını yüksək qiymətləndirərək, son illərdə UNEC-də beynəlxalq konfransların keçirilməsində fakültələrin təşəbbüsünün təqdirə layiq olduğunu bildirib.
Tokai Universitetinin əməkdaşı dos. Fərhad Tağızadə konfrans iştirakçılarını salamlayaraq, yaşıl iqtisadiyyat məsələlərinin önəmi və aktuallığı barədə geniş məlumat verib.
Konfrans plenar müzakirələrlə davam etdirilib.
Hacı Bayram Vəli Universitetinin professoru Dr.Atilla Gökçe, Çevresel Kuznets Eğrisi nəzəriyyəsinə görə, Azərbaycan və Türkiyə iqtisadi inkişafın ilkin mərhələsində çirklənmənin artması, lakin diversifikasiya və bərpa olunan enerji təşəbbüsləri ilə azalma mərhələsinə keçid nümayiş etdirilməsi barədə məlumat verib.
Keele Universitetinin professor Xihui Chen Media ESG reputasiyası, Çində korporativ enerji innovasiyalarını təşviq edərək şirkətləri daha dayanıqlı və ekoloji məsuliyyətli fəaliyyətə yönləndirməsi barədə çıxış edib.
Dunarea de Jos Galata Universitetinin professoru Florian Nuta çıxışinda enerji təhlükəsizliyi və enerji keçidi, yoxsulluğun azaldılması və insan inkişafının təşviqi üçün dayanıqlı, əlçatan və təmiz enerji mənbələrinə keçirilməsinin zəruriliyini bildirdi.
Balıkesir Universitetinin professoru Mustafa Yasan çıxış edərək, müəyyən qrupların anonim şirkətlərin idarəetmə şuralarında təmsil hüququ, dayanıqlı inkişaf məqsədləri üçün müxtəliflik və inklüzivliyi gücləndirdiyini bildirib.
Riga Technical Universitetinin təmsilçisi Dr.Regina Veckalne Mərkəzi Asiyada qadınların dayanıqlı inkişafın təşviqində əsas rol oynayaraq iqtisadi, sosial və ekoloji sahələrdə irəliləyişə töhfə verməsi haqqında ətraflı məlumat verib.
Dr.Wafa Misrar isə çirkab suların keramika membranlarla təmizlənərək ekoloji cəhətdən təmiz şəkildə təkrar istifadəsinin təmin edilməsi barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, konfrans 17 dekabra qədər davam edəcək.